Ev Turizm Xəbərləri Səmərqənddə “Şərq təranələri” festivalının azərbaycanlı qaliblərinin qala-konserti olub

Səmərqənddə “Şərq təranələri” festivalının azərbaycanlı qaliblərinin qala-konserti olub

festival

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə “Azərbaycan musiqisi və muğamı günləri” çərçivəsində qədim Səmərqənd şəhərində “Şərq təranələri” festivalında müxtəlif illərdə qalib gələn Azərbaycan xanəndələrinin qala-konserti keçirilib.

Tədbirdə Səmərqənd şəhər hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, bu qədim şəhərdə yaşayan azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

Səmərqənd vilayət hakiminin müavini Rüstəm Kobilov Özbəkistan dövlətinin ölkənin qədim tarixi və təkrarsız abidələri və musiqisini dünyada tanıtmaq məqsədilə keçirilib. 1997-ci ildən başlayaraq iki ildən bir “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalını keçirdiyini bildirib, bu tədbirin əhəmiyyətindən söhbət açıb.

R. Kobilov Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələri, xalqlarımız arasında dil, din birliyi, mədəniyyətimizin yaxınlığı haqqında danışıb. O, Azərbaycanın zəngin mədəniyyəti, musiqi ənənələrindən söhbət açıb, Azərbaycan musiqiçilərinin müntəzəm olaraq festivalın yüksək mükafatına layiq görüldüklərini bildirib.

Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, AMM-nin direktoru Samir Abbasov Azərbaycan muğamlarının dünyaya tanıdılıb. Bu sahədə çoxsaylı istedadların üzə çıxarılması və dəstəklənməsi sahəsində Heydər Əliyev Fondunun Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi layihələr haqqında məlumat verib.

S.Abbasov xalqlarımız arasındakı dostluq əlaqələri, dövlət başçılarımız İlham Əliyevlə Şavkat Mirziyoyevin Bakıda Türk Şurasının Zirvə görüşü çərçivəsindəki görüşü haqqında söhbət açıb. Əlaqələrimizin inkişafından danışıb.

Sonra tamaşaçıların alqışları ilə səhnəyə Azərbaycanın Xalq artisti, 1997-ci ildə bu qədim şəhərdə keçirilən “Şərq təranələri” birinci Beynəlxalq Musiqi Festivalında “Qran-pri” qazanan Simarə İmanova, Xalq artisti, 2003-cü ildə keçirilən festivalın ikinci mükafatını alan Zabit Nəbizadə, 2017-ci ildəki festivalda “Qran-pri”ni yenidən Azərbaycana aparan Əməkdar artist, tarzən Sahib Paşazadə, 2019-cu ilin yayında baş tutan musiqi bayramında birinci mükafatı qazanan gənc xanəndə Pərviz Qasımov dəvət ediliblər.

Xanəndələrimiz Azərbaycan xalq mahnıları, muğam və təsniflərimizi səsləndiriblər. Onları Əməkdar artistlər Malik Mansurov (tar), Elnur Mikayılov (kamança), Ramin Rzayev (tar) və Kamran Kərimov müşayiət ediblər. Eyni zamanda, səhnədəki böyük ekranda ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, son illər əldə olunan uğurlarla bağlı videoçarx nümayiş olunub.

Sonda Pərviz Qasımov Özbəkistanın Əməkdar artisti, Bakıda keçirilən Beynəlxalq Muğam Müsabiqəsində birinci yeri tutan Yulduz Turdiyeva ilə birlikdə “Qarabağ şikəstəsi”ni ifa edib. Konsert tamaşaçıların alqış sədaları ilə başa çatıb.

Konsertdən sonra Azərbaycan xanəndələri Səmərqənd vilayət televiziyasında qonaq olub. Yerli mətbuat bu haqda geniş materiallar verib.