Azərbaycan Hotel Assosiasiyasının təşəbbüsü ilə təşkilata üzv olan hotellər üçün qarşılıqlı fikir mübadiləsinə əsaslanan seminar-təlim keçirilib. Tədbir Azərbaycan Turizm Bürosu ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Seminar-təlimdə hotel nümayəndələri ilə Azərbaycan Turizm Bürosunun müxtəlif şöbələrinin əməkdaşları arasında görüşlər keçirilib. Hotellərin turizm sənayesindən gözləntiləri ilə bağlı fikirləri dinlənilib.
İştirakçılara dünyanın altı əsas hədəf bazarında həyata keçirilən və planlaşdırılan fəaliyyətlər, ölkəmizdə işgüzar turizmin inkişaf etdirilməsində hotellərin üzərinə düşən rolun vacibliyi barədə məlumat verilib.
Hotellərin nümayəndələri ilə yeni turizm məhsullarının yaradılması strategiyası haqqında fikir mübadiləsi aparılıb. Beynəlxalq sərgilərdə hotellərin iştirak prosedurası ilə bağlı suallar cavablandırılıb.
Ümumilikdə hotelçilik sənayesinin 50 –dək nümayəndəsinin iştirak etdiyi tədbirdə Azərbaycanın turizm potensialının xaricdə tanıdılmasında bu sənayenin fəaliyyəti müzakirə olunub.
İştirakçıların marağı nəzərə alınaraq Azərbaycan Hotel Assosiasiyası tərəfindən mütəmadi olaraq üzv hotellər üçün bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.