“Türkiyə 2019-cu ildə xaricdən 51,7 milyon turist qəbul edib, 34,5 milyard ABŞ dolları gəlir əldə edib. Koronavirus pandemiyasından əvvəl 2020-ci il üçün 60 milyon turist, 40 milyard ABŞ dollarından çox gəlir gözləyirdik. Amma məlum səbəbdən bu gözlənti reallaşmadı”.
Gezmeli.az “Report”a sitinadən xəbər veriri ki bunu Türkiyənin Xarici İqtisadi Münasibətlər Qurumunun (Dış Ekonomik İlişkiler Kurumu – DEİK) Türkiyə-Azərbaycan İş Şurasının başçısı Selçuk Akat bildirib.
“Bu ilin ilk 5 ayında Türkiyəyə turist axını ötən ilin eyni dövrünə nisbətən 66% az olub, aprel-may aylarında ölkəyə demək olar ki, turist gəlməyib. Qlobal turizm axınında da azalma var. Ötən il bu rəqəm 1,46 milyard nəfər olsa da, Dünya Turizm Təşkilatı bu il bu rəqəmin 30% azalacağını proqnozlaşdırır”, – o deyib.
S.Akatın sözlərinə görə, turizm sektoru Türkiyə iqtisadiyyatı üçün çox önəmli sahədir. Odur ki, sektorun mövcud şərtlər çərçivəsində, pandemiyadan qorunmaqla bərpasına qərar verilib: “Türkiyə pandemiyanın yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər reallaşdırdı, Təhlükəsiz Turizm Sertifikatı Proqramının icrasına start verildi. Proqram tətilini Türkiyədə keçirmək istəyənlər üçün nəzərdə tutulub. Belə ki, turistlərin ölkəyə çatdırılmasından tutmuş hotellərə yerləşdirilməsinə, turizm müəssisələrində çalışanlarla birlikdə sağlamlıqlarının qorunmasına qədər hər şey nəzərə alınıb. Bu proqrama daxil olmaq istəyən müəssisələr və restoranlar gigiyena və sosial məsafə baxımından məkanlarını yenidən formalaşdırdılar. Vətəndaşların sağlamlıqlarını təmin edə biləcək turizm obyektləri Türkiyə Turizm Nazirliyi tərəfindən təyin edilmiş akkreditasiya şirkətlərinin yoxlamasından keçəcəkləri təqdirdə sertifikat ala biləcəklər. Bununla yanaşı, ölkəmiz koronavirus pandemiyasının nəzarət altına alındığı Avropanın bir sıra ölkələrində, eləcə də Türkiyənin özündə “turizm diplomatiyası” həyata keçirdi”.
Xatırladaq ki, bu günlərdə Türkiyənin Antalya şəhərinə turist axını başlayıb. Ötən həftə Türkiyənin bu turizm bölgəsi 27 min turist qəbul edib.