Ev Turizm Xəbərləri Pul göydən töküləcək, yaxud “hava azadlığı”ndan necə yararlanmalı

Pul göydən töküləcək, yaxud “hava azadlığı”ndan necə yararlanmalı

təyyarə

“Azərbaycana uçuş gerçəkləşdirmək istəyən yeni aviaşirkətlər birinci ildə ölkənin hava limanlarının xidmətlərinə görə ödənişlərdən azad ediləcəklər. Növbəti ildə bu endirimlər tədricən azalacaq. Artıq belə bir qərar var” – Əhməd Qurbanov

Son illər Azərbaycana bir neçə istiqamətdən – Rusiyanın Soçi, Hindistanın ən böyük şəhəri olan Dehli, Misirin Şarm əl-Şeyx, İsveçrənin Cenevrə, Gürcüstanın Batumi şəhərindən – aviareyslər açıldı. 

Ötən ilin sonunda Rusiyanın 9 şəhərindən Bakıya müntəzəm sərnişin aviareyslərinin yerinə yetirilməsinə dair razılıq əldə edilib. “Pegas Fly” həftədə iki dəfə Yekaterinburq, Kazan, Krasnodar, Mineralnıye Vodı, Orenburq, Perm, Rostov, Samara və Ufadan Azərbaycan paytaxtına uçuşları həyata keçirəcək. Artıq Mahaçqala-Bakı və Mahaçqala-Tehran birbaşa aviareyslərinin açılışı da planlaşdırılır.

Bundan başqa, artıq Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq olunacaq. Məlumata görə, 2020-ci ilin yanvarın 1-dən etibarən sözügedən “hava azadlığı” qrupları ölkəmizin hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.

Hava məkanının azadlığı ilk növbədə səyahətlərə təkan verir. Yəni bu hadisənin turist axınını artıracaq. Yeni gəlirlər gətirəcəyini gözləmək normaldır. Üstəlik, burada adi vətəndaş üçün maraqlı olan bir məqam da var – təyyarə biletinin qiymətləridir.

Bu və turizmlə bağlı digər məsələləri Sputnik Azərbaycan-a Turizm Assosiasiyasının icraçı direktoru Əhməd Qurbanov şərh edib: “Bəzi ölkələrdən Azərbaycana birbaşa uçuşların olmaması turistlərin ölkəmizə gəlməsində müəyyən çətinlik yaradırdı. Lakin yeni qərar bütün bu maneələri aradan qaldırır. Səmanın açılması həm ölkəmizə gələn, həm də ölkəmizdən gedənlər üçün münbit şərait yaradacaq. Bu baxımdan düşünürəm ki, 2020-ci il Azərbaycan turizmi üçün sıçrayış ili olacaq”.

“Aviaşirkətlərin rahatlıqla bizim hava limanımızda eniş edərək yenidən uçuşları həyata keçirməsi AZAL-ın qiymətlərinə təsir edəcək. Çünki aşağı büdcəli şirkətlərin də ölkəmizə daxil olması AZAL-ın qiymətlərində də enmələrin ola biləcəyini proqnozlaşdırmağa əsas verir”, – deyə o əlavə edib.

Ə.Qurbanovun sözlərinə görə, yerli aviaşirkətimizin qiymət siyasəti hava limanı xərclərinin çox olması ilə əlaqədardır. O deyir ki, yeni qərar reyslərin sayının artmasını proqnozlaşdırır. “Bundan başqa, onu da qeyd edim ki, Azərbaycana uçuş həyata keçirmək istəyən yeni aviaşirkətlər birinci ildə ölkənin hava limanlarının xidmətlərinə görə ödənişlərdən azad ediləcəklər. Növbəti ildə bu endirimlər tədricən azalacaq. Artıq belə bir qərar var”.

Bəs maraqlıdır, başqa ölkəyə getmək üçün Azərbaycanda müvəqqəti eniş edib. Bir neçə saatlıq, yarım günlük burada qalmalı olan sərnişinləri turizm bazarımızda yenidən görmək üçün nə edilməlidir?

Ə.Qurbanov deyir ki, hazırda yerli hava limanında bir neçə turizm şirkətimizin fəaliyyətini görmək mümkündür.  “Lakin bu sayın artması bizim üçün daha müsbət töhfə verə bilər. Belə ki, tranzit yolu ilə gələn turistlərin növbəti dəfə məhz Azərbaycanı seçməsi üçün qısamüddətli turlar təşkil oluna bilər. Yəni bu şəxslərin yerindəcə ASAN Viza vasitəsilə viza alaraq 10 saatlıq tranzit vaxtını daha dəyərli, səmərəli keçirmələrini təşkil etmək mümkündür”.

Qeyd edək ki, “Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur.

Beləliklə, beşinci qrup “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirir. Sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda eniş etmək icazəsi verir.

Yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir.

Hər iki halda aviaşirkətlər bütün istiqamətlər üzrə, o cümlədən Azərbaycanın ərazisində azad kommersiya fəaliyyəti həyata keçirəcəklər.

Bundan belə heç bir maneə olmadan aviadaşıyıcılar Bakıdan Fransa, İtaliya, Almaniya, Avstriya, İspaniya, Yunanıstan, Çexiya, Belçika, Niderland, Danimarka, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Finlandiya, İsveçrə, İsveç, Estoniya, İrlandiya, İslandiya, Latviya, Litva, Lüksemburq, Makedoniya, Malta, Bolqarıstan, Gürcüstan, ABŞ, Yaponiya, Vyetnam, İndoneziya, Kamboca, Myanma, Banqladeş, Cənubi Koreya, Malayziya və Avstraliya kimi ölkələrə sərnişin daşıya biləcək. Gələcəkdə ölkələrin sayı artırıla bilər.