Ev Turizm Xəbərləri Ruslan Quliyev: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət...

Ruslan Quliyev: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır

Ruslan Quliyev

Turizm və xidmət sektoru hazırda dünya iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Bu sahədə baş verən ardıcıl qlobal iqtisadi böhranlara baxmayaraq, bu imkanlardan yararlanan və potensialı olan ölkələrə səyahət edən insanların sayı da ildən-ilə artmaqdadır. Beynəlxalq səfərlər getdikcə çoxalır. Bu, turizm sektorunu iqtisadi inkişafın mühüm amili kimi möhkəmlədir.

Turizmin inkişafına xüsusi önəm verən və bunun üçün yüksək imkanlara malik olan Azərbaycanda da bu sahə üzrə göstəricilər getdikcə artır.

Bu fikirləri  Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev deyib.

Son illər turizm sahəsi üzrə imzalanan fərman və sərəncamlar ölkədə bu sahənin inkişafına çox böyük töhfələr verməkdədir

“İlk növbədə onu qeyd edim ki, son illər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən turizm sahəsi üzrə imzalanan fərman və sərəncamlar ölkədə bu sahənin inkişafına çox böyük töhfələr verməkdədir. Ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı və “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” ilə bağlı Fərmanı respublikada turizm sektorunun inkişafının yeni və mühüm mərhələsi kimi dəyərləndirilir. Bu sənədlərdəki vəzifələr milli iqtisadiyyatin əsas sektorları kimi turizm sənayesinin də yaxın 10 il ərzində çoxşaxəli və fundamental inkişafının ana xəttini təşkil edəcəkdir. Xüsusən beynəlxalq təcrübəyə əsaslanan turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştləri və imtiyazların tətbiqi rol oynayır. Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə peşə-ixtisas təhsili müəssisələrinin yaradılması, müxtəlif təyinatlı və çeşidli turizm festivallarının təşkili turizm sektoru təmsilçiləri tərəfindən minnətdarlıqla qarşılanır”,- deyə R.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, son illər ölkəmizin böyük miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin nəticəsidir. Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq yeni bir istiqamət kimi tanınır. Artıq Azərbaycanın adı digər sahələrlə yanaşı, turizm istiqamətində də regionun lider dövləti kimi təqdim edilir. Təkcə bu ilin ötən müddətində Bakı UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, artıq 4-cü dəfə “Bakı Avropa Qran-Prisi” adı altında baş tutan “Formula 1” yarışlarına və sair bu kimi beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər zamanı paytaxtımıza və regionlarımıza minlərlə turist səfər edib, gələn qonaqların iştirakı ilə ölkəmizin tanıtımına dair sərgilər, mədəni proqramlar həyata keçirilir, müxtəlif turpaketlər təqdim edilir. Bütün bunlar isə təbii ki, perspektivdə yeni turist axını və ölkə iqtisadiyyatının turizmdən daha çox faydalanması deməkdir.

Turizmin inkişafını stimullaşdıran digər bir səbəb qanunvericilik sahəsində həyata keçirilən tədbirlərdir

Milenium Konqres Turizm şirkətinin rəhbəri bildirib ki, Azərbaycanda turizmin inkişafını stimullaşdıran digər bir səbəb qanunvericilik sahəsində həyata keçirilən tədbirlərdir. 2016-cı ilin iyun ayında dövlət başçısı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərman imzalayıb. 2017-ci ilin yanvarından isə sənədə uyğun olaraq “ASAN Viza” portalı fəaliyyət göstərir. Bu portalın yaradılmasında məqsəd ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi əsas məsələlərdəndir. Müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik və şəffaflığın təmin edilməsi vacibdir. Elektron viza almaq üçün zəruri olan məlumatları daxil edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müəyyən olunmuş dövlət rüsumunu ödəyərək 3 iş günü müddətində vizanı əldə edə bilir.

Artıq “Turizm haqqında” Qanunun 7-1 (Turist vizası) maddəsinə edilən əlavəyə görə elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən gec 3 saat müddətində müraciətə baxılır.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri vurğulayıb ki, ötən il yanvarın 31-də aeroportlarda əcnəbilərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında daha bir müvafiq fərman imzalanıb. Sənədə əsasən 2018-ci il mayın 15-dən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin edir.

Bundan başqa, 2017-ci ildə Milli Məclisdə “Turizm haqqında” yeni Qanunun müzakirələri aparılıb. Qanunun tətbiqi ölkəmizdə turizmin inkişafına öz müsbət təsirini göstərəcək və bir çox istiqamətlərdə müsbət tendensiyaların yaranmasına səbəb olacaq. Qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir.

Ruslan Quliyev deyib ki, qanunun qəbulu ilə bölgələr üzrə brendləşmə yaranacaq, regionda mövcud olan tarixi mədəniyyət abidələrinin qorunması güclənəcək, yerli sakinlərin yaşayış səviyyəsinin yaxşılaşmasına imkan yaranacaq. Eyni zamanda, kiçik və orta sahibkarlığın dəstəklənməsi imkanı yüksələcək, bölgələrdə əl işləri sənətkarlığına maraq artacaq, turizmdə xidmətlərin təhlükəsizliyi təmin olunacaq. Bütün bunların hamısı təbii ki, yeni turist sayı deməkdir.

Azərbaycanın sağlamlıq turizmi sahəsində çox geniş imkanlar mövcuddur

Azərbaycanın sağlamlıq turizmi sahəsində də çox geniş imkanların olduğunu bildirən R.Qiliyev deyib: “Ölkəmizdə mövcud olan termal sular, Naftalan nefti aparılan təbliğat nəticəsində dünyanın əksər ölkələrində populyarlıq qazanıb. Biz Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası olaraq bu istiqamətdə fəaliyyətimizi getdikcə genişləndiririk. Çox maraqlıdır ki, Azərbaycandakı sağlamlıq təsisatlarının heç biri bir-birinə rəqib deyil. Yəni, hərəsi bir dərdin dərmanıdır. Naftalan neftinin dünyada bənzəri yoxdur. Əsasən revmatizm, oynaq, dəri-zöhrəvi xəstəliklərinin müalicəsində istifadə olunur. Qalaaltı suyu böyrək daşlarının düşürülməsində, Duzdağ astma-bronxit xəstələrinin, Masallıdakı istisu mədə-bağırsaq sistemi xəstəliklərinin və s. müalicəsində müstəsna rol oynayır. Çox maraqlıdır ki, Naftalan neftini, mineral suları öz məkanlarından kənara apardıqda, müalicəsi həmin effekti vermir. Ona görə də onların hər birinin təbliğatını elə öz yerlərində aparmaq lazımdır. Əslində bu bizə Azərbaycan Termal və Sağlamlıq Turizminin İnkişafına Dəstək Assosiasiyası olaraq onları təbliğ etməyimiz üçün də heç bir maneə yaratmır. Müxtəlif beynəlxalq tədbirlərdə, sərgilərdə onların hər birini öz xüsusiyyətinə görə geniş təbliğ edə bilirik”.

Ötən il Naftalana müalicə məqsədilə 62 ölkədən 35 min turist gəlib

Assosiasiya rəhbərinin sözlərinə görə, sağlamlıq turizmini digər turizm növlərindən fərqləndirən ən başlıca xüsusiyyət onun ilin bütün fəsillərində rentabelli olmasıdır. Bu turizm növündə gecələmə sayı 7, 14 və 21 gündür. Bu da turistlərin mövsüm və qeyri-mövsümdə ölkəyə cəlb olunmasında böyük əhəmiyyət kəsb edir. Bir faktı nəzərinizə çatdırım ki, təkcə ötən il Naftalana müalicə məqsədilə 62 ölkədən 35 min turist gəlib. Bu, Azərbaycanın yalnız bir müalicə təsisatına gələn turist sayıdır. 

Azərbaycanda hazırda 600-dən çox mehmanxana fəaliyyət göstərir. Bu mehmanxanalardakı yerləşdirmə yerlərinin sayı 33 mini keçir. Təbii ki, ölkəyə gələn turistlərin sayı artdıqca, coğrafiyası genişləndikcə xidmət sektoru da keyfiyyətini artırır. Çünki turist istədiyi keyfiyyətli xidməti görmədikdə, yenidən gəlmir. Xidməti qaldırmaq üçün müxtəlif aidiyyəti dövlət qurumları və ictimai təşkilatlar tez-tez treninqlər, kurslar təşkil edirlər ki, bu da nəticədə öz sözünü deyir.

Azərbaycana gələn turistlərin sayı növbəti illərdə daha da artacaq

Aparılan hər bir təbliğatın, həyata keçirilən layihələrin son nəticəsinin ölkəmizə gələn turistlərin sayının artmasına səbəb olduğunu söyləyən Ruslan Quliyev bildirib. Bunu statistikaya nəzər saldıqda daha aydın görə bilirik. 2019-cu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 28,0 faizi Gürcüstan, 27,4 faizi Rusiya Federasiyası, 11,3 faizi Türkiyə, 9,2 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,4 faizi İraq, 15,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Bununla yanaşı, Misirdən gələnlərin sayı 2,3 dəfə, Hindistandan – 1,8 dəfə, Səudiyyə Ərəbistanından – 1,8 dəfə, Türkmənistandan – 1,6 dəfə, Pakistandan – 1,5 dəfə, Çindən – 46,1 faiz, Yaponiyadan – 32,5 faiz, Gürcüstandan – 22,9 faiz, Omandan gələnlərin sayı isə 17,4 faiz artıb.

Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti deyib: “Təbii ki, ölkəyə gələn turistlərin sayına müvafiq olaraq yerləşdirmə yerlərinin sayı da artır. Hesab edirəm ki, Azərbaycana gələn turistlərin sayı növbəti illərdə daha da artacaq. Bu sahəyə həm dövlət tərəfindən göstərilən yüksək diqqət, həm də özəl sektorun marağı bunu deməyə əsas verir”.