PAYLAŞ
Şəhərdən kəndə

Şəhərin bütün səs-küyündən və tıxacından uzaq yaşıllıqlar qoynunda sadə və səliqəli həyətyanı ev, təmiz hava, qarşıda sarı-qızılı yarpaqlı ağaclarla əhatə olunmuş göl və bu gözəlliklərə baxa-baxa ətirli samovar çayı. Bütün bunlar, rəssamın çəkdiyi tablo, ya da xəyal deyil. Reallıqdır. Əgər təbiət mühitində, kənd həyatında dincəlməyi sevirsinizsə, o zaman “Aqrar” Tədarük və Təchizat ASC şirkətinin töəşkilatçılığı ilə “Şəhərdən kəndə” start verdiyi layihəsi çərçivəsində “Beş mövsüm” tur şirkəti tərəfindən başlanan turlar sizin üçün əla füsrət ola bilər.

Artıq Azərbaycanda aqrar ekoturizm sahəsinə diqqət artmaqdadır. Odur ki, “Aqro” Tədarük və Təchizat ASC şirkətinin həyata keçirdiyi “Şəhərdən kəndə” layihəsinin məqsədi ölkəmiz üçün yeni olan aqrar ekoturizmin təşviq edilməsi, insanlarda bu sahəyə marağın artmasına nail olmaqdır.

Qeyd edək ki, bu il “Şəhərdən kəndə” layihəsinin təqdimat mərasimində çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxışında bu layihənin aqrar sahənin inkişafı vasitəsilə kənd turizminin formalaşmasına yönəlmiş bir fəaliyyət olduğunu bildirmişdi: “Aqroekoturizmin inkişafı iqtisadi-sosial sahələrin inkişafına təkan verməklə yanaşı, ölkələr arası mədəniyyətlərin inteqrasiyasına da töhfə verəcək”.

Layihənin əsas məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılması, yeni xidmət sahələrinin açılması və alternativ satış kanallarının yaradılması, kənd sakinlərinin, kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirlərinin diversifikasiyası, həmçinin, onların ailə bizneslərinə dəstək olmaqdır.

Artıq yaydan başlayan turlar qısa zaman ərzində populyarlıq qazanıb. Bu dəfə media nümayəndələrinin də qatıldığı tur İsmayıllı rayonunun Təzəkənd kəndinə oldu. Bakıdan İsmayıllıya bir neçə saatlıq səyahət zamanı “Beş mövsüm” tur şirkətinin bələdçiləri Məsud ağa və Nərgiz xanımın təşkil etdiyi əyləncəli interaktiv və intellektual oyunlarla vaxtın necə keçdiyinin fərqinə varmadıq.

Nəhayət gəlib Təzəkəndə çatdıq. “Adım Ramtiqdir, bizim kəndə və evə xoş gəlmisiz”—deyə bizi gülərüz gənc qarşıladı. İlk dəfə belə bir ad eşitdiyimdən adının mənasını soruşdum. “Adımı hansısa hind filmindən bəyənib qoyublar.”—deyə gülümsünür gənc. Ramtiqgilin həyətinə daxil oluruq, Sadə və səliqəli kənd evi. Ən önəmlisi isə mehriban və zəhmətkeş ailə–ana, ata, bacı-qardaş.

Təbiətinin gözəlliyi ilə seçilən İsmayıllının bu kəndi də payız olsa da, yaşıllıqlar göz oxşayırdı. 1936-cı ildə salınmış kənd Bakı-İsmayıllı magistral yolunun üzərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, sıx meşə massivinin ətrafında yerləşir. Dağətəyi yerdə olan kənd əhalisinin dolanışıq mənbəyi əsasən təsərrüfat işləridir. Qonağı olduğumuz ailə də həmçinin. Elə ilk dəqiqədən ailənin bağçasından görünən gözəl mənzərə– ətrafı ağaclarla əhatələnmiş göl çəkir. Vəlbinə gölü. Sanki tabloya baxırsan…

İlk turun həyəcanı

Ailənin orqanik məhsullardan hazırladığı tədarüklərlə tanış oluruq. Ramtiqin anası deyir ki, hamısı öz təsərrüfatında yetişdirdikləri meyvə və tərəvəzdən hazırlanıb; cürbəcür mürəbbələr, tərəvəzlər, ağartı məhsulları, yumurta və s. Şəhərdən qonaqlar gələndə onun məhsullarını bəyənib alan da az olmayıb. “Min bərəkət, əkirik, hazırlayırıq. Hamısı öz həyətimizin məhsuludur.”– o deyir.

Ramtiq Alızadə ilə söhbətimizdə “Şəhərdən kəndə” layihəsinə necə qoşulmasını soruşuruq. Həmsöhbətim deyir ki, İsmayıllıda kəndlərinin gözəl mənzərəsi və turistik imkanları var. Layihə haqqında eşidəndə qərara aldıq ki, “Şəhərdən kəndə” layihəsinə biz də qoşulaq. Müraciət etdik, həyətyanı təsərrüfatımızla, həyətimizlə bağlı fotolar çəkib göndərdik, daha sonra mütəxəssislər gəlib bizim təsərrüfatla tanış oldular, bizə öz məsləhətlərini verdilər. Məsləhətlərə uyğun olaraq, dekorativ işlər etdik. Hazır olduqdan sonra qonaqları qəbul etdik. Artıq bir neçə tur çərçivəsində qonaqlar qəbul etmişik, çalışırıq ki, hər şey qonaqların ürəyincə olsun.”

İlk turun həyəcanını hələ də unutmayan Ramtiq deyir ki, ilk dəfə yağış yağsa da, ilk tur özünəməxsusluğu ilə seçilib. “Hətta heç gözləməzdim ki, dəmlədiyimiz bitki çayı qonaqların daha çox xoşuna gələr. Çayın faydaları haqqında soruşurdular. Təsərrüfatımızda əkib becərdiyimiz təbii məhsulların yetişməsi ilə tanış olur, onların dadına baxırlar. Gələcəkdə qonaqların ürəyincə olan bir çox yeniliklər etməyi planlaşdırıram. İndiyə kimi ən çox bir tur çərçivəsində 28 nəfər qonaq qəbul etmişik. Artıq Vəlbinə gölü və kəndimizi tanıyırlar. Fərdi şəkildə də gəlib istirahət etmək istəyənlər olur. Hərdən kəndimizin və gölün şəklinə baxanda yaxşı mənada təəccüblənirəm. Deyirəm, görəsən bu mənim illərdir, ətrafında yaşadığım göldür?! O qədər gözəl şəkillər paylaşılır ki, sosial mediada.”

Ramtiq deyir ki, bu hələ son deyil, gələcəkdə gecələmək üçün şərait yaradılması da planları arasındadır. Daha sonra indiyə kimi turları əks etdirən fotostend yaratmaq, eləcə də qonaqlar üçün rəylər kitabı təşkil etməyi düşünürəm.

Ramtiqlə söhbətdən və nahardan sonra iştirakçıların əsl istirahət və əyləncəsi başladı. Kimi valeybol oynadı, kimisi atla gəzdi, kimisi də bağda yelləncəkdə yelləndi, kimisi də buzovu sığallayıb onu oxşadı. Bir sözlə, bu xudmani həyətdə hər kəs özünə bir məşğuliyyət tapdı.

Oyundan sonra kəklikotulu samovar çayının isə özgə ləzzəti var. Özü də havaların sərinləşdiyi, buludların gah tutulub-gah da açıldığı vaxtda. Reyhan ananın hazırladığı təamlar da elə istər ətri, istərsə də ləzzətinə görə əsl orqanik təamlardan idi.

Əsrarəngiz Vəlbinə gölündə

Nahardan sonra piyada gəzə-gəzə uzaqdan hamının gözlərini qamaşdıran gölə –Vəlbinə gölünə gedirik. Yaşıllıqlar içində kiçik göl bura gələn turistlərin əsas baş çəkdiyi yerlərdəndir. Kimisi şəkil çəkdirir, kimisi göl qurağında uzanıb hava alır, kimisi də tilovunu atıb balıq gözləyir. Burada balıq ovu əslində balıq tutmaqdan çox əsəbləri sakitləşdirmək, insanın təbiətlə və onun gözəllikləri ilə baş-başa qalmaq üçün əla məşğuliyyətdir.

Tursitlər aqrar ekoturizmlə daha çox maraqlanırlar

“Beş mövsüm” tur şirkətinin bələdçisi Məsud Ağa ilə aqrar ekoturizmlə bağlı söhbətləşirik. Şirkət bələdçisi deyir ki, bu sahə ölkəmiz üçün yenidir və onun inkişafı üçün “Şəhərdən kəndə” layihəsi də bu baxımdan əhəmiyyətlidir. Artıq “Aqro” Tədarük və Təchizat ASC ilə layihə çərçivəsində əməkdaşlıq etdiklərini bildirən həmsöhbətim artıq yaydan başlayaraq, 4-5 tur həyata keçirdiklərini bildirdi. Onun sözlərinə görə, ekoturizmdən fərqli olaraq, aqrar ekoturizmdə yaşayış yerlərinə səfərlər nəzərdə tutulur. Turistlər kənd yerlərində ailələrin həyətyanı təsərrüfatı ilə yaxından tanış olur, kənd həyat tərzini yaxından görür. Təbiət gözəlliklərindən zövq almaqla yanaşı, həm də müxtəlif aktivitələrə qatılır. Belə ki, insanların əylənməsi üçün əraziyə uyğun infrastruktur yaradılır.

“Bu dəfəki turumuzda Ramtiq bəyin qonağı olduq. Onların təsərrüfatı və burada yaradılmış şərait qənaətbəxş olduğuna görə layihə çərçivəsində buraya gəldik. Düşünürəm ki, tur uğurlu alındı. Ailə kənddə yaşaya, öz təsərrüfatı ilə məşğul olan zəhmətkeş bir səmimi, mehriban ailədir. Qonaqlara xidmət etdi.

Düşünürəm ki, yorulmadan bu yeni sahə üzrə çalışsaq, aqrarekoturizm sahəsi ölkəmizdə daha da populyarlaşar və uğurlu olar. Çünki bunun üçün potensial var. İndiyə kimi insanlar daha rayonlara səfər edəndə daha çox təbiət kənarında restoranlarda yeyib-içməklə dincəlirdilər. İndi isə artıq son vaxtlar ekoturizmə maraq artmaqdadır. Son iki ildə ekoturizm şirkətlərinin sayında da artım var. İnsanlar artıq yenilik axtarır, fərqli şəkildə istirahət etmək istəyirlər. Odur ki, aqrar ekoturizm növünü seçənlər gəlib kənd evində istirahət edir, vaxtını səmərəli keçirir, razı qalırlar. Restoran və kafe mühiti ilə müqayisədə qonaqlar özlərini isti bir ailə mühitində vaxt keçirirlər. Bu layihə həm də bölgələrimizdə ailə təsərrüfatı və biznesinin inkişafı üçün də bir stimuldur.”

Xarici ölkələrdə, eləcə də qonşu Gürcüstanda ekoturizmin populyar olduğunu bildirən Məsud Ağa ölkəmizə gələn xarici turistlərin də bu turizm növünə üstünlük verməsinin şahidi oluruq. “İnanıram ki, yaxın gələcəkdə aqrar ekoturizm yerli və xarici turistlər arasında daha da geniş yayılacaq.”– deyə bələdçi fikrini yekunlaşdırdı.

Bir neçə saatlıq göl qırağında gəzintisindən sonra hər kəs təmiz havanı ciyərlərinə çəkib göl mənzərəsinin fonunda şəkil çəkdirirdi. Sanki günün bitməsini istəmirdilər. Ancaq getmək vaxtı idi. Ramtiq və ailəsi bizi yenidən ətirli samovar çayına qonaq edir. Göl ətrafında yürüşdən sonra çay ətrafında maraqlı səyahət söhbətləri başlayır, yaddaqalan səfər xatirələri yada düşür. Artıq hava tutqunlaşır, yavaş-yavaş yağış damlaları üzümüzü isladır. Ailə ilə sağollaşıb, Bakıya yola düşürük. “Aqro” Tədarük və Təchizat ASC şirkətinin “Beş mövsüm” tur şirkəti ilə birgə təşkil etdikləri bir günlük “Şəhərdən Kəndə” layihəsi çərçivəsində olan İsmayıllı turu xoş xatirələrlə başa çatır.