Yaponiya Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir.
Bu sözləri Yaponiya Xarici İşlər nazirinin parlament üzrə müavini Şinici Nakatani Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov ilə Tokioda keçirilən görüşü zamanı deyib.
Ş.Nakatani cari ilin oktyabrında Yaponiyada baş vermiş “Hagibis” tufanı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Yaponiyanın Baş Naziri Şinzo Abeyə və Xarici İşlər naziri Elmar Məmmədyarov tərəfindən yapon həmkarı Toşimitsu Moteqiyə ünvanlanmış başsağlığı məktublarına görə dərin minnətdarlığını ifadə edib. Həmçinin Ş.Nakatani Yaponiya İmperatoru Naruhitonun taxta çıxması ilə əlaqədar rəsmi mərasimlərdə Azərbaycanın Milli Məclisinin Sədri Oqtay Əsədovun iştirakının Yaponiya hökuməti tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Dövlət rəsmiləri səviyyəsində səfərlərin iki ölkə arasında dostluq əlaqələrinin inkişafına müsbət təsirini qeyd edən nazir müavini ötən dövrdə bu səfərlərin davam etdiyini xatırladıb.
R.Həsənov Yaponiyanın Azərbaycan üçün Asiya regionunda çox vacib ölkə olmasını qeyd edib. Ölkəmizin rəhbərliyinin ikitərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. Azərbaycan-Yaponiya münasibətlərinin bu gün yüksək səviyyədə olduğunu vurğulayan nazir müavini ölkələrimiz arasında xüsusən iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. R.Həsənov xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə və Prezident İlham Əliyevin 2006-cı ildə Yaponiyaya rəsmi səfərlərini xatırladıb. Bu səfərlərin iki ölkə arasında dostluq əlaqələrinin və hərtərəfli əməkdaşlığın formalaşmasına və inkişafına təkan verdiyini deyib. O, dövlətlərarası münasibətləri yeni mərhələyə qaldırılıb. Yaponiya Baş Nazirinin ölkəmizə səfərinin təşkilinin əhəmiyyətini nəzərə çatdırıb. Nazir müavini Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupu və iki ölkənin hakim partiyaları çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.
R.Həsənov iki ölkə arasında mütəmadi siyasi məsləhətləşmələr aparılıb. Beynəlxalq, həmçinin regional təşkilatlar çərçivəsində mövqelərin uyğunlaşdırılması məqsədilə dialoqun davam etdirilməsində Azərbaycanın maraqlı olduğunu bildirib.
Azərbaycan və Yaponiya arasında enerji sektorunda yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunu xatırladan nazir müavini hazırda qeyri-enerji sektorunda, xüsusən də kənd təsərrüfatı, turizm, nəqliyyat, informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib. Həmin istiqamətlərdə əməkdaşlığın inkişafı ilə bağlı Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib.
Cənubi Qafqazda davam edən münaqişələrin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionda sabitliyi və təhlükəsizliyi təhdid etdiyini vurğulayıb. R.Həsənov bu problemin həlli ilə bağlı həyata keçirilən fəaliyyət barədə qarşı tərəfə ətraflı məlumat verib.
Görüşdə Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov və Xarici İşlər Nazirliyinin kadrlar idarəsinin rəisi Gürsel İsmayılzadə də iştirak ediblər.