PAYLAŞ
Ferma

Azərbaycanda aqroturizm sahəsində turistlərin fermer təsərrüfatlarına göndərilməsi üçün turpaketlər hazırlanır. Bunu Gezmeli.az-a “Aqrar Ticarət Şirkəti”nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev deyib.

Onun sözlərinə görə, təqribən sentyabr ayından təqdim olunacaq turpaketlər standart qiymətlərlə təklif olunacaq: “Turistlər turpaketləri xüsusi sayt vasitəsilə əldə edə biləcəklər. Sayta bütün fermer təsərrüfatları qoşulacaq. Turpaketlər 1 gündən 1 həftəyədək nəzərdə tutulur. Turistlər seçdikləri turpaketin ödənişini elektron qaydada apara biləcəklər”.

M. Musayev əlavə edib ki, hazırda icra olunan “Şəhərdən kəndə” aqroturizm layihəsinə bir neçə fermer təsərrüfatı qoşulub: “Bizim əməkdaşlarımız müxtəlif bölgələrdə fermer təsərrüfatları ilə tanış olurlar. Təsərrüfatların aqroturizmin tələblərinə cavab verməsi yerində araşdırılır və uyğun olan təsərrüfatlar əməkdaşlığa cəlb olunur. Artıq Qax, Zaqatala, Balakən, Quba, Qusar, Lənkəran, Masallı zonasında yerləşən təsərrüfatlara baxış keçirilib”.