Ev Turizm Xəbərləri Turistlərin Gürcüstana axıtdığı milyardlar: Qonaqlar niyə qonşu ölkəni seçir?

Turistlərin Gürcüstana axıtdığı milyardlar: Qonaqlar niyə qonşu ölkəni seçir?

Gürcüstan

Azərbaycanla eyni regionda yerləşən Gürcüstanda turizm gəlirləri ilbəil artmaqdadır.

Ölkəmizdə isə turizmin inkişafına yönələn strategiyalar hələ ki, effekt vermir. Qonşu ölkəni turistlər üçün cəlbedici edən başlıca səbəblər barədə dəfələrlə yazılsa da, müsbətə doğru ciddi dəyişiklik müşahidə etmirik. Gürcüstanın Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilir ki, ötən ay Gürcüstana 243 389 Azərbaycan vətəndaşı səfər edib. “Report”un yerli bürosunun xəbərinə görə, bu barədə illik müqayisədə Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 17% artıb. İyul ayında qonşu ölkə ən çox Azərbaycandan turist qəbul edib.

Hesabat ayında Gürcüstana, ümumilikdə, 1,1 mln. nəfərdən çox əcnəbi ziyarətçi səfər edib. Azərbaycanla yanaşı, Gürcüstana ən çox Rusiya (217 454 nəfər) və Ermənistan (211 726) vətəndaşları üz tutub.

“Cümhuriyət” qəzetinin araşdırmasına görə, turizm Gürcüstan iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. Ölkənin bir neçə turizm mərkəzinə çevirilən şəhərləri var. Tiflis, Batumi, Kutaisi, Bakuriani, Qudairi xarici ölkə vətəndaşlarını cəlb edən əsas şəhərlərdir.

Bakıdan kiçik olan və müasirlik baxımından da geri qalan paytaxt Tiflis həm də ən böyük turizm mərkəzidir. Buradakı qədim məbədlər tarixi abidələrə marağı olan turistlərin marağına səbəb olur. Amma turistləri Tiflisə cəlb edən başlıca səbəb tarixi məbəd və kilsələr yox, bu şəhərdə olan münasib qiymətlər və xidmətlərdir. Turistlər burada daha az vəsait xərcləməklə istirahət edə bilirlər. İstirahət zamanı üzləşdikləri xidmətlərin keyfiyyəti isə Bakı ilə müqayisədə daha yüksək olur. Məsələn, Tiflisdə 40 lariyə (23 manat) sutkalıq fərdi həyət evində qalmaq mümkündür. Zəruri mebel və avadanlıqla təhciz olunmuş mənzildə mətbəxdə hətta kofe, çay və bulka da görmək mümkündür. Bu şəhərə yeni ayaq basan turisti rahatlatmaq üçündür. Bəzi ev sahibləri Tiflisdə qonaq olan xarici ölkə vətəndaşlarına əlavə xərc çəkərək metro və ya avtobus kartı almağı da rəva gömür. Qalacağınız otaqda gediş haqqı yüklənən kartlar da sizin xidmətinizə verilir, bir şərtlə ki. onu özünüzlə ölkənizə aparmayasınız. Əgər istirahət müddətiniz ev sahibi ilə razılaşdığınızdan bir neçə saat artıq davam edərsə, bu da əksər hallarda problem yaratmayacaq. Mənzil sahibi gələn il də onun evini seçə və dostlarınıza məsləhət görə biləcəyiniz ehtimalını əsas tutaraq, əlavə ödəniş tələb etmədən mənzili həmin əlavə saatlarda da ixtiyarınıza verəcək.

Təbii ki, Tiflisin mərkəzində daha yüksək qiymətlərə olan mənzillər də az deyil. Paytaxtın kənarlarında isə daha ucuz qiymətə qalmaq olar. Məsələn, əgər məqsədiniz vaxtınızı mənzildə deyil, gəzintidə keçirməkdirsə, sizə yalnız gecələmək üçün çarpayı və bir neçə zəruri avadanlıq lazımdırsa, şəhərin kənarında çarpayı sayına görə hesablanan mənzillərdə qalmaq mümkündür. Hətta bəzi mənzillərdə çarpayısı15 lariyə (təqribən 9 manat) mənzil təklif oluna bilər.

Bakıya gəldikdə, günlük kirayə evlərin qiymətlərini alğı-satqı saytlarından görmək mümkündür. Paytaxtımızda ən aşağı 40 manatdan başlayan qiymətlər 250 manata qədər yüksəlir. Şəhərin mərkəzində əksər mənzillər sutkada 70-80 manata turistlərə təklif olunur.

Tiflisdə ərzaq qiymətləri çox ucuz olmasa da, burada 100 lariyə (57.63 AZN) tanınmış restoranlardan birində 5-6 nəfərlik nahar etmək olar, Bakının tanınmış restoranlarında isə bunun üçün ən azı 2-3 qat artıq ödəməlisən. Əyləncə qiymətləri də Bakı ilə müqayisədə ucuzdur. Məsələn, Bakıda attraksionların qiyməti əsasən 1,5-2 manatdırsa, Gürcüstanın paytaxtında bu 1 lari (60-70 qəpik) civarındadır. Azərbaycanda kanat gəzintisi adambaşına 20 manata, Gürcüstanda isə 5 lariyə (2.88 manat) başa gəlir.

Gürcüstanda turizmin inkişafını şərtləndirən ən vacib amillərdən biri də təyyarə biletlərinin qiymətləri ilə bağlıdır. Kutaisi Hava Limanından Avropanın şəhərlərinə aviabilet qiymətləri 60-70 dollardan, Bakıdan isə yaxın Gürcüstana belə təyyarə biletlərinin qiyməti 100 dollardan başlayır, Türkiyənin müxtəlif şəhərlərinə 200-250, Avropa şəhərlərinə isə orta hesabla 400 dollardır.

Tiflisdə hətta məşhur markaların geyimlərini daha sərfəli qiymətlərə əldə etmək mümkündür. Bakı ilə müqayisədə daha təmiz şəhər olan Gürcüstan paytaxtında hər addımbaşı zibil qutularına rast gəlmək olur. Küçə itləri isə paytaxtımızda olduğu kimi çox olsa da, onlar peyvənd olunduğuna görə təhlükə saçmırlar. Hər yerdə qulağında “birka” olan küçə itlərini görmək və onlara qarşı olduqca dözümlü münasibəti seyr etmək mümkündür. Gürcüstan turizminin inkişafında mühüm rol oynayan digər amil isə viza rejiminin tətbiqinə görə dünyanın ən azad ölkələrindən biri olması ilə bağlıdır. Azərbaycan, Belarus, Ukrayna vətəndaşları üçün bu ölkədə heç bir vaxt məhdudiyyəti qoyulmur. Digər ölkələrindən bir qismi üçün 90, digərləri üçün isə 360 gün vaxt məhdudiyyəti var.

Gürcüstanda nə qədər sərbəst viza rejimi mövcud olsa da, Abxaziya Cənubi Osetiyanın möhürü olan pasportların sahibləri bu ölkəyə üz tutmasalar, yaxşıdır. Çünki burada onları cərimə və həbs cəzası gözləyə bilər. Rusiya vətəndaşları da hava limanında səfərlərinin məqsədlərini izah etməyə məcbur edilirlər.

Elə Rusiya vətəndaşlarının Gürcüstana səfərlərinin azalması 2019-cu ildə ölkədə turizm gəlirlərinə təsir etsə də, Gürcüstan Milli Turizm Agentliyinin ilkin hesablamalara əsasən, bu ilin ilk yarısında Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlirləri 1,5 mlrd. ABŞ dolları təşkil edib.