Ev Turizm Xəbərləri Turizmə yeni nəfəs gəlir: Bahalı otellərə daha ucuz əvəz tapılacaq

Turizmə yeni nəfəs gəlir: Bahalı otellərə daha ucuz əvəz tapılacaq

otellər

Kənd qonaq evlərinin inkişafı üçün infrastrukturların yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin aparılması istiqamətində iş görülür.

 Turizm zonalarında istirahət qiymətlərinin yüksək olmasına təsir edən daha bir amil qonaqların qalması üçün otellərin sayının az olmasıdır. Bundan bir çıxış yolu turizmin inkişaf etdiyi bölgələrdə otel sayını artırmaqdırsa, digər əlverişli üsul həmin ərazilərdə kənd turizmini inkişaf etdirməkdir. Artıq Türkiyə, Gürcüstan kimi turizmin inkişaf etdiyi ölkələrdə kənd evlərinin turizmə cəlb edilməsi təcrübəsi geniş yayılıb. Bəs görəsən, bizdə bu istiqamətdə hansı işlər aparılır?

Turizm üzrə ekspert Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a bildirib ki, kənd turizmini inkişaf etdirmək, kənd evlərini turizmə cəlb etmək üçün öncə turizmin inkişaf etdiyi ərazilərə yaxın kəndlərdə infrastruktur qurulmalıdır. M.Ağakərimov deyir ki, görüləcək ilk iş kənd yollarının təmir olunmasıdır: “Turizmin inkişaf etdiyi ərazilərdə kəndlərin yolları abad olmalıdır. Əks halda, otel baha olsa da, turist məcbur olub oteldə qalacaq. İkinci vacib məsələ turizmin inkişaf etdiyi ərazilərdə su, qaz və kanalizasiya xətlərinin çəkilişidir. Unutmaq olmaz ki, turisti ucuzluqla yanaşı maraqlandıran daha bir əsas məsələ qalacağı evin rahatlığıdır. Bundan əlavə, kənd evləri arasında qiymətləndirmə aparılmalıdır. Hər evi kənd turizminə cəlb etmək olmaz. Turizmin inkişaf etdiyi ərazilərə yaxın kəndlərdə sanitar gigiyenik və qida təhlükəsizliyi məsələlərini də diqqətdə saxlamaq lazımdır. Xüsusilə kənd evlərində sanitar qovşaqların vəziyyəti, turistə təklif edilən qidaların keyfiyyəti vacib məsələdir”.

Quba Destinasiya Menecment Təşkilatının direktoru Heybət Vəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, artıq kənd qonaq evlərinin bazası yaradılır. Onun sözlərinə görə, kənd qonaq evlərinin inkişafı üçün infrastrukturların yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin aparılması istiqamətində iş görülür. Amma H.Vəliyev kənd evlərinin turizmə cəlb edilməsi istiqamətində işlərin 2020-ci ildən daha geniş xarakter alacağını söyləyir. O bildirir ki, infrastruktur, xidmətlərin səviyyəsi, qonaq evlərinin hüquqi və marketinq qiymətləndirilməsi baxımından müzakirələr də aparılır.

Bu günlərdə kənd yerlərində evlərini turistlərə kirayə verən sahibkarlarla görüş keçirilib: “Görüşün əsas məqsədi kənd evi sahiblərinin təklif və problemlərini dinləmək, bu sahədə mövcud boşluqları müəyyən etmək və aradan qaldırılması istiqamətində dəstək göstərməkdir”.