Bakı Apellasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ellada Babayeva və onun keçmiş həyat yoldaşı Emil Babayevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Oxu.Az xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, E.Babayevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, E.Babayevin səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzası yeddi ilə endirilib.
İttiham aktına əsasən, bir neçə il əvvəl ər-arvad olan E.Babayevlə E.Babayeva 21 nəfərə qarşı külli miqdarda dələduzluq ediblər. Zərərçəkmişlər turizm şirkətlərinin nümayəndələridir. E.Babayeva və E.Babayev onlardan iş görmək, turpaketlər təşkil etmək adı ilə müxtəlif məbləğlərdə pul və təyyarə biletləri alıblar. Lakin sonradan ödənişlər geri qaytarılmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Babayev səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, E.Babayevanın cəzası 2015-ci il təvəllüdlü qızı 14 yaşına çatana qədər təxirə salınıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan E.Babayev və zərərçəkmişlər apellyasiya şikayəti veriblər.