PAYLAŞ
Dubay

Dubaya səyahətdən danışanda turistlərin çoxu dərhal bu meqapolisi şöhrətləndirən Bürc Xəlifə göydələnini, dəvələri və alış-veriş mərkəzlərini təsəvvür edir. Amma Dubaya hər səyahətdə unikal təəssüratlar axtaranların ipucu almaq üçün yerli sakinlərə müraciət etmələri daha yaxşı olardı. Çünki bu parlaq, kosmopolit və bənzərsiz şəhərdə xudmani mədəni və qastronomik yerlər çoxdur. Əmirlik sakinləri həmin yerlər barədə sevə-sevə məlumat verərlər.

Dubay

Odur ki, tanıdığınız, lakin eyni zamanda tanımadığınız Dubaya xoş gəlmisiniz!

Şəhəri sevdirən mərkəz

Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun adını daşıyan Mədəni Əməkdaşlıq Mərkəzi yerli mədəniyyətə və adətlərə səmimi rəğbət oyadan məkandır. Burada Əmirlik tərzində nahar zamanı Şərq mətbəxi yeməklərinin dadına baxmaq, Dubay sakinləri ilə söhbət etmək, şəhərin qədim hissəsinə ekskursiya turlarından birində iştirak etmək və ya sadəcə Al-Fahidi rayonunda bərpa olunmuş külək dəyirmanına tamaşa etmək olar. Ürəyiniz istədiyiniz qədər sual verə bilərsiniz. Burada sualları yalnız alqışlayırlar.

Dubay

Xəttatlığın sirləri…

Xəttatlıq ərəb dünyasının sərvəti və İslam mədəniyyətində özünüifadənin və kreativliyin mühüm formasıdır. Alserkal prospektində eL Seed adlı dünya şöhrətli rəssamın studiyası yerləşir. Rəssamın mürəkkəb əsərlərində və art-layihələrində ənənəvi ərəb xəttatlığı parlaq rənglər və canlı qraffiti ilə çulğalaşır. eL Seedin “kalliqraffiti” üslubunda əsərlərinə həm Dubayın, həm də ABŞ, Koreya, Tunis, Fransa, Qətər, Böyük Britaniya və s. ölkələrin ictimai məkanlarında, qalereyalarında və müxtəlif binalarında təsadüf etmək olar. Onun Dubaydakı “Green Planet” biogünbəzində ilk kütləvi art-layihəsi bu qəbildən olan əsərlərdəndir.

Dubay

Xınadan naxışlar..

Yaxın Şərqdə ənənəvi sənətə çevrilmiş xına ilə naxışçəkmə incəsənətin daha bir formasıdır. Xına bodi-art üçün ilk təbii vasitələrdən biridir. Xınadan naxışlar Dubayda populyar gözəllik prosedurudur və yerli qadınların çoxunun həyatında mühüm rol oynayır. İncəsənətin bu forması Əmirliyin bir neçə rəssamı tərəfindən təkmilləşdirilib. Şərqin xınaçəkmə ənənəsi barədə daha çox məlumat əldə etmək istəyənlər üçün ərəblərin xına dizaynının əsasını qoymuş “Heritage for Henna” və “Rachna Salon” salonlarına getmək maraqlı olar.

Dubay

Paltar tikdirmək

Dubayda dəbli geyimlər satılan çoxsaylı butik və ticarət mərkəzləri olsa da, sifarişlə kostyum və paltar tikdirməyin ayrı ləzzəti var. Şəhərin ən maraqlı rayonlarından biri – Satva Dubay dərzilərinin və xırdavatçılarının məkanıdır. Burada çeşidbəçeşid, rəngarəng parçalar satılan çoxlu kiçik dükanlar düzülüb. İstədiyiniz parçalardan alıb dərziyə paltar sifariş verə bilərsiniz. Sifariş bir neçə gün ərzində hazır olur.

Dubay

Xəlvəti çimərlikdə qürubu qarşılamaq

Dubay

Dubayın sahil xətti bir-birindən gözəl çimərliklərlə doludur, lakin onların heç biri digərinə bənzəmir, hər biri bənzərsizdir. “Black Palace” çimərliyi şəhərin səs-küyündən uzaq olmağı və xəlvəti yerləri sevənlər üçün ideal məkandır. İctimai çimərliyin bu xudmani guşəsi “Dubai Media City” azad iqtisadi zonası ilə Al-Sufux rayonundakı kral yay sarayları arasında yerləşir. Çimərlik büllur kimi şəffaf mavi suları, “Palm Jumeirah” adasına açılan əsrarəngiz qürub mənzərələri ilə insanı valeh edir.

Şəhərdə ən ləzzətli balığın dadına baxmaq

Dubay

Deira Waterfront Market” bazarı təzə balığın satıldığı ən yaxşı yerlərdən biridir. Bazar 2017-ci ildə “Deira Fish Souk” bazarının yerində yaradılıb. Bazarda hay-küydən qulaq tutulsa da, adam əlindən tərpənmək olmasa da insan yorulmur. Əgər balıq almaq istəyirsinizsə, mütləq qiymətləşin. Bu ərəb ənənələrinin bir hissəsidir. Sonra sahildəki restoranlardan birinə gedib balığı cəmi 15 dirhəmə bişirtdirə bilərsiniz.

Qastronomik tura yollanmaq

Dubay

Frying Pan Adventures” şirkəti əsl Dubay ləzzəti yaşamağa kömək edir. Şirkət turistlərin tanımadığı maraqlı qastronomik yerlərə turlar təşkil edir. Onun yeni layihəsi “Dubaya təkər üstündə qastronomik tur” (Dubai Food Tour on Wheels) adlanır: tur zamanı turistləri yeməklərin dequstasiyası, maraqlı əhvalatlar və qədim şəhərin dörd məhəlləsində küçə rəssamlığının rəngarəng nümunələri gözləyir. Qonaqlar yerli mətbəxin və müxtəlif yerli icmaların yeməklərinin dadına baxdığı vaxt bələdçi onlara Dubayın sahildə yerləşən kiçik qəsəbədən əsl meqapolisə necə çevrildiyindən danışır.

Ənənəvi karak çayı içmək

Dubay

Birləşmiş Ərəb Əmirliklərinin vizit kartının qəhvə olmasına baxmayaraq, südlü və şirin karak çayı yerli gənclər arasında çox populyardır. Qara çay, süd, şəkər, habelə hil, mixək, zəncəfil və darçın kimi ədvaların qarışığından ibarət olan karak adətən zəif odda dəmlənir. Bu çayı içmək üçün ən münasib yer “Filli Tea & Café” kafesidir. “Filli Tea & Café” karak çayını kafedə içmək ideyasını irəli sürən ilk məkanlardan biridir. Yerli sakinlər bu çayı Satva və Bur-Dubay rayonlarında içməyi sevirlər. Bir fincan çayın qiyməti 1 və ya 2 dirhəmdir.

Yerli mətbəxin yeməklərini hazırlamağı öyrənmək

Seven Sands” restoranı Dubaydan qayıdandan sonra dostlarını bu yerlərin yeməkləri ilə təəccübləndirmək istəyənləri “Emirati Cooking Class” ustad dərslərinə dəvət edir. Ustad dərsləri hər çərşənbə axşamı saat 10:00-dan 12:00-dək keçirilir. Ustad dərsinin iştirakçıları iki populyar milli yeməyin hazırlanması qaydasını öyrənirlər. Sonra onlar üçün üç yeməkdən – məzə, əsas yemək və desertdən ibarət süfrə açılır və onlar öz bişirdikləri yeməkləri yeyirlər.

Cümə brançlarına qatılmaq

İstirahət günündə branç (gec səhər yeməyi, yaxud tez nahar ) artıq çoxdan yerli sakinlər arasında populyar qastronomik ənənəyə çevrilib. Dubayda iş həftəsi bazar günündən cümə gününədək davam edir. Cümə günü istirahət günlərinin başlanmasını qeyd etmək üçün Dubay sakinlərinin bir yerə toplaşdığı vaxtdır. Ənənəyə görə, Əmirlikdə gec səhər yeməyi ənənəsi cümə günlərinə təsadüf edir. Amma son vaxtlar şənbə günlərində də təşkil edilir. Maraqlananlar “Mr and Mrs Brunch” saytına baxa bilərlər. Çoxsaylı mükafatlara layiq görülmüş bu sayt Birləşmiş Ərəb Əmirliklərində ən yaxşı brançların icmallarını təqdim edir.