Səyahət

İçimizdə səyahəti sevib, ancaq onunla gedəcək birini tapa bilmədiyi üçün istəyini ürəyində boğanlar az deyil.

Tez-tez eşidirəm “səyahəti çox sevirəm, ölkədən kənara çıxıb, gəzmək-görmək istəyirəm, ancaq təkəm, gedə bilmirəm”, – sözlərini.

Tək də səyahət edə bilərsiniz. Tək səyahət edən yalnız yox, təkbaşına olur.

“Təyyarədən cəmi bircə dəfə istifadə etdim”

56 gün müddətində təkbaşına səyahət edən Elvin Quliyev deyir ki, tək səyahət o qədər də qorxulu deyil. Sən istəmədiyin müddətdə tək qalmırsan. Yolda çoxlu yeni insanlarla tanış olur, yoldaşlıq edirsən:

“Sinqapura getmək çoxdankı arzum idi. Həm də, bu səyahəti bacardığım qədər ucuz etmək istəyirdim. Odur ki, təyyarə ilə getməyə üstünlük vermədim. 56 gündə təyyarədən bircə dəfə istifadə etdim.”

Bizdə adətən gənclərin böyük əksəriyyəti hər hansı bir formada ailədən asılı olduqlarından, qərar verib, çantasını çiyninə atıb evdən çıxan adama çox rast gəlmirik. Özü də təyyarə bileti, öncədən bron edilmiş otel olmadan. Bir sözlə, əksər ailələr övladının nəinki planlaşdırılmamış səfərə çıxmasına, heç dostları ilə Gürcüstana getməsinə də razı olmur.

Elvinin səfər müddətində yeganə planlaşdırdığı şey gəmi ilə Bakıdan Qazaxıstana getmək olub. Sonrakı planları vəziyyətə görə dəyişib:

“Gəmi məni Qazaxıstanın Aktau şəhərinə apardı. Yolda, bacarıb-bacarmayacağımla bağlı çox götür-qoy edirdim. Bu, mənim təkbaşına çıxdığım ilk səfərim idi. Önümdə 25 min kilometr yol, bu yolu gedib-qayıtmaq üçün 2 ay vaxtım var idi. Sentyabrda Bakıda olmalıydım. Bu düşüncələrlə 48 saat ötdü. Aktau şəhərinin işıqları görünürdü. Elə ilk gecəni dənizin kənarında keçirdim.”

“Qəti qadağandır!”

“Sahili də dənizin suyu kimi soyuq idi. Elə bil 3-4 gün əvvəl üzdüyümüz Xəzərin suyu deyildi. Xəzərin Qazaxıstan tərəfinin suyu Azərbaycandakından təmiz, şirin və soyuqdur. Səhər durub düzəldim yola. Avtostopla 3 günə 200 kilometr yol gedə bildim. Qazaxıstanın yolları bərbaddır. Ona görə avtostop və ya velosipedlə səyahət etmək istəyənlərə deyərdim ki, bunu qətiyyən Qazaxıstan ərazisində etməsinlər”.

“Yollar uzun, ərazi böyük, yaşayış məntəqələri bir-birindən uzaq. 100 kilometrdən bir qarşıma xırda, 20-30 evlik kəndlər çıxırdı. Tozlu yollar, boş ərazilər, bir tərəfdən də 51 dərəcə isti – mənzərə, şərait ürəyimi bulandırırdı. Yollar darıxdırıcı olanda susuzluq və aclıq da güc gəlir”, – deyir Elvin Quliyev.

Elvin deyir ki, isti çöllərlə getməkdən yorulmuşdu, ancaq bəxti gətirib, qarşısına onunla eyni yolu gedəcək tir çıxıb. Yolun bundan sonrakı hissəsini az da olsa rahat gedə bilib:

“İçində kondensioner var idi. Rahat, sürətli idi. Bir sözlə, Qazaxıstan ərazisində qət etdiyim 4500 km məsafənin 1000 km-ni avtostop, qalanını isə qatarla getdim. Yolum Rusiya sərhəddinə idi. “Lokot” adlanan keçiddən Rusiyaya, 1000 km daha gedəndən sonra Monqolustana keçməli idim”.

Onun sözlərinə görə, Rusiya tərəf “inanılmaz gözəl” olub.

“Yollardan zövq aldım. Altay dağları, Çuy çayının sahili ilə uzanan inanılmaz gözəl mənzərələrlə türk xalqlarının sıx yaşadığı dağlıq Altay vilayətinə gəlib çıxdım. Koş Ağaş qəsəbəsindəki Çuy çayının vadisində qaldım bir neçə gün. Sonra Taşantaya Rusiya-Monqolustan sərhəddinə getdim. Keçdim Monqolustana.”

Ağ-qara filmin iştirakçısı

Elvin üçün Monqolustana keçəndən sonra o qədər də asan olmayıb. Saatlarla piyada yol gedib. Deyir, burada maşın tapmaq çox çətin oldu. Saatlarla yol gedib yorulub.

“Sonra bir yerdə oturub düz 5 saat gözlədim. Bir maşın gəlib saxladı. Nəsə dedi və sürüb getdi. Bu hissləri sözlə izah etmək çətindir. Beləcə bir neçə şəhəri piyada keçib getdim. Paytaxt Ulaan-Bator çox fərqli bir şəhərdir. Elə bil 16-18-ci əsrdən qalıb. İnsanları, restoranları, bazarları, dükanları – köhnə filmlərdəki kimidir. Elə bilirdim ağ-qara çəkilmiş filmin iştirakçısıyam.”

Bundan sonra Elvin Monqolustan-Çin sərhəddinə gələrək Çinin ərazisinə keçib. Deyir, getdiyi yerlərin hamısında sərhəd keçid məntəqələrində viza almaq mümkündür.

“Monqolustan vizasına 62, Çin vizasına isə 60 dollar ödədim. Çinin paytaxtı Pekinə gəlib çıxdım. Çində şəhərlərarası yollar bağlı və ödənişli olduğundan avtostopla səyahət çətindir. Daha bir çətinlik isə çinlilərin başqa dil bilməməsidir. Onlardan gedəcəyim yer və avtomagistralın harada olmasını öyrənmək asan olmadı”.

Uğursuz avtostop cəhdləri ilə əlaqədar Elvin gündə cəmi 60-70 km qət edə bilib.

“Çini çıxmaq üçün qarşımda 7700 km var idi. Hesabladım, bu gedişlə 3 ay Çində qalmalıyam. Odur ki, qatardan istifadə etdim. Böyük şəhərləri Şanxayı, Şenjeni gəzdim. 14 gün sonra Çinin cənub əyaləti Yunnana çatdım. Buradakı Nanning, Kunming şəhərlərində oldum.”

O, Çinin 100-ə yaxın böyük, kiçik şəhərlərini gəzib.

Polisə gedən yol

Çində Elvinin başına maraqlı hadisə də gəlib. Deyir, çinlilər onun azdığını düşünüb polis bölməsinə aparıblar.

“Burda dərdimi izah edib yenicə çıxmışdım ki, yol soruşdum, bu dəfə də məni avtovağzala aparıb daha öncə gəzdiyim şəhərə yola saldılar. Bir sözlə, Çində avtostop dəhşətli bir şeydir. Təbii çin dilini bilənlər üçün problem olmaz. İnsanları mehriban, istiqanlı və xeyirxahdır.”

Səyahətinin 31-ci günündə Elvin vizaya 35 dollar ödəyərək Laosa keçib.

4 günə avtostopla paytaxt Vientienə gedib.

“Gözəl təbiətli Laos, eyni zamanda, kasıb ölkədir”, Elvin deyir.

Laosda 7 gün qaldıqdan sonra o, Tailanda gedib.

“Bu ölkədə şəhərlərarası nəqliyyatın qiyməti çox ucuzdur. 3-4 dollar ödəməklə qatardan istifadə etdim. Bəzən avtostopla da gedirdim. 10 gün içində Tailandın Krabi, Phi Phi adalarını, bir sözlə, ən görməli yerlərini gəzdim.”

Daha sonra o, Malayziyaya, ordan da avtostopla paytaxt Kuala-Lumpura gedib. Sonuncu məntəqəsi Sinqapur olub.

Sən, qəlbin, ruhun və düşüncələrin

Elvin səfəri zamanı yeganə istifadə etdiyi təyyarə ilə Kuala-Lumpurdan Sinqapura uçub. Çünki Azərbaycan vətəndaşları Sinqapura yalnız təyyarə ilə daxil olduqda onlara 96 saatlıq viza verilir.

“Həmin viza pulsuzdur. Ona görə mənim piyada getmək cəhdim alınmadı. 60 dollara Kuala-Lumpurdan Sinqapura təyyarə bileti aldım.”

Ümumi səfərə 1000 dollar pul nəzərdə tutduğunu deyir Elvin.

Ancaq Singapura giriş bir az problem yaratdığından 100 dolları artıq çıxıb.

“54 günlük səyahətə 1100 dollar xərclədim. Təbii geri dönmək üçün təyyarə biletlərinə verdiyim pul bura daxil deyil.”

Təyyarə ilə qayıtmaq 2 gününü alıb. Deyir, bu 56 gün ömrümün ən maraqlı və yadda qalan hissəsi olub.

“Bu səfər mənə hesablı, az xərcləməyin də mümkün olduğunu öyrətdi. O vaxtdan 3 manatdan çox pul xərcləyəndə birtəhər oluram ki, xərcim çox çıxdı”.

Elvinin bu səyahətdən öyrəndiyi tək şey hesablı olmaq deyil.

Deyir, həm də özü ilə tək qalmağı kəşf edib. O, gənclərə heç olmasa həyatlarında bir dəfə tək səyahətə çıxmağı məsləhət görür.

“Kimsə sizinlə getmir deyə geri addım atmayın. Tək səyahətdə sən, qəlbin, ruhun və düşüncələrin olur. Bir də tam azadlıq və sərbəstliyin. Qız, oğlan fərq etmir, insan mütləq həyatında tək səyahət etməlidir ki, əsl rahatlığı, sərbəst və azadlığı, özü ilə təkbaşına qalmağı duya bilsin.”

Mənbə; BBC News

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin