Ev Turizm Xəbərləri “Əbədi Ezamiyyət” filmi – Çində

“Əbədi Ezamiyyət” filmi – Çində

Pekində 16-cı Çin Beynəlxalq Film və Televiziya praqramları Sərgisi keçirilib. Sərgi dünyanın ən böyük media təsisatlarından olan “China Media Group” və Çin Beynəlxalq Televiziya Korporasiyasının təşkilatçılığı ilə keçirilib. Məqsəd müxtəlif ölkələrin media qurumları arasında əməkdaşlığın qurulmasına və genişlənməsinə dəstək verməkdir. Habelə media və filmlər vasitəsilə ölkələrin turizm potensialının tanıdılması məqsədi daşıyır. Milli pavilyonlarının təqdim olunduğu sərgidəki Azərbaycan guşəsində ölkəmizə aid müxtəlif jurnallar, broşurlar və bukletlər nümayiş olunub. Həmçinin ziyarətçilərə paylanılıb. Pavilyonda, həmçinin ölkəmizdə turizmin inkişafından bəhs edən videoçarxlar da nümayiş olunub.

Sərgi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi təqdim olunub. Film Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.

Dünyanın 50-dən çox ölkəsindən 80 minə yaxın ekran işinin təqdim olunduğu sərgidə televiziya və film sənayesində tətbiq olunan ən son texnoloji yeniliklər göstərilib. O cümlədən 5-ci nəsil mobil rabitə şəbəkəsi texnologiyası, süni zəka, 4K çəkiliş texnologiyası numayiş olunub.