PAYLAŞ
turist

Hər kəs yay tətilində səyahət etmək, başqa-başqa ölkələrin fərqli mədəniyyəti, rəngarəng mətbəxi və ən çox da gəzməli, görməli yerləri ilə tanış olmaq, istirahətini daha səmərəli keçirmək istəyir.

Uzağa getmək imkanı olmayanlar da üz tuturlar Azərbaycanımızın səfalı guşələrinə. Elə paytaxt Bakı da turist gözü ilə baxılsa çox gözəl və maraqlı şəhərdir. Ona görə turist gözü ilə deyirəm ki, yəqin bir çoxlarımız hər gün qala divarlarının, Qız Qalasının yanı ilə və ya Xəzər sahili ilə gedərkən gündəlik qayğılardan ayrılıb ətrafı göz dolusu seyr etmirik. Əslində elə Bakının özündə də pikniklər təşkil etmək, az büdcə ilə gözəl istirahət etmək olar.Yetər ki, istirahətimizi maraqlı təşkil etməyi bacaraq. Turist kimi səyahətlər üçünsə əlverişli turpaket təkliflərindən faydalanmaq və sərfəli qiymətə tur bileti əldə etmək vacibdir.

Qeyd edim ki, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən səyahət agentlikləri və turoperatorların gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 22,4 milyon manat olub. Səyahət agentlikləri və turoperatorlar tərəfindən 15 min ədəd turpaket satılıb ki, bunların da 1,1 minini Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına, 13,9 minini isə ölkə vətəndaşlarına satılmış turpaketlər təşkil edib.

Azərbaycan vətəndaşları tərəfindən alınmış turpaketlərin 11,8 mini (84,9 faizi) xarici ölkələrə, 2,1 mini (15,1 faizi) ölkə daxilində səyahət etmək üçün nəzərdə tutulub. Səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə xarici ölkələrdə istirahət etmiş Azərbaycan vətəndaşlarının sayı 20 min nəfər olub, onların 47,7 faizi Türkiyə, 12,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,4 faizi Rusiya Federasiyası, 9,1 faizi İran, 3,0 faizi Almaniya, 1,6 faizi Gürcüstan, 1,4 faizi İtaliya, 1,3 faizi Çexiya, 0,7 faizi Ukrayna və 10,1 faizi digər ölkələrə səyahət edib. Xarici ölkələrə turist səyahətləri müxtəlif qiymətlərə təklif olunur. Bu turoperatorun əlaqə saxladığı xarici otellələr, daşıyıcılarla, eləcə də xarici ölkədəki qiymətlərlə əlaqəli ola bilər.

Məsələn bir şirkətin 23.09.2019 – 29.09.2019 tarixlərinə nəzərdə tutulan bu turunda Almaniya, İtaliya, Macarıstan, Sloveniya, Avstriya və İsveçrə şəhərlərini 379 dollara səyahət etmək şansınız var.

Qiymətə proqram üzrə oteldə gecələmə, qidalanma (səhər yeməyi), transfer (proqram üzrə), ekskursiyalar (proqram üzrə) və rus dilli bələdçisi daxildir. Yunanıstanın ən gözəl kurrort şəhərlərinə 10.08.2019 və 19.08.2019 tarixlərində səyahət isə heç də ucuz deyil. Marşruta Afina, Mikonos, Santorini və Krit daxildir və 5 ulduzlu səyahət üçün 6388 avro ödəməlisiniz. Qiymətə aviabilet, otellərdə gecələmə, qidalanma (proqram üzrə), indvidual transfer (hər kurrortda), kurortlar arası gəmi ilə gediş və sığorta daxildir. Bəzən turpaketlərlə səyahətə çıxanlar aldadıldıqlarını da iddia edirlər. Xarici ölkəyə səfər zamanı turist oteldə yer ayrılmadığını və ya bron etdiyi nömrənin məşğul olduğunu görür. Bu zaman müştəri nə etməlidir. Turizm üzrə ekspert Göydəniz Qəhrəmanovun fikrinə görə, insanlar səyahət etməzdən öncə mütləq gedəcəkləri otel barədə məlumat toplamalıdırlar: “İndi yüksək texnologiyalar dövrüdür.Məsləhət görərdim, səyahətə çıxmazdan öncə insanlar internet üzərindən gedəcəkləri otel barədə ətraflı məlumat toplasınlar.

İkinci məsləhətim də odur ki, müştəri ucuzluğuna aldanıb tanımadığı şirkətlə səyahət etməsin. Araşdırsın. Çox vaxt ucuzluğuna görə təcrübəsiz, işini bilməyən qeyri ciddi şirkətlərin xidmətlərindən istifadə edirlər, lakin problem yarananda ikiqat zərərə düşürlər”. Bəs getdiyi yerdə otellə bağlı problemlə qarşılaşan müştəri nə etməlidir? Ekspertin sözlərinə görə, nadir halda olsa da belə problem yarana bilər. “Bu zaman otel müştərini daha yaxşı otaqla təmin etməyə borcludur. Müştəri oteli məntiqli səbələrə görə bəyənmirsə otel müştərini razı salmaq üçün ya daha yaxşı otaq ya da daha yaxşı otelə köçürmə ilə təmin etməlidir”,- deyə Göydəniz Qəhrəmanov bildirir.

Göydəniz Qəhrəmanov

Ölkədaxili turpaketlərin xidmətlərindən də istifadə edənlər az deyil. Xidmət göstərən şirkətdən asılı olaraq xidmətin keyfiyyəti də dəyişir. Ekspertin dediyinə görə, ümumilikd həftə sonları təkil edilən 20-25 manatlıq turlara transfer, qrup rəhbəri, səhər yeməyi, çay süfrəsi, nahar, maraqlı oyunlar və hədiyyələr daxil edilməlidir. Bu günlərdə belə turlardan birinin nəzdində Qubaya səyahət zamanı yaşadığım təcrübəyə əsasən deyə bilərəm ki, səyahət müştəri məmnuniyyətindən çox sanki fotosessiya üçün nəzərdə tutulmuşdu. Şirkət Quba şəhərinin girişindəki bir restoranla danışmış olmalıydı ki, səhər yeməyini də, naharı da şəhərin girişindəki bu restoranda verdi. Halbuki dağlara, meşəyə səyahətə getmiş turistləri yenidən dağlardan düşürüb şəhərin girişindəki restorana qaytarmaq düzgün görünmürdü. Üstəlik restoranın xidmətləri də ürəkaçan səviyyədə deyildi. Qara rəngli iç dizaynı ilə iştah bağlayan restoran qonaqlara verdiyi yeməyi sanki qramla ölçmüşdü.

Turpaketlərlə səyahət etmiş təcrübəli səyahətçilər də xidmətlərin aşağı səviyyədə olmasından gileylənirdilər. “Sizi Qubanın ən gözəl yerinə gətirmişik” deyərək turistləri ağaclarının çoxu qırılmış yolkənarı bir meşəlikdə avtobusdan düşürdülər. Yalnız ona görə ki, burda yerli sakinlər atlarla gəzmək imkanı verirdilər. Elə bil avtobusun burda dayanacağını bilirmiş kimi o qədər atlı dayanmışdı ki, at qoxusundan istidə nəfəs almaq olmurdu. Qubanın ən gözəl yaylaqlarından biri olan Qızılqımlaq yaylağına səhər və ya axşam getmək çox gözəl olardı. Birincisi bura yaylaqdır, sərinləmək üçün yer azdır, ətraf dağlıq olsa da hər tərəf yaşıl və açıq çəmənlikdir. Amma səhər və ya axşam saatlarında burda günəşi seyr etmək insana başqa bir zövq verərdi. Səyahəti təşkil edən şirkət isə öz çəkəcəyi fotosessiyanın hayındaydı. “Gün batımında burda yaxşı şəkillər alınmaz. Sonra biz bu şəkli kimə göstərsək bəyəndirə bilmərik”- deyə təklifimizə cavab olaraq bildirdilər. Bax belə. Müştərin məmnuniyyəti, istirahəti üçün nəzərdə tutulan bu səyahətdə biz yalnız restoranın, at sahiblərinin və tur rəhbərlərinin məmnuniyyətini gördük. Amma ən azından səyahətə çıxan kollektiv şən idi.Bu da bir çox qüsurları görməzdən gəlməyə kömək etdi. Çalışın səyahət zamanı ürəyinizə , ruhunuza yaxın yol yoldaşınız da olsun. Bu da ən az elə yolun, yolçuluğun özü qədər önəmlidir.