PAYLAŞ
xalça

Azərbaycana gələn səyyahların ən çox maraq göstərdikləri milli koloritli məhsulların siyahısında ilk üç yeri xalçalar, armudu stəkanlar və kəlağayılar tutur. Bu barədə məlumatı suvenir və digər məhsulların istehsalı ilə məşğul olan özəl firmalarla işləyən “Ailə Biznesinə Asan Dəstək” (ABAD) təşkilatı yayıb.

ABAD mütəxəssisləri turistlər arasında ən populyar məhsulların reytinqini tərtib ediblər. Təşkilatın paytaxt Bakıda və Azərbaycanın müxtəlif rayonlarında yerləşən dekorativ tətbiqi-sənət məmulatı və suvenir məhsullar satışı məntəqələrindən daxil olan məlumata əsaslanıblar. İlk onluğa neftlə çəkilən tablolar, dekupaj (dekorativ tərtibatlı suvenirlər), oyma naxışlı şahmat və mücrülər, maqnit və breloklar, şamdan və təsbehlər, araqçın və saxsı qablar da daxil olub. Lakin miniatür xalçalara, əllə naxışlanmış armudu stəkanlara və kəlağayılara alıcılar arasında daha çox tələbat var.

ABAD ən çox tələbat olan suvenir məhsulların çeşidi ilə bərabər, onun bütün ölkə ərazisində yerləşən satış mərkəzlərində müxtəlif ölkələrdən olan turistlərin fəallığını da təhlil edib. Bu siyahıda ilk üç lider sırasına Rusiya, BƏƏ və Səudiyyə Ərəbistanından turistlər daxildir. Sonra ABŞ, Küveyt, Hindistan, Türkiyə və İtaliya turistləri gəlir. Fəal alıcılar siyahısını Çin və Pakistan turistləri tamamlayırlar. Ən çox alınan məhsulların statistikası ölkədən asılı olaraq dəyişir.

ABAD-ın dekorativ-tətbiqi sənət departamentinin başçısı İradə Əmiraslanovanın sözlərinə görə, Şərq ölkələrindən gələn qonaqları ilk növbədə naxışlı armudu stəkanlar maraqlandırır, avropalılar, əsasən də italyanlar miniatür xalçaları satın alırlar. Türkiyəli qonaqlar bizim miniatürləri, xüsusən də zərrəbin altında mücrü üzərində çəkilmiş miniatürləri sevirlər. Latın Amerikası, Meksika, Argentina və Braziliyadan olan turistlər şəbəkə işləməli zərgərlik məmulatına üstünlük verirlər.

Azərbaycana gələnlər suvenir məhsullar üçün çox vaxt paytaxtda turistlərin ən çox sevdiyi İçərişəhərə yollanırlar. İçərişəhər küçələri artıq çoxdan suvenir, xalça və xalçaçılıq məhsulları, habelə milli geyim satanların sevimli məkanına çevrilib.