Ev Turizm Xəbərləri Tunisdə 10 ən yaxşı talassoterapiya proseduru

Tunisdə 10 ən yaxşı talassoterapiya proseduru

Tunis

Talassoterapiya arıqlamaq, qamətini düzəltmək, gözəlləşmək və dərisini hamarlaşdırmaq istəyənləri Tunisə cəlb edən vasitədir. Sahildə yerləşən nadir otelin özünün talassomərkəzi yoxdur. “Beşulduzlu”, “dördulduzlu” və hətta sadə “üçulduzlu” otellərin artıq çoxdan bürünmə, masaj və yuma kabinetləri var. Populyar talassoterapiya mərkəzləri turistləri daim Tunisə cəlb edir.

Tunisdə münasib talassoproqram seçməyinizə kömək etmək üçün “tonkosti.ru”nun materialları əsasında istirahətin bu növündən söhbət açır.

Hamam + qommaj + bürünmə

Bu, hər hansı tallassoterapiya kursuna başlamaq üçün tövsiyə olunan ən sınanmış prosedurdur. “Hamam + qommaj + bürünmə” proseduru içərisində pıqqapıq qaynayan su ilə döşəmənin altında yerləşən çənlərin buxarı ilə işləyən ənənəvi Tunis hamamında tərləməyi nəzərdə tutur. Özünü daha rahat hiss etmək üçün futu deyilən pambıq mələfə salınmış mərmər taxtın üstündə uzanmaq olar. Dərinizin məsamələri açılandan sonra hamamçı sizi kisələyəcək və zeytun tərkibli sabun çəkilmiş lüfə ilə sizi yuyunduracaq. Bürünmə üçün gül distilyatı, çox vaxt ətirşah distilyatı ilə losyon halına gətirilmiş tfal deyilən xüsusi gildən istifadə olunur. Prosedurun sonunda tfal soyuq su ilə yuyulur.

Dəniz suyu damcıları ilə masaj duşu

Dəniz suyu damcıları ilə masaj duşu istirahət edənlərin ən çox sevdiyi o qədər də bahalı olmayan bir prosedurdur.

Bu prosedur üstündə insanın boyu bərabərində yerləşdirilmiş 4-5 miniatür duş olan xüsusi masanın üstündə yerinə yetirilir. Duşlardan ilıq dəniz suyu damcıladıqca, hamamçı da adamın canına yağ kimi yayılan ümumi masaj edir. Masaj dərini rahatladır, yüngül ovxalama ilə faydalı mikroelementləri dəriyə yeridir.

Kleopatranın vannası

Kleopatranın vannası ən iri talassomərkəzlərin təklif etdiyi VIP-prosedurdur. Rəvayətə görə, məşhur çariça dərisinin cavanlığını və bəyazlığını qoruyub saxlamaq üçün süd vannaları qəbul edirmiş. Doğrudur, hazırda xalis süd vannası təklif olunmur. Sadəcə, dəniz suyu doldurulmuş vannaya bolluca süd, habelə minaçiçəyi, rozmarin və  evkalipt kimi efir yağları əlavə olunur. İnsanın ruhən dincəlməsi üçün vannada bolluca gül ləçəkləri üzür.

Hidrospektroterapiya

Hidrospektroterapiya rənglə müalicə deməkdir. Bunun üçün içərisi dəniz suyu ilə doldurulmuş, rəngarəng işıq lampaları olan hidromasaj vannaya uzanır və sezilmədən bir-birini əvəzləyən gözəl rənglər aləminə qərq olursunuz.

Alqoterapiya

Müalicənin bu növü həm yosun ekstraktlarının bədənin müəyyən problemli nahiyəsinə, həm bu faydalı substansiyanın bədənin hər yerinə çəkilməsini nəzərdə tutur. Prosedur maddələr mübadiləsini yaxşılaşdırır, bədəndə, o cümlədən oynaqlarda iltihab proseslərini müalicə edir, dərini yumşaldır. Olduqca gözəl hisslər bəxş edir: yosun ekstraktları bədən temperaturuna qədər qızdırılır və nəm olması sayəsində quruyub dəriyə yapışmır.

Ayaqlar üçün dəniz suyu vannası

Oturaq, yaxud çox yeriməyi tələb edən işdə çalışanlar üçün əhəmiyyətli olan bu prosedur müxtəlif təzyiqli hidromasaj şırnaqlarının baldır, topuq və dabanlara təsirindən ibarət dəniz suyu prosedurudur. Bunun üçün kiçik hovuzun kənarında – yumşaq döşəkcəli və rahat söykənəcəkli oturacaqda oturub, ayaqlarınızı vannanın içinə salırsınız. Müxtəlif temperaturlu su verilir, şırnağın təzyiqi də rəvan tənzimlənir. Belə vannadan sonra ayaqlarınızda inanılmaz yüngüllük hiss edirsiniz.

Sualtı duş

Sualtı duş bir növ müalicəvi və dincəldici cakuzidir. Bunun üçün içərisinə ilıq dəniz suyu doldurulmuş vannaya uzanırsınız. Vannada gül ləçəkləri üzür, kənarlarında ətirli şamlar yandırılır. Suya dərman bitkilərinin ekstraktları, essensiya və yağlar əlavə olunur və bu da terapevtik təsiri artırır.

Akvatonik

Hamıya tövsiyə olunan bu prosedur dəniz suyu ilə doldurulmuş, müxtəlif hidromasaj vasitələri ilə təchiz edilmiş hovuzda gəzintini nəzərdə tutur. Burada dabanları masaj edən elastik sualtı şəlalələrin üstündə dayanmaq, dar dəhlizdə müxtəlif bucaq altında topuq və baldırlara yönəldilmiş güclü su şırnaqları arasından yüyürmək, “sualtı bomba”nın üstündə sellüliti əsaslı şəkildə əritmək, çiyinləri yumşaldan yelpikvari şəlalənin altında oturmaq, rəvan sualtı axınları olan zonada mürgü vurmaq olar.

Şarko duşu

Şarko duşu artıq çəkidən azad olmaq istəyənlər üçün ən populyar prosedurdur. Bu duş uzaq məsafədən güclü su şırnağı ilə problemli zonalara təsir göstərmək, qan dövranını yaxşılaşdırmaq, artıq çəkidən azad olmaq vasitəsidir. Üstünüzə gələn selin təzyiqinə davam gətirmək üçün tutacaqlardan möhkəm yapışmalısınız. Prosedur zamanı özünüzü bir növ döyülmüş kimi hiss edəcəksiniz, çünki güclü selə tab gətirməniz üçün əzələləriniz işləməyə başlayacaq. Amma sonra bədəninizdə elə bir yüngüllük hiss edəcəksiniz ki, sanki dünyaya yenidən gəlmisiniz.

Ğassul

Ərəb sözü ”ğassul” faydalı mikroelementlər və minerallarla zəngin vulkanik gil növü deməkdir. Tfal kimi, ğassuldan da çiçək tərkibli essensiyaların köməyi ilə lasyon hazırlayır və bədənə çəkirlər. Ğassul dəri məsamələrinin təmizlənməsi, dərinin hamarlanması və tonusunun artırılması işində tfaldan daha səmərəlidir. Ğassul çəkiləndən sonra onun bədəninizə müalicəvi təsirini artırmaq üçün buxar otağında oturmalısınız.

Sonda Tunisdə talassoterapiyanı əvəzsiz edən digər prosedurları da xatırlatmağa dəyər. Söhbət stoun-masaj, krio-presterapiya, xına ilə applikasiya, üz və saçlara qulluq proqramlarından gedir. Gözəl nəticə əldə etmək üçün, yaxşı olar, gündə 1-5 prosedur olmaqla, 1 gündən 10 günədək davam edən kurslarla müalicə olunasınız.