Ev Ölkələr Almaniya Şərikli çörəyin xatirəsi Baden -Baden şəhəri

Şərikli çörəyin xatirəsi Baden -Baden şəhəri

Baden – Baden qədər gözəl … Baden

Əziz oxucular, bu dəfə sizə Baden şəhərindən danışacağam. “Şərikli çörək”  filmindəki o məşhur “Baden-Badenin mavi gecələri” deyimi bu Baden haqqında olmasa da, şəhərin gözəlliyi Almaniyanın həmin o Baden-Badenindən heç də geri qalmır.

Baden İsveçrənin üç ən böyük çayından biri – Limmatın sahilində salınıb. Çay şəhəri iki yerə bölür, bunu başqa cür də demək olar: Limmat şəhəri iki fərqli zamana ayırıb. Limmatın sol sahili Orta Əsrlər dövrünün Badenidir – şəhərdə bürclər, istehkam qüllələri, həmin dövrün arxitekturasına uyğun yaşayış binaları və s. Çayın sağ sahili isə şəhərin nisbətən yeni salınmış məhəllələri ilə bəzənib. Baden əhalisi əsasən bu hissələrdə yaşayır. Məhəllələrə ətrafdakı üzüm bağları təbii gözəllik verir.

Baden aid olduğu Aargau kantonu ilə Zürix kantonu arasında yerləşir. Bu şəhər Zurix şəhərindən 25 km aralıdadır. Aargau kantonun mərkəzi Aarau şəhəri olsa da Baden rəngarəngliyinə, qaynar həyat tərzinə görə bir xeyli fərqlənir və sevilir. Şəhərin demoqrafik tərkibində üstünlük işçi gənclərdə olduğu üçün bu şəhəri daha dinamik görmək olar. Baden Zürixə yaxın olduğu üçün paytaxtda işləyib, Badendə yaşayanlar da az deyil. Beş il əvvəlin siyahıyaalma statistikasına görə, qeydiyyatda olan əhali sayı 18 min nəfərdir. Əhalinin danışıq dili İsveçrə ləhcəli alman dilidir.

Baden şəhərinin adı şəhərin özündən bir xeyli cavandır. Şəhərin ilk adı romanca “Aquae Helveticae” olub, indi səsləndirdiyimiz ad isə 1040-cı ildən bəri eşidilir.

Baden XV – XVI əsrlərdə başqa bir səbəbdən məşhurlaşır, qaynayan mineral suları və bu sular ətrafında salınmış istirahət, spa mərkəzləri ilə hətta ətraf ölkələrdə də ün qazanır. Belə ki, alman yazıçı Göte, filosof Nitşe, Tomas Man və Herman Hessenin tez-tez Badenə gəldikləri, bu istirahət bölgələrində dincəldikləri deyilir.