PAYLAŞ
Samir Dübəndi

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, sentyabrın 8-dən etibarən ölkə ərazisində sərbəst hərəkətə icazə verilməsi bölgələrdə yerləşən otellərin fəaliyyətinə müsbət təsir göstərib.

“Hətta sərt karantin dövründə belə otellərin fəaliyyətinə qadağa qoyulmamışdı. Otellər məcburiyyət qarşısında qalıb fəaliyyətini dayandırmışdı”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

O bildirib ki, Azərbaycan turizmi son illər gəlmə turizmi istiqamətində uğurlar qazanıb:

“Lakin pandemiya şəraitində bu mümkün olmadığı üçün turizm sektoru ziyan çəkib. Xüsusən də şəhər otelləri bu baxımdan çətinliklər yaşayır. Sentyabrın 8-dən etibarən ölkə ərazisində sərbəst hərəkətə icazə verilməsi bölgələrdə yerləşən otellərin fəaliyyətinə müsbət təsir göstərib. Uzun müddət sərt karantin rejimində yaşamış insanlar istirahət zonalarına üz tuturlar. Məhdudiyyətlərin götürülməsi başa çatmış yay mövsümünü turizm üçün bir qədər də uzatdı. Ona görə də hazırda həftə sonları bölgələrdə yerləşən turizm mərkəzlərində boş yerlər tapmaq çətindir”.