PAYLAŞ
Çin və Yaponiya

Çin Xalq Respublikası (ÇXR) və Yaponiya ikitərəfli münasibətlərin inkişafı üçün əhəmiyyətli imkanlar var. Rəsmi Pekin Tokio ilə sıx əlaqələr saxlamağa, siyasi dialoqu möhkəmləndirməyə və münasibətləri iki xalqın mənafeyi naminə yeni səviyyəyə çıxarmağa hazırdır.

Bu sözləri ÇXR Sədri Si Cinpin Pekində Yaponiyanın Baş Naziri Şinzo Abe ilə görüşdə deyib.

O, Çin və Yaponiyanın bir-birini tərəfdaş kimi görəcəyinə, bu istiqamətdə birgə işləyəcəyinə ümid etdiyini bildirib.

Beynəlxalq vəziyyətin davamlı dəyişməsi nəticəsində Çin və Yaponiyanın münasibətlərini qarşılıqlı hörmət və fayda prinsipi əsasında inkişaf etdirməyə ehtiyac duyduqlarını bildirən Si Cinpin, tərəflərin təmas nöqtələri axtarıb tapacağına, fikir ayrılıqlarını bir kənara qoyaraq, yeni dövrdə münasibətlərin inkişafı üçün birgə çalışacaqlarına ümid etdiyini bildirib. “Hər iki tərəf təhlükəsizlik sahəsində qarşılıqlı etimadı möhkəmləndirməli, açıq dünya iqtisadiyyatına daha böyük töhfə vermək üçün çoxtərəfli və azad ticarətin müdafiəsi üçün daha çox məsuliyyəti öz üzərinə götürməlidir”,- deyə Çin lideri bildirib.

Tərəflər üçüncü ölkələrdə bazar əməkdaşlığını inkişaf etdirmək və mədəniyyət, turizm, ticarət və investisiya sahələrində praqmatik əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Yaponiya Baş Naziri regional və qlobal səviyyədə sülhün, sabitliyin və tərəqqinin təminatında iki ölkə arasında münasibətlərin inkişafının vacibliyini vurğulayıb.

Çin liderinin gələn ilin yazında Yaponiyaya səfərə gələcəyinə ümid etdiyini bildirən Şinzo Abe ölkəsinin Çin ilə təmasları genişləndirməyi, yeni dövrdə münasibətlərin fəal inkişafını arzuladığını deyib.

Qeyd edək ki, dekabrın 24-də Çinin Çendu şəhərində Çin, Yaponiya və Cənubi Koreya liderlərinin 8-ci görüşü keçiriləcək. Asiyanın bu üç ölkəsi öz iqtisadiyyatları ilə təkcə qitədə deyil, dünyada öncül sıralardadırlar. Tərəflər arasında tarixi və siyasi məsələlərə yanaşmada ciddi fikir ayrılıqları olsa da, əsasən iqtisadi sahədə sıx əməkdaşlıq mövcuddur.