Bu il Türkiyədə Yeni il şənlikləri zamanı ictimai asayişi və təhlükəsizliyi təmin etmək üçün 300 mindən çox təhlükəsizlik əməkdaşı xidmətə cəlb ediləcək.
APA-nın “Daily Sabah”a istinadən verdiyi məlumata görə, ölkənin əsas şəhər və qəsəbələrində ümumilikdə 233 min 723 polis, 83 min 398 jandarma qüvvələri aktiv şəkildə üzərilərinə düşən vəzifələri yerinə yetirəcəklər.
Daxili İşlər Nazirliyindən bölgələrə göndərilən bildirişdə ictimai-iaşə obyektlərində, o cümlədən hava limanlarında, qatar stansiyalarında və avtobus terminallarında, bir sözlə turistlərin daha çox cəmləşdiyi yerlərdə təhlükəsizliyin artırılması əmr edilib.
Turizm sektoru mütəxəssislərinin fikrincə, turistlər xizək turizminə son iki ildə daha çox maraq göstərirlər. Bu sahəyə keçən il təxminən 6 milyon yerli və xarici turist axın edib. Cari ildə bu rəqəmin 6,5 milyona çatacağı gözlənilir.
Eyni zamanda iqlim şəraiti nəzərə alınmaqla nəqliyyat vasitələrinin idarə edilməsinə də diqqət artırılıb. Sərxoş vəziyyətdə avtomobillərin idarə edilməsinin qarşısını almaq məqsədilə şəhərlərə çox sayda yol polisi qüvvələri göndərilib.
Təhlükəsizlik tədbirləri daha çox İstanbulda təmin ediləcək. Burada 60 min təhlükəsizlik əməkdaşları və 800-ə yaxın xidməti avtomobillər gecə-gündüz xidmətdə olacaqlar.
İstanbulun mərkəzində yerləşən Taksim Meydanı xüsusilə nəzarətdə olacaq. Bu meydan Yeni ili qarşılamağa gələn turistlərin ən çox toplaşdığı məkandır.
Xatırladaq ki, 3 il əvvəl yeni il gecəsi İstanbulun “Reina” gecə klubuna terror hücumu edilmişdi.