Kopenhagen

Növbəti səfələrdən birini dünyanın ən xoşbəxt insanlarının yaşadığı Danimarkaya, lap dəqiq desək paytaxt Kopenhagenə planlamışdım. Uçuş günü Budapeştdən İsveçin Malmö şəhərinə, növbəti gün isə oradan, qatarla dənizin üstündəki körpü ilə Kopenhagenə keçəcəkdim. Həm ölkənin kifayət qədər baha olması, həm də şəxsi bir maraq məni bu səfəri minimum xərclə başa vurmağa motivasiya edirdi. Ona görə də qalacaq yerimi öncədən Couchsurfingdən seçmişdim, yemə-içmə məsələmi isə çantamda götürdüyüm və marketdən alacağım qidalarla həll etməyi düşünürdüm.

Kopenhagen

Yazını yanvar ayında yazsam da Kopenhagenə noyabr ayında getmişdim. Cem Yılmazın standupında dediyi “Sevgili Danimarka bu aralar bana karşı çok soğuksun” deyimini nəzərə alıb, (guya) bir az qalın paltar filan da götürmüşdüm. Fikirləşirdim ki, payızın sonudur, hələ qış gəlməyib, elə də soyuq olmaz. Səhər Malmödən Kopenhagenə yola düşdüm və axşam qalacağım evə gedərkən qar yağmağa başladı. Qar nə qar, düz səhərə kimi yağdı, səhər hardasa 20 sm qar var idi və heç gözləmədiyim halda bütün nəqliyyatın işi dayandı. Avtobuslar, elektriçkalar gecikməyə başladı. Nəysə indi isə keçim Kopenhageni vəsf etməyə.

Velosiped parkı

İlk öncə deyim ki, Kopenhagen və kopenhagenlilər haqqında ancaq xoş təəssüratlarım oldu. Kopenhagen ən çox pulsuz muzeylərin olduğu şəhər kimi yadımda qaldı. Bundan başqa muzeylərdəki pulsuz wi-di da üzərinə gəldikdə, Kopenhagenə əsl turist cənnəti demək olar  şəhər kifayət qədər yaşıllıqdır. Demək olar ki, əhalinin yarıdan çoxu velosiped sürür və xüsusi velosiped parklarında yüzlərlə park olunmuş velosipedlər görmək olar. Hətta deyilənə görə Kopenhagendə insanı velosipedlə vurma şansı maşın vurma şansından daha çoxdur, artıq necə bir şansdırsa …

Velosiped parkı

Gözlədiyimin əksinə insanları da çox ünsiyyətcil və mehribandırlar. İstər evində qaldığım, ulu-ulu babası alman olan Amanda, istərsə də yol soruşduğum insanlar, hamısı canla-başla əllərindən gəldiyi qədər yardım etməyə çalışırdılar. Hətta bir dəfəsində turist informasiya mərkəzindən götürdüyüm 1.2m X 1.2m ölçülü böyük xəritəni açıb içində itib batarkən, 2 danimarkalı xanım yaxınlaşıb yardıma ehtiyacım olub-olmadığını soruşdular. Axtardığım yeri xəritədə göstərdikdən sonra yolun yarısına kimi də gəlib, ötürdülər. Ümumiyyətlə Skandinav ölkələrinin əhalisi ingilis dili biliyinə görə Avropada ən yüksək yerləri tuturlar, yaşlı, qoca demək olar hər kəs ingilis dilini bilir. Əgər ingilis dilini bilirsinizsə dil ilə bağlı problem yaşayacağınız düşünmürəm. Əgər ingilis dilini bilmirsinizsə, bu da problem deyil əl-qol hərəkətləri ilə anlaşacaqsınız, bu səyahətə çıxmamağa bəhanə olmamalıdır.

Bakıdan Kopenhagenə getmək üçün Budapeştə gəlib buradan yenə Malmöyə keçə bilərsiniz. Oradan isə qatar, dənizin üstü ilə sizi 35-40 dəqiqəyə şəhərin mərkəzinə aparacaq. Digər bir seçim kimi isə Kiyevə gəlib, Kiyevdən yenə Kopenhagenə getməkdir. Malmödən gələn qatarlar, Kopenhagen hava limanından keçərək şəhər mərkəzinə gedir. 15-20 dəqiqəyə şəhər mərkəzinə gedə bilərsiniz.

Kopenhagen mətbəxi

Kopenhagen mətbəxi

Kopenhagendə nə yeməli? sualının cavabı məncə Carlsberg pivəsidir. Bir çox şimal xalqları kimi, danimarkalıların da mətbəxi elə də zəngin deyil amma bu qədər yolu getmişkən Carlsberg pivəsi içmədən dönmək olmaz.

Qala biləcəyimiz otellər və ya hostellər

Hostel qiymətləri çox baha olduğundan və yazının girişində də qeyd etdiyim kimi şəxsi maraqdan Kopenhagendə Couchsurfing qalmağı qərara almışdım. Ona görə də hotel/hostel məsləhət görə bilməyəcəm. Couchsurfing  təcrübəm isə indiyənə kimi olanların ən yaxşılarından idi. Amanda evində qonaq etmişdi məni (sonradan Budapeştə gələndə də mən onu qonaq etdim). Evində qaldığım 3 gün boyunca doya-doya maraqlı söhbətlər etdik, musiqi dinlədik, Amandanı Vaqif Mustafazadə ilə tanış etdim. Ərəb dilinə, şərq mədəniyyətinə hədsiz bir marağı var idi. Onlar haqqında danışdıq. Sonra isə o məni “hygge” həyat tərzi ilə tanış elədi. “Hygge” həyat tərzi skandinav ölkələrində çox məşhurdur. Belə ki, qış aylarında havalar çox soyuq olduğundan skandinavlar evə toplaşıb. Sobanın yanında, sakit mühitdə çay, qəhvə içə-içə söhbət edirlər və ya musiqi dinləyirlər. Orda olduğum müddətdə havalar qarlı keçdiyindən, mən də azacıq bu həyat tərzi ilə tanış ola bildim. İnsanın ruhuna tam bir sakitlik gətirir.

Hygge

Elə oradakı qarlı günlərdən birində Amanda otaqdakı bir divarı göstərib dedi ki, mən istəyirəm bura evimdə qalan hər bir couchsurfer bir kəlimə yazsın, istəsən ilki də sən ola bilərsən. Mən də fürsəti qaçırmaq istəmədim. Qarın noyabr ayı üçün qeyri adi bir hava olduğunu Amandadan öyrənib divara “İt was a snowy November day…” ifadəsini yazdım (yaradıcılığın və romantikanın bu qədəri). Divarın son halını aşağıdakı şəkildə görə bilərsiniz .

Kopenhagendə gəzməli yerlər

İndi isə ənənəvi olaraq Kopenhagendə olan gəzməli yerlərin siyahısı ilə tanış etmək istəyirəm sizi:

Gəziləcək yerlər

  • Ilk olaraq əlbəttə ki, Kopenhagen deyəndə ağıla ilk gələn Nyhaven küçəsidir. Küçə kanalın kənarında, rəngarəng düzülmüş binalardan ibarətdir. Əvvəllər bura liman bölgəsi olub və Kopenhagenin əyləncə həyatının ən qaynar hissəsi burada olub. Indi isə sakit cafe, publar küçə boyu sıralanıb. Məşhur danimarkalı nağıl yazarı Hans Kristian Andersen də məhz bu küçədəki 3 evdə yaşayıb-yaradıb. Nyhavna getmişkən Andersenin evinə də baş çəkmək olar. Ev Nyhavn 20 ünvanında yerləşir.
  • İkinci görülməli yer isə Kopenhagenin simvolu olan “kiçik dəniz qızı” heykəlidir. Heykəl Andersenin “Dəniz qızı” əsərindən ilhamlanaraq yaradılıb. Əgər bəxtiniz gətirsə o heykəlin əslini görə bilərsiniz. Çünki bəzən heykəl dünya turuna çıxır, xarici ölkələrdəki sərgilərdə nümayiş etdirilir, yerinə isə heykəlin prototipi qoyulur.
  • Tivoli bağları – Dünyadaki ən qədim 2-ci əyləncəli parkdır. Parkın içərisində kafe, restoran, konsert məkanı və müxtəlif cür atraksionlar var. Uşaqla gəzənlər üçün çox ideal bir məkandır. Rəvayətə görə Uolt Disney Disneylendi yaradarkən məhz Tivoli bağlarından ilhamlanıb.
  • Stroeget – Kopenhagenin tarqovusu. Nəqliyyata qapadılmış alış-veriş küçəsidir.
  • Kopenhagen şəhər bələdiyyə binası. Binanın çöl tərəfi nə qədər möhtəşəmdirsə, içərisi ondan qat-qat daha möhtəşəmdir.
  • Christiansborg sarayı – kiçik bir adanın içində yerləşən kral sarayı. Sarayın içinə girmədən, kənardan baxanda belə skandinav ruhu özünü bəlli edir, mərkəzə də çox yaxındır, mütləq baş çəkilməlidir.
  • Statenmuseum Kunst – Danimarka Milli muzeyi, bir çox muzeylər kimi, bura da giriş ödənişsizdir. Artdan çox anlamasam da içindəki bəzi işlər adamı heyran qoyur.
  • Rosenborg qəsri – qəsr ərazisinə və bağçasına giriş pulsuzdur. Bir də qəsrin içində muzey var ki, sırf sadəcə içindəki taclar və qılınclar üçün belə baxmağa dəyər, giriş haqqı elə də çox deyil.
  • Bizim xilaskarımız kilsəsi – Danimarkanın ən məşhur kilsəsidir. 1752-ci ildə tikilib, hündürlüyü 90 metrdir və ən hündür nöqtəsinə çıxmaq üçün 400 pilləkən qalxmalısınız. Son 150 pilləkən açıq havadadır. O pilləkənlərin ən sonuncusuna çıxıb Kopenhageni ayaqlarınızın altında görə bilərsiniz.
  • Fredericks kirxası (Mərmər kilsə) – İnteryeri indiyənə kimi gördüyüm ən gözəl kilsələrdəndir. İçərisində mötəşəm ab-hava var.
  • Son nöqtəni əlbəttə ki, Carlsbergin zavoduna baş çəkməklə qoya bilərsiniz. Zavod mərkəzdən bir az kənarda yerləşir.
Christiana kəndi

Christiana kəndi

Kopenhagenin bir bölgəsi var ki, özünü Kopenhagendən ayırıb və “muxtariyyət”ini elan edib. Ona görə da istədim bu haqda siyahıdan sonra, ayrıca paraqrafda yazım. Bura hippilər tərəfindən işğal olunmuş Freetown Christiania “kəndidir”. Kristianiya Kopenhagenin içində öz emblemi, bayrağı, pul vahidi və qaydaları olan bir ərazidir. Ərazi 1970-ci illərə qədər hərbi baza olub. Qəsəbənin 1000 nəfərə yaxın əhalisi olduğuna baxmayaraq, hökümət buranı sökmək istəyərkən minlərlə danimarkalı küçədəki etirazlara qoşulub, hökümətin bu qərarına etiraz ediblər. Kristianalılar özlərini Avopalı saymırlar. Ona görə də qəsəbədən çıxarkən qapının üzərində “Siz Avropa Birliyinə daxil olursunuz” yazısı yazılıb. Danimarkada marixuana satışı qanuni olmasa da, Kristiana ərazisində az qala günün 24 saatı marixuana satışı həyata keçirilir. Hətta deyilənə görə ərazidə yetişdirilən marixuana satışından qəsəbə ildə 185 milyon dollar götürür. Kəndin 3 əsas qaydası var. Əylənin, qaçmaq qadağandır və foto çəkmək qadağandır. Son illərdə olan bir neçə xoşagəlməz hadisəyə görə kənd sakinləri artıq daha bir neçə qayda da əlavə ediblər.

Andersenin vətəni Kopenhagen haqqında bu qədər.


BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin