“Adını restavrasiya qoyub, abidənin tarixini siliblər. Mən qonağı oraya necə aparım? Qala sanki yaxın zamanlarda tikilib”
Restavrasiya köhnəlmiş və ya zədələnmiş memarlıq abidəsinin, incəsənət əsərinin və s.-nin ilkin formasına uyğun olaraq yenilənməsi deməkdir. Başqa sözlə, restavrasiya – köhnə, tarixi, hər hansı hadisəyə şahid olmuş əsərin, əslinə uyğun olaraq, elə özünün materialı və inşa texnikası ilə ən az dərəcədə müdaxiləyə məruz qoyaraq yenilənməsidir.
Tariximiz nəzarətsiz qalıb – Buradakı eksponatları asanlıqla oğurlamaq mümkündür.
Ölkəmizdə hər il uçulub-tökülməkdə olan abidələrimizin restavrasiyası üçün müəyyən məbləğdə pul ayrılır. 2000-ci illərdən bu yana Azərbaycanda 60-a yaxın abidə restavrasiya olunub. Xub, bəs görəsən, ölkəmizdə restavrasiya olunmuş abidələrimiz yuxarıda sadalanan tələblərə cavab verirmi?
Azərbaycan Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli ilə birlikdə restavrasiya olunmuş abidələrimizə qiyabi səyahət etdi. Səyahətə Qax rayonunun İlisu kəndində yerləşən, bir növ İlisunun simvolu olan Sumuq qala ilə başladıq. XVIII əsrə adi olan qalada Azərbaycanda, eləcə də keçmiş Sovet respublikalarında məşhur olan, Yuli Qusmanın rejissorluğu ilə çəkilən “Qorxma, mən səninləyəm” filmi çəkilib. Bu gün filmdə gördüyümüz o abidədən əsər-əlamət qalmayıb desək, yanılmarıq.
Elə həmsöhbətimiz də bu məsələni ürək ağrısı ilə danışdı:
“Yayda Türkiyədən qonağım gəlmişdi. İlisuya heyran qaldı. Oranın təbiətinə, orada yerləşən abidələrə… Baxmayaraq ki, həmin abidələrin çoxu bu dəqiqə baxımsız durumdadır. Amma mən onu İlisunun rəmzi sayılan Sumuq qalaya apara bilmədim, utandım, bir növ xəcalət çəkdim. Bu gün o abidəyə baxa bilmirəm. Adını restavrasiya qoyub, abidənin tarixini siliblər. Mən qonağı oraya necə aparım? Qala sanki yaxın zamanlarda tikilib”.
Tarixçi abidələrimizə qənim kəsilənlərə qarşı kəskin iradını bildirdi: “Xarici ölkələrdən qonaqlarım gəlir. Mən o insanlar üçün bələdçilik edib, onları tarixi abidələrimizlə tanış edirəm. Amma heç vaxt Sumuq qalaya aparmıram. Qala restavrasiya olunmuş halı ilə mənim üçün yad bir tikili olub.
Turizm cənnətini cəhənnəmə çevirənlər – niyə ancaq cəriməyə reaksiya veririk? Mən onun əvəzinə uçulub-tökülmüş, baxımsız abidələrimizə aparıram. Həmin abidələrə gedəndə sanki o tikilinin ruhunu duyuram. O abidə dağılmış olsa da, o, özüdür. Bunun səbəbi odur ki, restavrasiya işini tarixi anlamayan, bu işə yad olan insanlar həyata keçiriblər. Bu, mütəxəssislərə həvalə olunmalı idi. Kiminsə dostuna, tanışına, qohumuna tapşırılmamalı idi. Çox xahiş edirəm, abidə olduğu kimi qalsın, nəinki Sumuq qala halına salınsın”.
Onun sözlərinə görə, restavrasiya güdazına gedənlər sırasına Naxçıvanda yerləşən Əlincə qalasını, paytaxt Bakıda və digər bölgələrimizdə yerləşən bir çox abidələri də daxil etmək olar. “Necə düşünürsünüz, bunun qarşısını necə ala bilərik?” sualına tarixçinin cavabı belə oldu: “Biz bir vətəndaş mövqeyi ortaya qoymalıyıq. KİV, tarixçilər və vətənini sevən insanlar bu işdə həmrəy olmalıyıq ki, bu işə yad olan insanlar cəlb olunmasınlar. Başda dövlət və Mədəniyyət Nazirliyi bu məsələdə son dərəcədə diqqətli olmalıdır. Əks halda, digər abidələrimiz də restavrasiyanın qurbanına çevriləcək”.
“Balakəndə V əsrdə tikilmiş Qafqazın ən böyük səddi olan 120 km uzunluqdakı abidənin bərpası ilə bağlı Mədəniyyət naziri ilə 2 dəfə görüşdüm. Memarlar gəlib, abidəyə baxış keçirdilər. Amma restavrasiya məsələsi üç ildir dayanıb. Heç bir metr yeri də restavrasiya olunmadı. Mən belə başa düşürəm ki, həmin abidəyə də tarixdən anlayışı olmayanları göndərəcəklər, əgər elə bərpa olunacaqsa, heç olmasın. Heç olmasa, olduğu kimi qalsın”, – deyə tarixçi əlavə edib.
“Tarixi abidələrimizi qorumaqla həm də ölkəmizdə turizm sektorunu inkişaf etdirmiş olarıq, – deyən alim qonşu Gürcüstanın praktikasından istifadə etməyə çağırdı. – Çox uzağa getməyək, baxaq qonşu Gürcüstana, oranın praktikası bəs edər. Paytaxt Tbilisiyə baxaq, bütün abidələr qorunub-saxlanıb. Turizm sektorundan milyonlarla gəlir əldə edən ölkələrin vətəndaşları ölkələrinə turistləri cəlb etmək üçün tarixi abidələrindən istifadə edirlər. Bu, həm də ölkənin tarixinin tanınmasına rəvac verər. Dünyanın inkişaf etmiş ölkələri öz abidələri hesabına milyonlar qazanır. Biz isə abidələrimizlə tanış etməyə belə xəcalət çəkirik. Laqundalanmış, fakturasını itirmiş, tarixi itmiş abidəyə gələn turisti necə aparasan?”