Ev Turizm Xəbərləri Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlandı

Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlandı

Turizm

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev turizm şirkətlərinə müraciət edib.

Assosiasiyadan Gezmeli.az– a verilən məlumata görə, müraciətdə deyilir ki, dünya turizm sənayesi COVID-19-un sürətlə yayılması nəticəsində hazırda ağır dönəmini yaşayır. Turizm sahəsində böyük təcrübəyə sahib olan aparıcı ölkələr belə üzləşdikləri problemin öhdəsindən gəlməkdə çətinlik çəkir və bu böhrandan çıxış yolunu tapmaq üçün mümkün vasitələri nəzərdən keçirir.

“Azərbaycan da son illər sürətlə inkişaf edən turizm ölkəsi kimi COVİD 19 virusunun ölkə ərazisində yayılması səbəbindən çətin günlərini yaşayır. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bu çətin dönəmdə Azərbaycanın formalaşan turizm sənayesində mühüm yer tutan turizm şirkətlərinin üzləşdikləri problemləri daim diqqətdə saxlayıb və aparıcı turizm şirkətlərinin rəhbərləri ilə daim təmasda olaraq onların problemləri ilə maraqlanıb”, – deyə o bildirib.

R. Hacıyevin sözlərinə görə, mövcud vəziyyəti nəzərə alaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyası turizm şirkətlərinin COVID-19 səbəbindən üzləşdiyi çətinlikləri aradan qaldırmaq və pandemiya nəticəsində zərər görmüş turizm şirkətlərinin fəaliyyətini stimullaşdırmaq üçün təkliflər hazırlayaraq Dövlət Turizm Agentliyinə təqdim edib.

Təqdim edilən dəstək mexanizmlərinə aşağıdakılar daxildir:

1. 2020-ci ilin 6 ay müddətinə turizm agentliklərində işləyən muzdlu işçilərin minimum əmək haqlarının subsidiyalasdırılması;

2. Vergi ödəyicilərinin 1 il müddətinə (2020-ci il üçün) hər növ vergi öhdəliklərindən azad edilməsi (DSMF, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi ,mənfəət vergisi, sadələşdirilmiş, ƏDV, daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan vergi və s.);

3. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar tərəfindən ödənilən icarə haqları üzrə ən az 3 aylıq maliyyə dəstəyinin verilməsi (zərurət olarsa, bu dəstəyin işçilərin ixtisar olunmaması şərti il 6 ayadək uzadılması);

4. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların açıq məkanda (fasad) reklam yayımına görə rüsumdan ən az 1 il müddətinə azad olunması;

5. Zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların mövcud kredit və bank qarantiya öhdəliklərinin minimum 6 ay müddətinə dondurulması;

6. Kredit faizlərinin subsidiyalaşdırılması və kredit zəmanəti alətlərindən də pandemiyanın zərər vurduğu sahələrdə fəal istifadə olunması(girovsuz kreditlərə zəmanətlərin verilməsi, ilin sonunadək komissiyaların ləğv edilməsi, faiz subsidiyasının zəmanətli olmayan kreditlərə də şamil olunması;

7. Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrində kommunal xidmətlərin ödənişinə dair kompensasiyaların ödənilməsi;

8. Yaxın gələcəkdə turizm fondunun yaradılması prosesinin sürətləndirilməsi və turizm biznesinin sığortalanması zərurətinə yenidən baxılması.