Ev Turizm Xəbərləri Venesiyada Misir artifaktlarının sərgisi açılıb

Venesiyada Misir artifaktlarının sərgisi açılıb

Misir

Misirin Qədim Abidələr və Turizm Nazirliyi dünyanın bir çox şəhərlərində qiymətli artifaktlardan ibarət sərgilər təşkil edir. Onlardan biri də fevralın 14-də İtaliyanın incisi olan Venesiyada açılıb.

AZƏRTAC nazirliyin məlumatına istinadla xəbər verir ki, iyunun 2-dək davam edəcək sərgidə Qədim Misir fironlarına aid 70 artifaktın surəti, o cümlədən çariça Nefertitinin heykəli, Yuyanın qızıl maskaları, Axenatenin büstü nümayiş etdirilir. Ən qiymətli eksponatlar arasında Tutanxamonun taxtı, bıçaqları və zirehli döyüş geyimi diqqəti daha çox cəlb edir. Sərgidə, həmçinin fironların və çariçaların zinət əşyaları da var.

Nazirliyin rəsmisi Əmr Əl-Teybi bu cür sərgilərin təşkilində məqsəd Misirə daha çox turist cəlb etməkdir. Onun sözlərinə görə, italiyalılar Qədim Misir abidələrinə böyük maraq göstərirlər və sərgiyə gələnlər artifaktların orijinalını görmək üçün səyahət etmək istəyirlər. Əl-Teybi diqqətə çatdırıb ki, İtaliyada 2018-ci ildə keçirilmiş analoji sərgini 100 mindən çox insan ziyarət edib.