Ev Turizm Xəbərləri Şengen vizası almaq istəyirsizsə… – Səfir

Şengen vizası almaq istəyirsizsə… – Səfir

Milan Ekertlə

Axar.az Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekertlə müsahibəni təqdim edir:

– Azərbaycan da, Çexiya da mürəkkəb geosiyasi regionda yerləşir. Azərbaycanlılar Cənubi Qafqazda, çexlər isə Mərkəzi Avropada tarixi kəsişmədə yaşayırlar. Çexiyanın keçdiyi mürəkkəb tarixi yol hər kəsə məlumdur. Hazırda isə ölkəniz Avropa Birliyinin üzvüdür və ölkənin inkişafı göz qabağındadır. Çexiya bu mürəkkəb situasiyanı necə balanslaşdıra bilir?

– Həm Azərbaycan, həm də Çexiya hər biri təxminən 10 milyon əhalisi olan orta ölçülü ölkələrdir; ölkəmizin ərazisi 78,9 min kvadrat kilometr, Azərbaycanın sahəsi isə 86,6 min kvadrat kilometrdir.

Müstəqil dövlətlərimiz – Azərbaycan Demokratik Respublikası və Çexoslovakiya Respublikasının varisləridir. Hər iki dövlət 1918-ci ildə qurulub və hər ikisi olduqca çətin, həm də düşmənçilik şəraitində inkişaf edib. Sizin ölkəniz də bizim kimi müstəqilliyini xarici işğal nəticəsində itirib. Çexiya məxməri inqilabından 30 il keçir. Bu dövr bütün Mərkəzi və Şərqi Avropa üçün bir dönüş nöqtəsi oldu və bu bölgələrdə tamamilə yeni bir güc balansı meydana gəldi. Açıq iqtisadiyyatı olan orta ölçülü Çexiyanın təhlükəsizliyi və rifahı 20 il əvvəl NATO-ya və 15 il əvvəl AB-yə daxil olması ilə möhkəmləndi.

– Çexoslovakiya Slovakiya ve Çexiyaya parçalandıqda dünyaya sülh nümunəsi nümayiş etdirdi. Təəssüf ki, dünya ölkələri bu nümunədən ibrət götürə bilmədi. Buna necə nail oldunuz?

– Kommunizmin süqutundan sonra bəzi ölkələr, xüsusən keçmiş Yuqoslaviya millətçi eqoistliyin alovlandırdığı zorakılıq yolu ilə getdi. 1989-cu ildən sonra çexlər və slovakların tutduğu yollar, xoşbəxtlikdən, fərqli idi. Bütün çoxmillətli dövlətlərdə olduğu kimi, 1918-ci ildə Çexoslovakiya dövləti qurulandan bəri təsisçi xalqlar da öz siyasi və iqtisadi paylarından narazı idilər. Slovakiyada insanlar arasında zaman-zaman haqlı olaraq yerinə yetirilməmiş vədlər, Çexiyanın siyasi dominantlığı kimi bəzi narazılıqlar vardı. Çexoslovakiya 1969-cu ildə federativ respublikaya çevrildi, lakin bu, bir neçə ay öncə Sovetin işğalı kimi daha vacib faktın kölgəsində qaldı. 1989-cu ildən sonra demokratiyanın və fikir azadlığının bərpası çexlər və slovaklar arasındakı münasibətlərin şərtlərinin yenidən müəyyənləşdirilməsinə imkan verdi. Slovaklar ambisiyalı idilər və o zamanlar onların tələblərinə böyük rəğbətim var idi. 1992-ci il seçkilərindən sonra ortaya çıxan Praqa və Bratislavadakı siyasi nümayəndəliklər yollarımızın ayrılmasına qərar verdilər və 1993-cü il 1 yanvar tarixində dövlət əmlakının və sərhədlərin yenidən müəyyənləşdirilməsi də daxil olmaqla, iki müstəqil respublikanın yaradılması ilə sona çatan sülhməramlı danışıqlara başladılar. Bu, bir növ, boşanma idi və olduqca ağrılı proses idi, ancaq bu, məsuliyyətlərini anlayan iki yetkin insanın boşanması idi. Sonda Çexiya, eləcə də Slovakiya 2004-cü ildə eyni vaxtda Aİ-yə üzv oldu və bu gün biz yenidən fiziki sərhədlərə bölünməyən ümumi iqtisadi məkanın bir hissəsiyik. Bu gün çexlər və slovaklar arasındakı münasibətlər tarixin ən yaxşı nöqtəsindədir. Bir diplomat kimi bütün fəaliyyətim boyu mənə aydın oldu ki, biz çox yaxşı qonşu və dostuq.

– Azərbaycanla Çexiya arasındakı münasibətləti üç sözlə necə ifadə edərdiniz?

– Əslində, iki sözlə – strateji müttəfiqlər. Bu o deməkdir ki, bir-birimizi başa düşmək üçün bir çox imkanlarımız var. Daha əvvəl qeyd etdiyim kimi, biz orta miqyaslı dövlətlərik. Düşünürəm ki, bu oxşarlıq iki xalqın arasındakı münasibətlərə müsbət təsir göstərir. Əlbəttə ki, aramızda bəzi fərqlər var – məsələn, din… Biz xristian, katolikik, Azərbaycanda isə əhalinin böyük əksəriyyəti islama etiqad edir. Bu, iki fərqli sivilizasiya deməkdir, lakin xalq arasında yaxşı münasibətlərin mövcudluğu üçün maneə deyil.

– Azərbaycan və Çexiya tarixi əlaqələrə malikdir. Həm iqtisadi, həm də siyasi baxımdan bu əlaqənin hazırkı vəziyyəti necədir? Rəsmi Praqa bu münasibətlərdən razıdırmı?

– Cavab çox sadədir. Əgər burada səfirliyimiz varsa, deməli, burada bəzi maraqlarımız var. Bu da birbaşa Praqanın, Çexiyanın maraqları deməkdir. Çoxsaylı turistlər Çexiyaya, məsələn Praqaya, Karlovı Varıya tez-tez səyahət edir, Çexiyada bir çox Azərbaycan vətəndaşının əmlakı var. Biz turistlərə açığıq və onların ölkəmizə səyahəti üçün şərait yaradırıq. Çexiyanın yeganə çatışmazlığı dənizimizin olmamasıdır, Azərbaycan kimi gözəl təbiətə sahib deyilik. Bizdə doqquz iqlim tipi yoxdur.

Maraqlara gəldikdə isə düşünürəm ki, birinci əsas məsələ bizim nəqliyyatımızdır. Bilirsiniz ki, çex neftinin üçdəbiri Azərbaycandan gəlir. Deməli, Çexiyadakı hər üç maşından biri Azərbaycan yanacağı ilə işləyir.

Həm də düşünürəm ki, Çexiyadan Azərbaycana turist axını ilə bağlı bir şey etməliyik. Heç kimin Azərbaycan haqqında kifayət qədər məlumatı yoxdur. Çexiyada Azərbaycan dili haqqında məlumatı olanlar çox azdır, digər tərəfdən, Azərbaycanda da çox az adam çex dilini bilir. Düşünürəm ki, bu, gələcək üçün çox vacib bir məsələdir.

– 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 57% artaraq 1 milyard ABŞ dollarını ötüb. Çex şirkətləri Azərbaycanda ümumi dəyəri 2,8 mlrd. dollardan çox olan dövlət layihələrində podratçı kimi də iştirak ediblər. Sizcə, çex şirkətlərinin Azərbaycana yatırımlarını artırmaq üçün hansı addımlar atılmalıdır?

– Biz Azərbaycanın “Top 10” iqtisadi tərəfdaşı arasındayıq. Bir tərəfdən, illik təxminən 1 milyard dollar dəyərində yüksək keyfiyyətli Azərbaycan neftinin idxalı iqtisadiyyatımız üçün vacibdir. Digər tərəfdən, Azərbaycana ixracatımızın həcmi cəmi 70 milyon dollardır. Bu gün qazax həmkarımla görüşdüm və o, mənə bildirdi ki, onların da Azərbaycana idxal həcmi cəmi 220 milyon dollardır. Bir az təəccübləndim, çünki bunun xeyli çox olacağını düşünürdüm. Çexiyaya gəlincə, bəzi böyük layihələr başa çatır – daha da önəmlisi, bu layihə Çexiya tərəfindən sığortalanan və çex şirkəti olan “Moravia Steel” tərəfindən Bakı-Tiflis-Qars dəmir yolu dəhlizində aparılan inşaat işlərini əhatə edir. Mən fəxr edirəm ki, Çexiyanın Vysoke Myto şəhərində istehsal olunan yüksək keyfiyyətli “Iveco” avtobusları Bakıda ictimai nəqliyyat sistemində istifadə olunur. Nəqliyyat, infrastruktur və enerji sahələrinə xeyli sərmayələr qoyulub və Çexiya indi də Azərbaycanda modernizasiya prosesinin bir hissəsi olmağa can atdığı üçün yeni bir şey axtarırıq. Azərbaycanda ekologiya sahəsində neft hasilatı ilə çirklənmiş məkanların sağlamlaşdırılması ilə məşğul olan layihələrdən birinə Çexiya Respublikası da daxil edilib. Çexiya Azərbaycanda ekoturizmin inkişafını da dəstəkləyir. Ölkəmizdə tarixi 1889-cu ilə gedib çıxan turist yollarının işarələnməsinin olduqca praktiki bir sistemi mövcuddur. Bu il çexlər tələbələr, dağ bələdçiləri və Milli Park işçiləri daxil olmaqla, Azərbaycan xalqının müxtəlif nümayəndələrinə müxtəlif pilot layihələrdə Hirkan Milli Parkındakı Xanbulan su anbarı ətrafında, Talıstandan Qaranohur dağ gölünə və Şahdağ Milli Parkının İsmayıllı hissəsindəki Cavanşir qalasına qədər turizm yollarını işarələmək üçün təlimlər keçdi. Çexiya Respublikasında turist yollarını qeyd etmək üçün dörd rəng – sarı, qırmızı, mavi və yaşıl istifadə olunur. Sistemi Azərbaycanda tətbiq edərkən yerli tərəfdaşlarımızla rənglərinizi milli bayrağınıza uyğun olaraq qırmızı, mavi və yaşıl rənglərlə məhdudlaşdırmaq barədə razılaşdıq. Çexiya Sənaye və Ticarət, Xarici İşlər nazirlikləri, habelə səfirliyimiz və “CzechTrade”in Bakı ofisi Çexiyanın biznes missiyalarını asanlaşdırmağa kömək edir.

– Qarşıdan Yeni il gəlir. Azərbaycanlıların istirahət üçün üstünlük verdiyi ölkələrdən birinin Çexiya olmasına baxmayaraq, bir çoxları səfirlikdən viza ala bilməməsi ilə bağlı şikayətlənir. Çexiya səfirliyindən viza almaq çətindirmi?

– Çexiya həm azərbaycanlı turistlər, həm də ölkəmizə işləmək və ya təhsil almağa gəlməyi seçən insanlar arasında çox populyar bir yerdir. Bu o deməkdir ki, viza üçün müraciət edən çox sayda insan var. Etiraf edirəm ki, proses bəzən uzun çəkir, xüsusən də söhbət qərar vermə prosesinin Çexiya Daxili İşlər Nazirliyinin əlində olduğu uzunmüddətli vizalardan gedirsə. Vətəndaşlar bəzən bütün lazımi sənədlər olmadan görüşə gəlir, bəziləri azərbaycancadan başqa bir dil bilmir, buna görə də anlaşılmazlıqlar yaranır. Buna görə viza üçün müraciət etmək istəyən bütün insanlara yaxşı hazırlaşmağı məsləhət görürəm – çox vaxt səfirliyin veb saytında məlumatı ətraflı oxumaq və bəzi suallar qaldıqda Konsulluq Bölməsinə zəng etmək kifayətdir. Həqiqi imtinalara gəldikdə, rəqəmlər tamamilə aydındır: keçən il səfirliyimiz 4787 Şengen vizası verib və Şengen viza üçün 241 müraciətə mənfi cavab verib. Düşünürəm ki, həddən artıq sərt deyilik.

– Ümumiyyətlə, hansı hallarda konsulluq vətəndaşa viza verməkdən imtina edir?

– Ümumi imtinaya gəlincə, düşünürəm ki, əsas problem tamamlanmamış və ya saxta sənədlərlə bağlıdır. Konsulluq bölməsində çalışanlar sadəlövh deyil, onlar öz işlərini bilirlər. Bəzən bir sənədin fərqli səhifələri üst-üstə düşmür. Belə olduğu halda suallar ortaya çıxır. Sənədləri hazırlayarkən insanlar dürüst olmalıdırlar.

– Çexiya Kənd Təsərrüfatı Universitetini bitirdikdən sonra bir neçə il bu sahədə çalışmısınız. Necə oldu ki, siyasətə, diplomatiyaya gəlmək qərarına gəldiniz?

– Bu çox maraqlı yol 1989-cu ildə start götürüb. Mən o zaman çox gənc idim. Bir çox insan ictimai sahəyə gedirdi. Mən 1948-1989-cu illər arasında prioritet olan Sosial Demokrat Partiyasının həmtəsisçisi idim. Bu mənim qanımda idi, atam babamın da sosial-demokrat olduğunu deyir. O dövrdə ictimai həyat çox dinamik idi. 1989-cu ildən parlamentə seçildim və ordakı fəaliyyətim 10 il davam etdi. Həm də doğulduğum yerdə şəhər məclisinə seçildim. Bu, olduqca maraqlı, eyni zamanda da çətin dönəmlər idi. Bu dövr Çexiya xalqının dəyişikliklər dövrü idi. Siyasi həyat çox dinamik idi. NATO-ya üzv olmaq, parlamentdə səs vermək kimi həqiqətən də maraqlı məqamların bir hissəsi idim, AB-yə üzv olma prosesinin də şahidi oldum.

Həmçinin bir müddət AB parlamentində məsləhətçi kimi də fəaliyyət göstərdim. 2006-cı ildə yeni bir şey axtarmaq qərarına gəldim. Və bu yeni sahə diplomatiya oldu. Mən parlamentlərarası birliyin sədri kimi fəaliyyət göstərirdim. Yeni təcrübəm zamanı dünyanın hər yerindən bir çox insanla tanış oldum, yeni məlumatlar qazanmaq mənim üçün çox faydalı oldu. Məsələn, Kipr prezidenti ilə görüşdüm, o bu nümayəndə heyətinin tərkibində idi, ancaq o dövrdə yeganə parlament üzvü idi. Cənab Andreotti ilə, Bundestaqın rəhbəri ilə görüşdüm. Bunlar çox maraqlı hadisələr idi və öz təcrübəmlə qürur duyuram.

– Sizcə, səfirin əsas missiyası nədir? Səfirin adi gününün necə keçdiyini bizim üçün təsvir edə bilərsinizmi?

– Maraqlı sualdır. Deputat olduğum dövrdə mənim üçün də maraqlı idi. Mən bir çox təhsil ocaqlarında olmuşam və siyasət üzrə təhsil alan gənclərin çoxu bu sualı mənə verib. Bütün diplomatlar üçün ən başlıcası dövlətlər arasında yaxşı münasibətlərin qurulmasına nail olmaqdır. Bu hər bir diplomatın əsas missiyasıdır. Çünki diplomatlar susanda silahlar danışır. Mənim üçün yeni ölkələr tanımaq, yeni məlumatlar əldə etmək, bu barədə düşünmək, hər iki tərəfdən olan insanlar arasında yeni əlaqələr qurmaq çox maraqlıdır. İstənilən ölkə haqqında daha çox məlumat toplamaq və bunu öz xalqıma ötürmək mənim üçün əsas vəzifədir. Mən Belarusiyada və ya Ukraynada fəaliyyət göstərəndə bir çox insan mənə sual verirdi: Rusiya haqqında nə düşünürsünüz? Mənsə cavabında deyirdim ki, mən indi Rusiyada deyiləm. Lakin Bakıya gələndə çaşıb qaldım. Azərbaycanın Ukrayna və Belarusdan çox fərqli olduğunu gördüm. Azərbaycan dili tamamilə fərqli bir dildir və mən yeni gələndə heç nə başa düşmürdüm. Olduqca çətin idi. Hazırda Azərbaycan dilini öyrənmək istəyirəm, lakin bunun çətin olacağını bilirəm. Diplomat üçün dünyanın tamamilə fərqli bir ölkəsinə gəlmək, fərqliliklərə öyrəşməyə çalışmaq olduqca maraqlı prosedir.

– Səfir olduğunuz müddətdə üzləşdiyiniz ən böyük çətinlik nə olub?

– Düzü, belə halla iki dəfə rastlaşmışam. Birincisi, Belarusun dövlət borcu ilə bağlı problemin həlli idi. Və sonda Belarusiya ilə Çexiya arasında bir razılaşma əldə olundu. Olduqca çətin proses idi. Sözün düzü, prosesin əvvəlində bu problemin həlli yolunun mümkün olmayacağını düşünürdüm. Ancaq sonda problemin yaxşı həllini tapdıq və hər iki tərəf bundan məmnun qaldı. Minskdə yeni bir binada çalışırdım. Belarusun Çexiyaya olan dövlət borcunu bu binaya kirayə haqqı ödəməməklə aradan qaldırdıq.

İkincisi isə səfir olduğum dönəmdə deyil, gənc diplomat olduğum zaman başıma gəlib. Mən 2010-cu ildə AB Şurasına sədrlik etdiyimiz zaman Ukrayna, Rusiya və Avropa Birliyi arasındakı danışıqlar prosesinin içində idim. Bu sədrlik dönəmimiz heç də asan keçmədi – Fələstin böhranı, Avropaya gedən Ukrayna qazının böhranı və sairə. Mən də Ukrayna ilə Rusiya arasındakı razılaşmanın kuryeri idim. Tərəflərin razılaşması ilə bağlı sənədlərlə birlikdə gələndə insanlar Vladimir Putinə bu razılaşma haqda çoxsaylı suallar verməyə başladı. Cənab Putinsə dedi: Kuryer Brüsselə gedir! Bu kuryer isə mən idim. Əlimdə razılaşma və həyəcanlı bir halda Borispol hava limanına getdim, təyyarə isə gecikirdi. Dərhal Frankfurt hava limanına üz tutdum. Brüsselə gedən təyyarəyə çatmaq üçün cəmi 20 dəqiqəm var idi. Lakin sonu yaxşı qurtardı. Mən Brüsselə çatanda artıq məni orda gözləyirdilər.

– Artıq bir ildir Azərbaycanda səfirsiniz. Ölkəmizə gəldikdən sonra gözləntilərinizlə qarşılaşdıqlarınız üst-üstə düşdümü?

– Deməliyəm ki, Azərbaycan çox heyrətamiz təbiətə malik, gözəl bir ölkədir. Burda çox maraqlı yerlər var. Mən təkcə Bakıda yox, Şəki, Qəbələ, Lənkəran, Astara, Gəncədə olmuşam. Daha öncə də qeyd etdiyim kimi, başlanğıc mənim üçün asan olmadı, amma indi irəliləyirik və düşünürəm ki, burada görüləsi çox işimiz var.

Məsələn, Qaravallı kəndində gözəl bir layihəmiz var. Orada enerji səmərəliliyi ilə bağlı bir məktəb təsis etmişik. Sözügedən məktəbi ötən il təhsil nazirinin müavininin köməyi ilə yaratdıq. Qaravallıdakı layihəmiz Təhsil Nazirliyinin nəzarətindədir. Bu ilin iyul ayında UNESKO-nun 33-cü iclası keçirildi. Növbəti sessiyasının Bakıda olacağına ümid edirik.