Ev Turizm Xəbərləri Türkiyə ilə viza rejiminin ləğvindən 20 gün ötür – nə dəyişdi…

Türkiyə ilə viza rejiminin ləğvindən 20 gün ötür – nə dəyişdi…

viza

Fikrət Yusifov: “Səslənən fikirlərlə razılaşmaq mümkün deyil

Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvindən 20 gün ötür. Bu müddət ərzində qərarın ölkəmizə necə təsir göstərdiyi yönündə çoxsaylı fikirlər var. Vizanın ləğvindən qısa müddət keçsə də, artıq qardaş ölkədən Azərbaycana gələn turistlərin sayında artımın müşahidə olunduğu barədə xəbərlər yayılmağa başlayıb.

Günlər öncə – Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də bu məsələyə toxunmuşdu. O bildirmişdi ki, ölkələr arasında turizm sahəsində əməkdaşlıq inkişaf edir.

1 sentyabr 2019-cu il tarixindən Azərbaycana 30 gün müddətinə gələn Türkiyə vətəndaşlarına viza tələbinin ləğv edilməsi bu rəqəmin bir qədər də artmasına gətirib çıxaracaq”, – deyə nazir qeyd edib.

Məlum olub ki, 2018-ci ildə Türkiyədən Azərbaycana səfər edənlərin sayı 291 259 nəfər təşkil edərək 3-cü yerdə qərarlaşıb, 2019-cu ilin ilk 8 ayında isə bu rəqəm 203 703 nəfər olub və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% artıb.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov fərqli düşünür. O hesab edir ki, vizanın ləğvi Türkiyədən Azərbaycana gələnlərin sayına ciddi təsir etməyib: “Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsi iki ölkə arasında qardaşlıq münasibətləri fonunda daha çox mənəvi bir məsələ idi. Deməzdim ki, sadələşmiş viza rejiminin olduğu dövrdə türk vətəndaşlarının Azərbaycana gəlməsində hansısa çətinliklər mövcud idi. Bu səbəbdən də mətbuatda viza rejiminin ləğvindən sonra türk vətəndaşlarının Azərbaycana kütləvi şəkildə gələcəyi ilə bağlı səslənən fikirlərlə razılaşmaq mümkün deyil. Hesab edirəm ki, viza rejiminin aradan qaldırılması Türkiyədən Azərbaycana gələnlərin sayına elə bir təsir etməyib. Çünki buna qədər də Türkiyədən kim istəyirdi, Azərbaycana gələ bilirdi. Sadəcə, o, bunun üçün bir qədər vaxt itirməli olurdu”.