Yeni Xınalıq yolunun tikinti işləri dəniz səviyyəsindən 1500-2500 metr hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.
Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bildiriblər. Qeyd olunub ki, Xınalıq istiqamətində yeni çəkilən yolun 2021-ci ildə yekunlaşacağı gözlənilir:
“Xınalıq istiqamətində yeni yolun inşası ilə bərabər mövcud Quba- İspik -Xınalıq yolu da nəzarət altındadır. Yolun ehtiyac olan hissələrində mütəmadi olaraq təmir işləri aparılır, avtomobil vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti üçün qabaqlayıcı tədbirlər görülür. Yolun Qüdyalçay çayının kənarı ilə (Qüdyalçay kanyonu) keçən hissəsi növbətçi texnika və işçilər tərəfindən nəzarət altında saxlanılır. Hərəkətin intensivliyinin pozulmasına səbəb olan fəsadlar dərhan aradan qaldırılır. Yeni Xınalıq yolunun tikinti işləri dəniz səviyyəsindən 1500-2500 m hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.
Yeni yolun təqribən 1,2 km-lik hissəsi Böyük Qafqaz sıra dağlarının 2625 m-lik hündürlüyə malik ərazisindən keçir. Yeni inşa edilən yol üzərində Şahdağın ətəklərində Xınalıq kəndi kimi qədim tarixə malik Susay Qrız, və Qalayxudat kəndləri yerləşir. Kəndlərdə qədim tarixə malik evlərdən bəziləri indiyədək qorunub saxlanılıb. Həmin evlərdən bəzilərində hazırda da yaşayış mövcuddur. Burda qədim evlərlə yanaşı turistlərin diqqətini çəkən tarixi abidələr də var.
Yolun çəkilişinə başlanılması ilə artıq nəqliyyat vasitələri də bu yüksək dağlıq ərazilərə qalxmağa başlayıblar. Alternativ yolun üstünlüyü təkcə Xınalığa gediş-gəlişin asanlaşması deyil, eyni zamanda uzun müddət yolun çətinliyi ucbatından istifadəsiz qalmış torpaqlara da yeni həyat verməsidir.
Yeni yolun Alpan, Uzunmeşə, Gərəy, Susay, Kürkün kəndlərindən keçməsini də nəzərə aldıqda aydın bilinir ki, bu, həmin yaşayış məskənləri və ərazidə yaşayan əhali üçün də çox faydalı olacaq. Yolun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasının xeyli yaxşılaşmağa imkan verəcək. Bundan başqa yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına da gətirib çıxaracaq.
Bu səbəbdən ölkənin ucqar kəndində yeni avtomobil yolunun inşası mühüm hadisə kimi qiymətləndirilir. Şübhəsizdir ki, bu hadisə kəndin gələcək inkişafına da xidmət edərək Azərbaycanın bu qədim kəndinin digər sosial problemlərinin həllində də vacib rol oynayacaq.
Qeyd edək ki, Xınalıq istiqamətində təhlükəsiz və rahat Avtomobil yolunun tikintisinin 2021-ci il ərzində yekunlaşdırılması planlaşdırılır”.