Sevgi tuneli-Ukrayna
Sevgi tuneli — yerli əhəmiyyətli dəmir yol xətti üzərində olan təbiət abidəsi. Tunel Rivne vilayətininin Rivne rayonda yerləşən Klevan qəsəbəsi ərazisində yerləşir. Tuneldən keçən dəmir yol xətti Klevan və Orjev qəsəbələrini birləşdirir.
Meşə bitkiləri ilə əhatələnmiş bu yaşıl tunel bir botanika fenomenidir. Uzunluğu 5 km olan, ağaclardan və kollardan ibarət olan bu tunel arka formasını xatırladır. Yük qatarı sutkada bu tuneldən üç dəfə keçir.
Tunelin belə şəkil almasında həm təbiətin, həm də, insanın rolu olmuşdur. Məhz Orejev ağac emalı kombinatına gedən yolun burdan keçməsi tunelin formalaşmasında böyük rol oynamışdır. Meşə ərazisindən keçən bu yolda əvvəllər qatarların hərəkəti daha çox idi. O üzdən meşənin bu yolu əhatə etməsi mümkünsüz idi. Sonradan gediş-gəlişin azalması nəticəsində yol artıq özünə məxsus formaya düşdü və müasir formasını aldı.
Tunel turistlərin və sevgililərin sevimli məkanıdır. Turistlər arasında söylənilən əfsanəyə görə əgər sevgililər bu tuneldən birgə keçərək ürəklərində arzu tutarsalarsa, arzuları mütləq həyata keçəcək. Bəzi gənclər hətda tuneldə gül-çiçək əkərək hislərini simvolizə edirlər.
Yapon rejisor Akiyoşi İmazaki 2014-cü ildə “Klevan: Sevgi tuneli” adlı romantik dram filmi çəkmiş və filmin ilk nümayişi 23 noyabr 2014-cü ildə baş vermişdir. Beynəlxalq Hanoy kinofestivalında göstərilən bu filmin sujet xətti bir başa Sevgi tuneli ilə bağlıdır.