Ev Gəzməli yerlər Gəzəyənlər Xorvatiya şimaldan cənuba: Krka və Şibenik

Xorvatiya şimaldan cənuba: Krka və Şibenik

Xorvatiya

Xorvatiyaya səyahət barədə reportajın davamı olaraq, biz Krka Milli Parkından – Dalmasiyanın əsl incisindən danışmaq istəyirik. Meşəli təpələrin arasından axaraq Krka çayına tökülən 7 gözəl şəlalə bu məkanın ən əsas görməli yerləri sayılır. Bu təbiət fenomenindən zövq almaq üçün hər il Milli Parkı 1,3 milyon nəfər ziyarət edir.

Park Şibenik, Knin və Skradin kimi tarixi şəhərlərin yaxınlığında yerləşir ki, bunların da hər biri turistlərin ayrıca diqqətini çəkməyə layiqdir.

Şəlalələr diyarında və ya tuf fenomeni

İlk baxışdan göründüyü kimi, “Krka” sözünü yazarkən biz sait hərfi buraxmamışıq. Xorvat dilində xeyli söz var ki, bunlarda sait hərflər yoxdur. Məsələn: “prst” (barmaq), “trg” (meydan) və s. Bununla belə, “Krka” adı “Kırka” kimi səslənir. 

Ümumi sahəsi 109 kvadrat kilometr olan Milli Park Krka çayını və onun sol qolu olan Çikola çayının aşağı axınının vadilərində ən gözəl yerləri əhatə edir. Parka getməyin ən rahat yolu yaxınlıqdakı Skradin şəhərciyindən müntəzəm üzən teploxodla səyahət etməkdir. Skradindən əvvəl getdiyimiz Zadardan parkadək təxminən 1 saatdan artıq vaxt (76 kilometr) tələb olunur. Milli Parkın Skradində yerləşən turizm ofisində parka giriş biletləri satılır: soyuq mövsümdə (noyabr, dekabr aylarında) biletin qiyməti 30 kuna (təxminən 4,6 dollar), yay aylarında isə 200 kuna (təxminən 30 dollar) təşkil edir. Teploxodun gediş haqqı da biletin qiymətinə daxildir.

Krka

Teploxod yaşıl təpələr arasından dolaşıq axan çay boyunca 20 dəqiqə üzərək, körpüyə yan alır. Buradan parkadək bir az piyada getmək lazımdır. Burada sizi şəlalələrdən birincisi – Skradin şəhərinin şərəfinə adlandırılmış Skradinski buk gözləyir. Bu, 7 şəlalə arasında ən böyüyü və hündürüdür (46 metr). Onun görünüşü insanı məftun edir. Bu, hətta bir deyil, biri digərinə tökülən iki enli şəlalədir. Güclü su axını şəlalənin üzərində buxar əmələ gətirir, hər tərəfə su damcıları sıçrayır, suyun səsindən isə qulaq tutulur. Şəlalə yaşıllıqlarla əhatə olunduğundan suya zümrüd çalarları verir. Bununla belə, Krka çayı büllur kimi təmizdir. Onun sularında üzən balıqları (azı 18 növ) əlbəttə ki, ovlamaq qadağandır. Krka çayı ətrafında flora və fauna son dərəcə müxtəlifdir. Burada 1022 növ bitki, 221 növ quş, 46 növ məməli heyvan var. Bunlardan bir çoxu endemik, nadir və ya yox olma təhlükəsində olanlardır.

Tuf daşı

Krka qoruğunun əsas fenomeni tuf daşıdır. Tuf daşına bu regionda su axını səthində tez-tez rast gəlmək olur. Tuf – suyun çöküntüsü olan məsaməli süxurdur, onu əmələ gətirən yosunlarda, mamırlarda və s. toplanır və bu yolla müxtəlif geomorfoloji formalar yaradır.

Yeri gəlmişkən, Skradinski buk parkda yay aylarında çimmək mümkün olan yeganə şəlalədir. Lakin sentyabrdan may ayınadək çayda çimmək qadağan edilir, çünki bu dövrdə axın güclənir.

Skradinski buk

Körpü vasitəsilə çayı keçən qonaqlar taxta meydançaya ayaq basırlar. Bu meydança onları təhlükəsiz olaraq Milli Parkın maraqlı yerlərinə aparır. Qonaqlar yolda təkcə şəlalələr və müşahidə meydançalarını deyil, bir sıra mədəni-tarixi məkanları, o cümlədən monastırları, kiçik etnoqrafiya muzeylərinə uyğunlaşdırılmış köhnə dəyirmanları, camaşırxanaları və s. görə biləcəklər.

Suyun enerjisi və 950 yaşlı yubilyar

Şübhəsiz, insanlar hələ ta qədimdən suyun gücündən təsərrüfat ehtiyacları üçün istifadə ediblər. Keçmişdə unun üyüdülməsindən ötrü çay üzərində onlarca su dəyirmanı fəaliyyət göstərib. Hazırda onlardan yaxşı vəziyyətdə qalan bir neçəsində ağır dəyirman daşının köməyi ilə keçmişdə buğdanın necə üyüdülməsini görmək mümkündür. Burada, həmçinin qədim camaşırxana var. Qadınlar burada paltar yuyub, təmiz çay suyunun axınında yaxalayardılar. Ənənəvi dəmirçixanada isə milli geyimli usta arzu edənlərə kürəyə havanı püskürməkdən ötrü qədim körükdən, ağır çəkicdən və dəmirçi zindanından istifadə edərək metalın döyülmə prosesini göstərir. 

Əlbəttə, çayın gücü buraya sənayeçiləri cəlb etməyə bilməzdi. Krkanın bəzi hissələrində XX əsrin ərəfəsində 4 hidroelektrik stansiyası tikilib ki, bunlar da sənaye memarlığının son dərəcə qiymətli abidələridir. Onlardan üçü bu günədək fəaliyyət göstərir. Hidroelektrik stansiyaların dördüncüsü – Skradinski bukda yerləşən ən qədimi hazırda bərpa olunur. Bu hidroelektrik stansiyanın unikallığı ondadır ki, o, 1895-ci ildə – Niaqara şəlaləsində Nikola Teslanın hidrostansiyası fəaliyyətə başladıqdan cəmi iki gün sonra işə salınıb. Eyni zamanda, 11 kilometr uzunluğunda elektrikötürmə xətləri tikilərək, Xorvatiyada ilk tam elektrik təchizatı – şəhər işıqlandırma şəbəkəsi çəkilib. Bunun sayəsində Krka yaxınlığındakı Şibenik şəhərində elektrik işığından Vyana, Roma, London və digər Avropa paytaxtlarından daha erkən istifadə olunmağa başlanılıb.

Krka

Krka Milli Parkını ziyarətdən sonra biz haqqında çox eşitdiyimiz Şibeniklə daha yaxından tanış olmaq qərarına gəldik. Şəhərlər Skradindən təxminən 20 kilometr aralıda, Krka çayının Adriatik dənizinə axdığı ərazidə yerləşir.

İlkin mənbələr

İlkin mənbələrdə adı 1066-cı ildə çəkilən şəhərin 2016-cı ildə 950 illiyi qeyd edilib. Orta əsrlərdə şəhər əhalisi duz, şərab, Krka çayı üzərindəki su dəyirmanlarından gələn gəlir və gəmi səfərlərinin hesabına varlanırdı. 1412-ci ildən başlayaraq, təxminən 400 il ərzində Şibenik Venesiya Respublikasının tərkibinə daxil idi. Şəhərin görməli yerlərinin əksəriyyəti, o cümlədən UNESCO-nun Ümumdünya İrs Siyahısına salınan Müqəddəs İakov baş kilsəsi bu dövrdə tikilib. Dalmatiyalı Yuray və Nikola Fiorentinatsın memarı olduğu məbəd 100 il ərzində heç bir bağlayıcı material olmadan bütöv daş bloklardan tikilib. Lakin bu tikilinin maraqlı xüsusiyyəti ondadır ki, o, apsidada (binanın aşağı çıxıntısı) 74 heykəllə əhatə edilib. Hesab olunur ki, bu heykəllər real insanları – Dalmatiyalı Yurayın müasirlərini əks etdirir.

Bu gün baş kilsə və ona bitişik meydan toyların keçirilməsi üçün populyar yerdir. Biz belə bir toyun şahidi olduq. Musiqiçilər kilsənin girişində dayanaraq, gitara, qarmon və kontrabasda çalaraq, birlikdə mahnı oxuyurdular. Həmin səhnə meydanda da eynilə idi. Qonaqlar da onları müşayiət edirdilər.

Kiçik Şibenikdə cəmi 24 kilsə var. Bu, onunla izah olunur ki, keçmişdə tacirlər özlərinin varlanmaqlarını məbəd tikməklə nümayiş etdirirdilər.

Kornatı arxipelaqı və süngərlər adası

Şibenikin Köhnə şəhəri maraqlı memarlıq işləri – portal sütunları, tağlı keçidləri, alaqapıları və s. ilə diqqəti özünə çəkir. Bələdçi bizə evlərin birində maraqlı detal göstərdi: küçə tərəfdən divarın aşağısında qədimdən qalmış daş yem təknəsinin üzərində italyan dilində “itlərə sevgi” sözləri yazılıb. Bu, şəhərlilərin heyvanlara həssas münasibətini sübut edir.

Kornatı park

Köhnə şəhərin maraqlı görməli yerlərindən biri də 1451-ci ildə tikilən “Dörd quyu” meydanıdır. Venesiyalıların hakimiyyəti dövründə şəhərdə su qıtlığı olduğundan hökumət şəhər hersoquna su anbarının tikintisinə başlamağı tapşırıb. Beləliklə, Şibenik əhalini təxminən 450 il su ilə təchiz edən “Dörd quyu” su anbarına yiyələnib.

Köhnə şəhər

Köhnə şəhərin digər məşhur tikilisi qotik və intibah üslubunu xarakterizə edən Yepiskop Sarayıdır (1439-1441). Sarayda kapitellə stilləşdirilən tağ sıraları ilə bəzənmiş iç həyət nəzərdə tutulub.

Şibenik öz adaları ilə də məşhurdur. Şəhər azı 220 ada ilə əhatə olunub. Ən məşhur arxipelaq məskunlaşma olmayan 89 adadan ibarət Kornatı Dəniz Milli Parkıdır. Amma keçmiş zamanlarda bu adalarda insanlar yaşayırmış. Kornatının ən böyük adasında Bizans dövrünün (VI əsr) Tureta qalası, bəzi adalarında isə illiriyalı məskunların izləri qalmaqdadır.

Şibenikdən parkın bəzi adalarına su taksisində getmək olar. Kornatı Milli Parkı ekskursiya üçün populyar yerlərdən biridir. Bu yerlə yaxtada su idmanı ilə məşğul olanları, dalğıcları və sadəcə təbiətsevərlərı xüsusi cəlb edir. Adalarda şam və zeytun ağacları bitir, dələ, müxtəlif quşlar, sürünənlər və digər heyvanlar yaşayır.

Şibenik ətrafında olan daha bir ada – Krapan adası da diqqətəlayiqdir. Bu, Adriatik dənizində ən alçaqda yerləşən və əhalisi az olan adadır. Lakin Krapan təkcə bununla turistlərin diqqətini cəlb etmir. Burada əsrlərboyu dəniz süngərləri tutulur. Bu adanı elə belə də adlandırırlar – süngərlər adası. Adanın ətrafı suyun altındakı qayalı sahələrdə geniş yayılan dəniz süngəri və qırmızı mərcanla zəngindir. Burada dəniz süngərlərinin tutulub-satılması ilə ixtisaslaşan “Žitak” kimi şirkətlər çoxdur. Krapanın ətrafında süngərlər 40 santimetr diametrədək böyüyür, müvafiq emaldan sonra kosmetologiyada, üz və bədən dərisinə qulluq etmək üçün, rəssam emalatxanalarında, keramika, farfor hazırlanmasında, tibbdə və digər sahələrdə istifadə edilir.