Ev Turizm Xəbərləri Türkiyədə hotel qiymətləri ucuzlaşacaq – RƏSMİ

Türkiyədə hotel qiymətləri ucuzlaşacaq – RƏSMİ

Türkiyə

Türkiyədə istirahət mövsümü müddətində hotellərdə tətil qiymətləri artmayacaq və 2019-cu il səviyyəsində qalacaq.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Hotelçilər Dərnəyinin rəhbəri Sururi Çorabatır RİA “Novosti”yə açıqlamasında deyib.

Çorabatır bildirib ki, Rusiya Federasiyasından uçuşların başlamasından sonra qiymətlərdə dəyişiklik olmayacaq. Hətta bəzi hotel sahibləri müştəri cəlb etmək məqsədilə qiymətlərdə güzəştə getməyi planlaşdırır.

Bundan əlavə, hotel işçilərinə qonaqlardan hər hansı birində COVID-19 aşkar edildiyi zaman necə davranmaları barədə təlimat verilib: “Xüsusi izolyasiya otaqları təchiz edilib, məlumatlar dərhal Səhiyyə Nazirliyinə göndəriləcək. Hər kəs hotelin sertifikatlaşdırma proqramına uyğun olaraq hazırlanmış sxemə uyğun olaraq fəaliyyət göstərir. Qalan turistlər də sakit istirahət etməyə davam edirlər”.

Dərnək rəhbərinin sözlərinə görə, Türkiyə hökuməti pandemiyadan zərər görən iqtisadiyyat sektorlarını və turizm sənayesini dəstəkləyir: “Yalnız Türkiyə deyil, digər ölkələr də turizm sektoru üçün yeni bir yol açmağa başlayıblar. Ancaq düşünürük ki, ölkəmiz xarici turistlərin, o cümlədən rusların üstünlük verdiyi yerlərdəndir”.

Bundan əlavə, o, qidalanma normalarının epidemiya əleyhinə tələblərə uyğun olaraq dəyişdiriləcəyini söyləyib. Belə ki, hotellərdə, “hər şey daxil” sistemində işləyənlər də daxil olmaqla, qaydalar eyni qalacaq, lakin açıq bufetlər təşkil olunmayacaq. Maska, dezinfeksiya, sosial məsafə qoruma işarələrindən istifadə olunacaq.

Qeyd edək ki, avqustun 1-dən etibarən Rusiya Federasiyası Böyük Britaniya, Türkiyə və Tanzaniya ilə hava nəqliyyatını bərpa edib. Artıq Ankara və İstanbula uçuşlar başlanıb. Avqustun 10-dan etibarən Antalya, Bodrum və Dalaman kurortlarına da uçuşlar açılacaq.

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda ölkədə hər gün təxminən minə yaxın koronavirus infeksiyası aşkarlanır. Pandemiyanın başlanğıcından bu yana 230 mindən çox insan xəstələnib, onlardan 5,7 min nəfər ölüb.