PAYLAŞ
Lombok və Gili adaları

Lombok İndoneziyanın Qərbi Nusa Tenqara əyalətində yerləşən adadır. Cənubdan Hind okeanı, şimaldan isə Sakit okean akvatoriyasına daxil olan Bali dənizi ilə əhatələnir. Lombok adasını qərbdən – Bali adasından Lombok boğazı, şərqdən isə Sumbavadan Alas boğazı ayırır. Adanın əyalət paytaxtı və ən böyük şəhəri Mataramdır. Lombok Gili adlı bir sıra kiçik adalarla əhatə olunub.

Lombok və Gili adaları

Gili adaları

Gili adaları Bali adasının yaxınlığında olan Lombok adasının şimal-qərb sahilində yerləşən üç kiçik adadan ibarətdir. Ada dalğıclar arasında çox populyardır. Adaların hər birində – Gili Travanqan, Gili Meno və Gili Air adalarında dalğıc mərkəzləri mövcuddur və ətrafındakı sular zəngin tropik dəniz biomüxtəlifliyi ilə məşhurdur. Birlikdə “Gilis” adlanan bu adalar texniki olaraq Lombok adasının bir hissəsi hesab edilir, rahat və fasiləsiz nəqliyyat xidmətləri ilə Balidən olan turistlər arasında daha da məşhurlaşıb.

Lombok və Gili adaları

Gili Travanqan adasının şimal və qərb ərazisində gözəl və sakit çimərliklər, cənubunda isə ləziz yeməklər və əyləncələr təqdim edən restoran və klublar var. Gili Meno adası isə sakitlik və hüzur axtaran turistlər üçün ideal istirahət məkanı hesab edilir.

Gili Travanqan adası özünün gözəl infrastrukturu sayəsində bu adalar arasında ən məşhuru və ən böyüyü hesab edilir. Üç ada arasında ən yaxşı istirahət mərkəzlərinə malik olan bu adada fərqli üslub və zəngin mətbəx təqdim edən mehmanxanalar, klublar və restoranlar da fəaliyyət göstərir. Əgər limanın yaxınlığındakı turistlərə sahil gecə klubları üslubunda əyləncə proqramları təklif edilirsə, adanın qərb sahilində bal ayı keçirmək istəyən cütlüklər üçün ideal məkan hesab edilən sakit mühitə malik çimərliklər yerləşir.

Gili Meno Gili adaları arasında ən sakit mühiti olan çimərliklərə malik olması ilə seçilir. Meno adası həqiqətən özünəməxsus xüsusiyyətləri baxımından digər iki adadan fərqlənir. Bu ada daha çox toxunulmamış təbiət və landşafta malikdir. Gözəl infrastruktura malik Gili Travanqan adası və onun “əkiz qardaşı” hesab edilən Gil Air adasından fərqlənir. Gili Meno adası sakitlik axtaran turistlər üçün ən gözəl məkandır.

Lombok və Gili adaları

Gili Air adası GiIi adaları arasında lüks və daha yüksək səviyyəli istirahət məkanları sevən turistlər üçün, həmçinin daha çox məşhur olan Gili Travanqandan sonra öz tətilinizi keçirə biləcəyiniz gözəl bir məkandır. Gili Air dalğıc (dayvinq) və sualtı üzgüçülük (snorkelinq) həvəskarları tərəfindən sevilən ağ qum və suları büllur qədər təmiz olan çimərliklər, eləcə də həm sahildə, həm də sahildən kənarda yerləşən müxtəlif növ dükanlar, dəbdəbəli çimərlik klubları, kiçik dənizkənarı kafelər, dayverlər üçün maqazinlərin yerləşdiyi gözəl istirahət adasıdır.

Sasak Sade kəndi

Lombok adasında yerləşən Sasak Sade kəndinin özünəməxsus memarlığı buraya gələn turistləri heyran edir. Kənd minilliklər ərzində öz qədimiliyini və keçmiş adət-ənənələrini qoruyub saxlaması ilə fərqlənir. Kənddəki Bale Tani adlanan evlərin damı samandan, çəpərləri bambuk ağacından hörülür, döşəməsi isə palçıqdan hazırlanır. Yerli sakinlər bu ənənəvi evləri düzəldərkən mismardan deyil, bambukdan hazırlanan “tali icuk” adlı ipdən istifadə edirlər. Ənənəvi evlərin bu özünəməxsusluğu turistləri daha da təəccübləndirir.

Turistlər Sasak Sade kəndində olan bu ənənəvi evlərə qısamüddətli ekskursiya edərkən yerli sakinlər gülərüz və mehribancasına öz qədim musiqi, sənət növləri və döyüş növlərini əks etdirən tamaşaları ilə onları əyləndirirlər.

Lombok və Gili adaları

Lombok və Gili adalarına səyahət hər bir turistə unudulmaz anlar bəxş edəcək. Bu adalarda keçirəcəyiniz hər bir an xatirələrinizdə silinməz izlər qoyacaq. Səyahətlərini fərqli macərada keçirmək istəyən hər bir kəs təbiətin möcüzəsi olan bu adalara ömürlərində heç olmasa bir dəfə də olsa getməlidir.