Ev Turizm Xəbərləri Tarixi-mədəni abidələrlə zəngin yer – Misirin cənub bölgəsi

Tarixi-mədəni abidələrlə zəngin yer – Misirin cənub bölgəsi

Misir

Misirin cənub bölgəsindəki vilayətlər turistlər üçün tarixi-mədəni abidələrlə zəngindir. Sivilizasiyanın ilk beşiyində çoxlu sayda mədəniyyət abidələri, Qədim Misirin zəngin tarixi irsinin yadigarları var. Bu bölgənin insanları da qonaqpərvərliyi ilə seçilirlər.

AZƏRTAC Qahirədən Lukdora və Asuanadək tarixi yerlər haqqında zəngin məlumatları oxucularla bölüşür.

Fayyum

Eyniadlı yaşıl vadidə yerləşən bu ərazi Liviya səhrası ilə əhatə olunub. Buradakı Qarun gölündə turistlər üçün balıq tutmaq, qayıqda gəzmək imkanları var. Fayyum rəssamlarının Qədim Misir zamanından indiyədək davam edən portret rəsmləri Şərqdə və Afrikada məşhurdur. Vilayətin daha bir görməli məkanı şəlalələrin olduğu Rayan vadisidir. Arxeoloji abidələrlə zəngin olan Hitan vadisi isə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Yusuf kanalı vilayətin mərkəzi olan Fayyum şəhərini Nil çayı ilə birləşdirir. Misirin ən qədim yaşayış məskənlərindən biri olan bu şəhərin 4 min illik tarixi var. Fironların dövründə bu şəhəri timsahlar məkanı adlandırıblar və onun hamisi də timsah başı olan Sebek tanrısı olub.

Beni Sueyf

Qahirədən cənuba doğru növbəti şəhər Beni Sueyfdir. Eyniadlı vilayətin mərkəzi olan bu şəhər turistlər arasında daha populyardır. Məşhur Medum ehramı da onun yaxınlığında yerləşir.

Beni Sueyf ölkənin müasir mədəniyyət mərkəzlərindən biri kimi də tanınır. Eyni zamanda, vilayət pambıqçılıq və toxuculuq üzrə Misirin mühüm bölgələrindən biridir.

Minya

Beni Seuyfdən avtomobillə cənuba iki saatlıq məsafədə Misirin pambıqçılıq, yun istehsalı və yeyinti sənayesi üzrə mühüm şəhəri, eyni zamanda, qədim abidələrlə zəngin məkanı olan Minya yerləşir. Qibti misirlilər qədim zamanlarda bu şəhəri Tmune adlandırıblar. Minya xristianlar arasında 328-ci ildə imperatriçə Yelenanın inşa etdirdiyi və yaxınlıqda İsa peyğəmbərin ailəsinin təqibdən qaçaraq sığınacaq tapdığı mağara ilə məşhurdur. Nil çayının qərb sahilində yerləşən bu şəhəri “Yuxarı Misirin incisi” də adlandırırlar.

Minyada turistlərin böyük marağına səbəb olan daha bir məkan 2018-ci ildə tapılmış və 2,5 min il yaşı olan nekropollardır. Burada kahinlər və saray əyanlarının sarkofaqları, çoxlu zinət əşyaları aşkar edilib və Minya Muzeyində nümayiş etdirilir.

Assyut və Sohaq

Cənub istiqamətində növbəti şəhər qədim yunanların və romalıların Likopolis (canavarlar şəhəri) adlandırdıqları Assyut şəhəridir. Yuxarı Misirin idarə edən firon Rekamayinin qalxanı da bu ərazidə tapılıb. Assyutda arxeoloqların aşkar etdikləri sərdabalar və daşüstü kitabələr tarixçilər üçün mühüm mənbə olub. Yunan-Roma dövründə bu ərazidəki qibtilərin özəl dialekti, fərqli mədəniyyəti və məişəti olub. Bu baxımdan, şəhər İtaliya və Yunanıstandan gələn turistlər üçün daha cəlbedicidir.

1981-ci ildə Assyutda müsəlmanlarla qibti xristianlar arasında münaqişə yaranıb. Lakin hazırda iki dinin mənsubları dinc-yanaşı yaşayırlar.

Bir az yaxınlıqda isə qibti xristianların daha sıx məskunlaşdığı Sohaq yerləşir. Ağ və Qırmızı monastırlar da bu şəhərin ərazisindədir. Sohaq tarixi-mədəni abidələrlə də zəngindir.

Luksor

Eramızdan əvvəl XVI-XI Qədim Misir fironlarının paytaxtı Fivada yerləşən bu şəhər ən populyar turizm məkanıdır. Nil vadisinin ecazkar mənzərəsi, Karnak məbədi, Fironlar vadisini hər il on minlərlə turist ziyarət edir. Səyahətçilər burada qayıqlarla Nil çayında üzə, həmçinin hava şarları ilə vadinin mənzərəsini seyr edə bilər. Sfinks heykəlləri və fironların sərdabaları da Luksordadır.

Dünyanın ən böyük açıq hava muzeyi sayılan Luksordakı ağırlığı 720 ton və hündürlüyü 21 metr olan nəhəng abidələr turistləri heyrətə salır. Fironlar vadisində olan bu heykəllərin 3 400 il yaşı var.

Luksor iki hissəyə “Dirilər şəhəri” və “Ölülər şəhəri”nə bölünür. Əhalinin yaşadığı birinci rayon Nilin sağ sahilində yerləşir və turistlər buradakı otellərdə qalır. Açıq hava muzeyi olan “Ölülər şəhəri” isə möhtəşəm tarixi abidələrin yerləşdiyi ərazidir.