Ev Turizm Xəbərləri Virus iqtisadiyyatın bu sahələrini çökdürdü: Dünya böranla üz-üzə

Virus iqtisadiyyatın bu sahələrini çökdürdü: Dünya böranla üz-üzə

Krizis

“Koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsiri göz önündədir. Bir il və daha çox belə davam edərsə, dünya iqtisadiyyatı üçün böyük fəsadlar yarana bilər”.

Bu sözləri Yenisabah.az-a iqtisadçı alim Nazim Bəydəmirli koronavirus panemiyasının iqtisadi fəsadlarından danşarkən bildirib.

Onun sözlərinə görə, pandemiyanın iqtisadi fəsadları 1929-1933-cü illərdə ABŞ-da yaşanmış və “Böyük depressiya illəri” kimi xatırlanan böhranla müqayisə oluna bilər. “İlk siqnallar da bunu demyə əsas verir. Məsələn, pandemiya dövründə Sinqapurda Ümumi Daxili Məhsul (ÜDM) 11 faiz, Çində isə şirkətlərin gəlirləri 40 faiz azalıb. Turizm və nəqliyyat kimi sektorlara ciddi ziyan dəyib. Bu üzdən xidmət sektoru və digər sahələr ziyan çəkirlər. Hesab edirəm ki, pandemiyanın qarşısı qısa müddətdə alınmasa, dünyanın qitisadi düzəni pozula və biz çox ciddi məhrumiyyətlərlə üzləşə bilərik”, – deyə iqtisadçı alim vurğulayıb.

Nazim Bəydəmirlinin fikrincə, bundan sonra dünyada qlobal təhlükələrə həssas yanaşılması əsas şərtdir. Xüsusilə böyük dövlətlərin üzərinə məsuliyyət düşür. “Doğrudur, müəyyən qlobal təhlükələrə, məsələn qlobal istiləşməyə qarşı mübarizə aparılır. Amma bu koronavirus pandemiyasına qarşı aparılan mübarizə qədər effektiv deyil. Məncə, artıq dünyanın böyük gücləri bu barədə bir daha düşünməli, bizi təhdid edən problemlərə qarşı birgə, daha effektiv mübarizə aparılmalı, bu mübarizədə insanlıq ön sırada olmalıdır”.

İqtisadçı alimin sözlərinə görə, Azərbaycan pandemiyanın yaratdığı iqtisadi fəsadları minimuma endirmək üçün daxili istehsala xüsusi diqqət yetirməlidir. “Son illər bununla bağlı müəyyən addımlar atılır. Lakin araşdırmalar zamanı bəlli olur ki, bu məsələdə də bəzi qüvvələr məmur sahibkarlığının çiçəklənməsinə üstünlük verir.

Azərbaycan iqtisadiyyatına birinci zərbəni elə məmur sahibkarlığı vurur. Məhz bunun nəticəsidir ki, real sahibkarlar vəsaitlərini xaricə daşımağa məcbur olub. Məmur sahibkarlığının bir fəsadı da Azərbaycan iqtisadiyyatının idxaldan asılılığının artmasıdır. Bu gün istehlak etdiyimiz malların 80 faizi ölkəmizə idxal olunur.

Bu isə daxili istehsalın inkişafını əngəlləyən amildir. Nəzərə almaq lazımdır ki, idxal həm də monopoliyaya rəvac verir. Xüsusilə, Azərbaycanda bu belədir.

Hesab edirəm ki, hökumət bu məsələlərə ciddi diqqət yetirməli, iqtisadiyyatın neft-qazdan, idxaldan asılılığını azaltmaq istiqamətində addımlar atmalı, inhisarşılığı, məmur sahibkarlığını aradan qaldırmalıdır”, -deyə Nazim Bəydəmirli vurğulayıb.