“Aqroturizmin inkişafı, kənd həyatı təcrübəsi, aktiv turizmin inkişafı və s. fəaliyyətlər kimi turizm məhsullarının inkişafı, marketinq funksiyasının fəaliyyəti yönündə müxtəlif çap və onlayn məhsulların hazırlanması və paylanılması işləri aparılacaq”
Azərbaycanın şimal bölgəsində gələn ildən aqroturizmin və kənd həyatı təcrübəsinin inkişafı istiqamətində ciddi tədbirlər həyata keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Quba Destinasiya Menecmenti Təşkilatının (DMT) direktoru Heybət Vəliyev məlumat verib.
H.Vəliyev bildirib ki, Quba DMT 2020-ci il üçün Quba və Qusar rayonlarında turizmin inkişafı yönündə 3 əsas funksiyaya əsaslanaraq fəaliyyətini davam etdirəcək: “Xüsusilə aqroturizmin inkişafı, kənd həyatı təcrübəsi, aktiv turizmin inkişafı və s. fəaliyyətlər kimi turizm məhsullarının inkişafı, marketinq funksiyasının fəaliyyəti yönündə müxtəlif çap və onlayn məhsulların hazırlanması və paylanılması işləri aparılacaq. O cümlədən, insan resursları və onun standartları funksiyasına əsaslanaraq turizmin işıqlandırılması yönündə müxtəlif təlimlərin verilməsi və tədbirlərin keçirilməsini təmin edəcək”.
Qeyd edək ki, Quba Turizm İnformasiya Mərkəzi 2008-ci il tarixindən etibarən fəaliyyət göstərir. Mərkəzin əsas vəzifəsi Quba bölgəsi üzrə turizm məhsulları haqqında məlumatlara dair imkanları araşdırmaqdır. Onların inkişafını təmin etmək və turistlər arasında tanıdılmasını təşkil etməkdən ibarətdir. 2019-cu ilin fevral ayından mərkəzin strukturu dəyişdirilərək Destinasiya Menecmenti Təşkilatı formasında idarəetməyə keçib. H.Vəliyev bildirib ki, Quba Destinasiya Menecmenti Təşkilatının əsas funksiyası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu nəzdində, Quba və Qusar rayonlarında turizmin inkişafı, təşviqi və idarə olunması, eləcə də yerli səviyyədə dövlət sektoru, özəl sektor və icma arasında əlaqələrin qurulması və insan resurslarının inkişaf etdirilməsi və standartların hazırlanmasından ibarətdir: “Buna əsaslanaraq deyə bilərik ki, Quba DMT-nin 3 əsas funksiyası var: insan resursları və onun standartları, turizm marketinqi və kommunikasiyaları, turizm məhsulunun təşviqi”.