Ev Turizm Xəbərləri Turizm obyektlərinin vergidən gizlədilən dövriyyəsi: dövlət büdcəsi milyonlar itirir

Turizm obyektlərinin vergidən gizlədilən dövriyyəsi: dövlət büdcəsi milyonlar itirir

Relax

Ekspert: “2018-ci ildə mehmanxana və mehmanxana tipli obyektlər cəmi 33 milyon manat vergi ödəyib”

Lerik rayonunda yerləşən, deputat İqbal Məmmədova məxsus “Relax” istirahət mərkəzində baş verənlər bir daha Azərbaycan iqtisadiyyatında gizli dövriyyələrin, vergidən yayınan vəsaitlərin həcminin nə qədər böyük olduğunu göstərdi. Xüsusən də vəzifəli şəxslərin, deputatların himayə etdiyi və ya birbaşa sahib olduğu əyləncə və istirahət mərkəzləri, hotellərin vergidən yayınması, hətta vergi orqanı işçilərinə qarşı zorakılığa əl atması vəziyyətin nə qədər ciddi olmasından xəbər verir.

Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycanda iqtisadiyyatın bütün sahələrində qeyri-rəsmi iqtisadi fəaliyyətlər geniş yayılıb: “Dünya Bankının hesabatına görə, 2017-ci ildə Azərbaycanda qeyri-dövlət sektorunda gizli iqtisadiyyat 66 faiz ətrafında dəyişirdi. Bu günə qədər bizim də müxtəlif qiymətləndirmələrimiz olub. 2016-cı il üçün apardığımız qiymətləndirmədə ortaya çıxan mənzərə o idi ki, qeyri-dövlət sektorunda iqtisadiyyatın hər 4 manatından 3 manatı gizli iqtisadiyyatın, qeyri-rəsmi dövriyyənin predmetidir. Deməli, turizm sektorunda da bənzər trendlər müşahidə olunur. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sektorunda da himayədarlıq institutunun özünə ciddi yer tutması vergidən yayınmaları, gizli dövriyyəni stimullaşdıran əsas məqam olub”.

R.Həsənov onu da qeyd etdi ki, vergi qanunvericiliyi hazırda turizm sektoru üçün təşviqedici deyil: “Bu baxımdan, turizm sektorunda gizli iqtisadi fəaliyyət daha geniş yayılır. Nəzərə almaq lazımdır ki, turizm sektoru təkcə daxili rəqiblərlə deyil, xarici turizmlə də rəqabət aparmaq məcburiyyətindədir. Azərbaycan turizmi qonşu Gürcüstanın, Türkiyənin turizmi ilə rəqabətli şərtlər daxilində fəaliyyət göstərməlidir ki, inkişaf dinamikasını qoruyub saxlaya bilsin. Ona görə də bu sektora vergi siyasəti müəyyənləşdirərkən daha diqqətli olmaq lazımdır.

Bu sadaladıqlarımız bugünlərdə baş vermiş hadisəyə haqq qazandırmır. Himayədarlıq institutu bütövlükdə həm uçotu, həm şəffaflığı , həm dövlət qurumlarının öz fəaliyyətini normal şəkildə icra etməsinin əsaslarını dağıdır. Bu, birmənalı şəkildə doğru deyil. Dövlət qurumuna, qanun təmsilçisinə öz vəzifəsini icra etmək, müvafiq nəzarəti həyata keçirmək üçün şərait yaradılmalıdır”.

İqtisadçının sözlərinə görə, turizm sektorunda gizli dövriyyə iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha çoxdur: “Bu, eyni zamanda onu göstərir ki, bütövlükdə götürdükdə iqtisadiyyatın leqallaşması istiqamətində son 3 ildə müxtəlif xarakterli addımların atılması, həmçinin Vergi Məcəlləsinə, ”Sosial sığorta haqqında” Qanuna dəyişikliklərin edilməsi, sanksiyaların nisbətən sərtləşdirilməsi, vergi orqanında idarəetmənin dəyişdirilməsi kimi faktorlar belə bu gün Azərbaycanda biznesin leqallaşmasına ciddi təsir göstərməyib. Turizm sektorunda vəziyyəti qiymətləndirərkən məlum olur ki, həqiqətən də digər sektorlarla müqayisədə gizli dövriyyə daha geniş yayılıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2018-ci ildə yerləşdirmə fəaliyyəti ilə məşğul olan mehmanxana və mehmanxana tipli fəaliyyətlərin təxminən illik dövlət büdcəsinə ödədikləri cəmi vergilərin həcmi 33 milyon manat olub. Bu, kifayət qədər kiçik göstəricidir. Azərbaycanda vergi yükü iqtisadiyyatda 14,2 faizdir. Digər məlumatları uzlaşdırarkən ortaya çıxan təxmini mənzərə ondan ibarətdir ki, turizm sektorunda 65-70 faiz ətrafında gizli iqtisadiyyat var. Bu sonrakı dövrdəturizm sahəsində dövlət siyasətinin müəyyənləşdirilməsi istiqamətində baza formalaşdırır. Belə ki, vergi güzəştləri ilə bağlı müəyyən xərclər ortaya çıxa bilər. Hazırda turizm dövlətin prioritet sahələrindən biridir və neft sənayesindən sonra yeganə sahələrdən biridir ki, idxalla ixrac arasında profisit var. Yəni daha çox valyuta gətirən sahələrdən biridir. Turizm sektorunu qeyr-neft məhsullarının ixracı ilə müqayisə etsək, təxminən 40-50 faiz daha çox, bəzi illərdə isə iki dəfə çox valyutanın ölkəyə gətirilməsinə vasitəçi olub. Bu prioritetləri nəzərə alaraq, bundan sonrakı dövrdə turizm siyasətinin müəyyənləşdirilməsi əsas məsələlərdən biri kimi ortaya çıxır”.

Ekspert hesab edir ki, vergi güzəştləri hesabına gizli dövriyyənin vergiyə cəlb olunması itkiləri bərpa etməklə yanaşı, iqtisadiyyatın şəffaflaşmasına gətirib çıxaracaq. “Əgər belə konsepsiya hazırlanarsa, vergi güzəştləri verilərsə, gizli dövriyyənin həcminin böyük olması da nəzərə alına bilər. Bu sektorun şəffaflaşması və vergi bazasının genişləndirilməsi üçün vergi güzəştləri vermək mümkündür. Vergi güzəştlərinin edilməsi zamanı yaranan itkilər vergi bazasının genişləndirilməsindən əldə edilən gəlirlərlə kompensasiya oluna bilər. Bu, orta və uzunmüddətli dövr üçün sektorda uçotun şəffaflaşmasına, eyni zamanda sektordan dövlət daxilolmalarının, fiskal gəlirlərin də əhəmiyyətli səviyyədə artmasına gətirib çıxara bilər. Burada dekoderlərin də hüquqi maraqlarının qorunması üçün əlverişli şərait yarana bilər”.