PAYLAŞ
Qazet

Almaniyanın “Schwäbisches Tagblatt” qəzetində dərc edilən məqalədə 200 il öncə Roytlingen və Tübingendən olan alman ailələrinin Qafqaza köç etdikləri bildirilir.

Məqalədə 2019-cu ildə 25 nəfərlik qrupun, o cümlədən Roytlingen və Tübingendən olan ailələrin öz əcdadlarının vətənini ziyarət etmək məqsədilə Azərbaycana gəldikləri, onların əcdadlarının 1817-ci ildə Almaniyanın Vürtemberq əyalətindəki ağır vəziyyətlə əlaqədar buranı tərk etdikləri və ədalətli xristian icması yaratmaq məqsədilə Qafqaza təşrif gətirdikləri vurğulanır. Azərbaycana gələn alman ailələrinin iki ildən sonra burada Helenendorf adlı alman koloniyasının əsasını qoyduqları diqqətə çatdırılır. Kiçik Qafqazın ətəyində yerləşən Helenendorfun yerində hazırda Azərbaycanın Göygöl rayonunun olduğu, eyniadlı mərkəzi olan rayonda 20 min sakinin yaşadığı, onların böyük bir qismini Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən gələn məcburi köçkünlərin təşkil etdiyi bildirilir. Burada artıq almanların qalmadığı, onların hamısının Stalin tərəfindən 1941-ci ildə deportasiya olunduğu qeyd edilir.

Məqalədə almanlara məxsus arxitektura əsasında inşa edilmiş evlərdən söz açılır. Onların hündür damları və böyük şüşəbəndləri ilə diqqəti cəlb etdikləri nəzərə çatdırılır. Vurğulanır ki, bəzi evlərin girişindəki divar daşlarında hələ də alman adlarına rast gəlmək mümkündür. Məqalədə şəhərdə yerləşən, 1857-ci ildə almanlar tərəfindən yeni qotik üslubda inşa edilmiş yevangelik kilsədən bəhs olunur. Onun bir müddət öncə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyilə bərpa edildiyi xatırlanır. Azərbaycan hökumətinin ötən illər ərzində alman arxitektura nümunələrinin qorunub saxlanılması üçün böyük işlər gördüyü bildirilir.

Diqqətə çatdırılır ki, Azərbaycana səfər edən qrupdakı ən yaşlı insan 86 yaşlı xanım Marqarita Raytenbaxdır. Onun əcdadı Yohan Braytenmayer 1817-ci ildə Braytenholçdan köç edərək Azərbaycana gələnlər arasında olub. M.Raytenbax Helenendorfda dünyaya gəlib və səkkiz yaşınadək orada, 1990-cı ildən etibarən isə ailəsi ilə birlikdə Almaniyanın Osnabrük (Osnabrück) şəhərində yaşayıb.

Məqalədə Helenendorf almanlarının irsi ilə məşğul olan Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri, professor Eva Mariya Aux tərəfindən ölkəmizdəki alman irsini əks etdirən xüsusi turizm bələdçisinin hazırlandığı, burada tarixi qəsəbə haqqında məlumat, şəkil və təsvirlərin əks olunduğu diqqətə çatdırılır. Qrupu müşayiət edən professor Auxun bələdçi barədə ətraflı məlumat verdiyi, orada göstərilən məlumatları qonaqlara əyani şəkildə nümayiş etdirdiyi bildirilir.

Qeyd olunur ki, Helenendorfa ziyarət vaxtilə burada yaşamış məşhur alman ailəsi, Yulius və Hermine Forerlərin evindən başlanıb. Hazırda regional muzeyin fəaliyyət göstərdiyi bu evə onların nəvələri – Tübingen şəhərindən Klaus Forer və Aalen şəhərindən onun qardaşı Tomas böyük həvəslə baş çəkiblər. Qrup üzvləri onlarda olan rayonun köhnə planı ilə küçələri gəziblər. Həmin planda küçələrin əvvəlki adları verilib. Qrupun üzvü Qizela Rasperin öz əcdadları Fottelerlərin evini tapıb. Evin indiki sakinləri onu “Əslində bu, Sizin evinizdir” sözləri ilə mehribancasına qarşılayıb.

Yazıda bildirilib ki, alman Kristof Forerin nəvəsi, hazırda Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan Marianna Rıbkin və oğlu Mixail də öz əcdadlarının evini ziyarət ediblər. Mariannanın anası və Kristof Forerin qızı, 1906-cı ildə Helenendorfda dünyaya gələn Elizabet Malzev 1979-cu ildən etibarən mütəmadi olaraq əcdadlarının vətəni Roytlingenə səfər edib, bir müddətdən sonra oraya köçüb. 2006-cı ildə orada vəfat edib. İndi isə Marianna və onun oğlu Mixail Kristof Forerin evini axtarıb tapıblar. M.Rıbkin əcdadlarının evinin şüşəbəndinə qalxaraq orada xatirə şəkli çəkdirib.

Məqalədə Göygöl Rayonu İcra Hakimiyyətinin başçısı Arif Seyidovun şəhərə gələn alman qonaqları salamladığı, professor Auxun Azərbaycan hökumətinin alman irsinin qorunub saxlanılmasına verdiyi töhfədən söz açdığı və bunun çox təqdirəlayiq olduğunu qeyd etdiyi diqqətə çatdırılır. Bildirilir ki, Roytlingenin mədəniyyət bölməsinin rəhbəri Verner Ströbelen 22 roytlingenli ailənin hazırkı Göygölün salınmasında iştirak etdiyini, bu iki şəhər arasında xüsusi bağlar olduğunu, o cümlədən Helenendorf və onun sakinlərinin tarixi irsini qoruyub saxlamağa çalışdığını söyləyib.

Yazıda qrupun Göygöldəki alman qəbiristanlığını ziyarət etdiyi vurğulanır, məzarların üzərindəki yazılar təsvir edilir. Onlardan bəzilərinin rus dilində tərcüməsinin də olduğu bildirilir.

Müəllif Azərbaycanda sonuncu alman hesab edilən Viktor Klayndan söz açır, 1936-2007-ci illərdə yaşamış Klaynın öz evini Almaniyanın Azərbaycandakı səfirliyinə hədiyyə etdiyini, onun evində muzey yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırır.

Vurğulanır ki, qonaqlar şəhərdə yerləşən müqəddəs Yohannes kilsəsində keçirilən bayram ayinində iştirak ediblər. Dini ayin 200 il öncə Azərbaycana köç etmiş Vürtemberq almanlarına həsr olunub. 1936-cı ildən bəri kilsədə heç bir ayin keçirilmir, binadan sovet dövründə idman zalı kimi istifadə edilib. Hazırda burada tədbirlər və dini ayinlər alman və rus dillərində təşkil olunur.

Məqalənin sonunda almanların 200 il öncə regiona köçünün tarixinə dair məlumat verilir. Rusiya çarı Aleksandrın köçürmə siyasəti çərçivəsində Vürtemberqdəki alman kəndlilərinin Rusiyanın yeni zəbt etdiyi ərazilərinə dəvət edildiyi, onlara xüsusi imtiyazlar verildiyi, 3 koloniyanın 1818-ci ilin əvvəlində Azərbaycana gəlib çıxdığı və qışı Gəncədə keçirdiyi bildirilir. Onların saldığı qəsəbənin çar Aleksandrın bacısı Yelena Pavlovnanın şərəfinə Helenendorf adlandırıldığı vurğulanır. Koloniyanın XX əsrin əvvəlində çiçəklənmə dövrünü yaşadığı, I və II Dünya müharibələri nəticəsində buradakı bütün almanların təqib, həbs və güllələnmə ilə üzləşdikləri və deportasiya nəticəsində 1941-ci ilin oktyabr ayında Helenendorfdakı alman ailələrinin mövcudluğuna son qoyulduğu nəzərə çatdırılır.