Ana Səhifə Aktual XVII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisinin son günü- 7 Aprel

XVII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisinin son günü- 7 Aprel

PAYLAŞ

7 Aprel XVII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisinin son günü idi.

       

Bu il Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF” 2018 sərgisi 5 aprel tarixində Bakı Ekspo Mərkəzində start götürüb. Sayca 17-ci olan bu sərgi turizm biznesi, yerli və regional turizm təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələrini yenidən bir araya toplayacaq və regionun həm daxili, həm də xarici turizm dinamikasını yaxından əks etdirəcəkdir. İşgüzar turizm qovşağı (“hub”) kimi fəaliyyət göstərən “AITF” sərgisi mühüm görüşlərin keçirildiyi, müqavilələrin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi məkandır.

Sərgilərin rəsmi açılış mərasimində cənab Əbülfəs Qarayev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri, cənab Zurab Pololikaşvili – Baş katib, Ümumdünya Turizm Təşkilatı, xanım İrena Georgiyeva – Nazir müavini, Bolqarıstan Respublikası Turizm Nazirliyi və cənab Edvard Stron – İTE Qrup şirkətinin Regional direktoru çıxış ediblər.

Mərasimdə çıxış edən cənab Əbülfəs Qarayev sərginin turizmin inkişafı ilə bağlı olan qlobal tədbirlər təqvimində layiqli yer tutduğunu vurğulayıb. Nazirliyin rəhbəri bildirib ki, Azərbaycan turizminin artım tempi müsbət nəticələrlə xarakterizə olunur. Bu baxımdan, ötən ilin nəticələri diqqətəlayiqdir – xarici turistlər Azərbaycanda ilk dəfə olaraq həmvətənlərimizin xaricdə xərclədiklərindən daha çox pul xərcləyiblər. Cənab Zurab Pololikaşvili qeyd etdi ki, Azərbaycanın beynəlxalq turoperator kimi cəlbedici rolu artır və hazırkı sərginin layiqli ekspozisiyası da bunu əks etdirir. Yeni texnologiyaların hazırlanması, yeni layihələrin yaradılması və müasir biznes modellərinin tətbiqi Azərbaycanda aktiv turizmin perspektiv inkişafını təmin edir. Xanım İrena Georgieva, “AITF 2018” sərgisinin turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar təklif etdiyi Bolqarıstan və Azərbaycanın biznes və dostluq əlaqələrindən məmnunluğunu ifadə edib. cənab Edvard Stron sərgiyə dair təsirli statistik məlumatları qeyd edib və layihənin dəstəklədiyinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, eləcə də ÜTT və müvafiq təşkilatlara öz minnətdarlığını bildirib.

“BÜTÜN DÜNYA – BİR SƏRGİ” Bu deviz altında keçirilən “AITF” sərgisi bu il dünyanın 20 ölkəsindən 277 şirkət və təşkilatı qəbul edir. Hər il sərgi iştirakçılarının sırasına həm yerli, həm də xarici iştirakçılar qatılırlar. Ümumilikdə, “AITF” sərgisində debütantlar iştirakçıların 31%-ni təşkil edirlər. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi qismində hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstan ölkəsidir. Sərgidə 90-dan çox turizm istiqamətini, eləcə də digər turizm xidmətlərini təqdim edən şirkətlər iştirak edir ki, bu da hətta ən tələbkar müştərilərə belə qeyri-standart istirahət proqramı seçmək üçün imkan yaradır. Ölkələrin fəal iştirakı artıq “AITF” sərgisinin vizit kartına çevrilib. Bu il sərgidə Azərbaycan, Gürcüstan, Dominikan Respublikası, İtaliya, Mərakeş, Tailand, Türkiyə, Çexiya, Dağıstan (Rusiya), Roqaşki Slatina (Sloveniya) və Stavropol Diyarından (Rusiya) ümumilikdə 13 milli və regional ekspozisiya iştirak edir. Həmçinin bu il Şərqi Yava (İndoneziya) sərgidə debüt edir. Milli və regional stendlərdə kurort və sanatoriyaların, eləcə də turizm şirkətləri və otel şəbəkələrinin nümayəndələri fəaliyyət göstərəcəklər.

DAXİLİ TURİZM

“AITF” sərgisi Azərbaycanın daxili turizminin inkişafını əks etdirir. Sərgidə hər il Azərbaycanın turizm istiqaməti kimi xarici turistlərə təklif etdiyi yeni imkanları təqdim olunur. Azərbaycanda mədəniyyət və turizmin inkişafı üzrə fəaliyyət planı ilə sərginin daimi iştirakçı olan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin stendində tanış olmaq mümkündür. Azərbaycanın təxminən 20 turizm şirkətini, o cümlədən otel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyası ekspozisiyası həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təklifləri əks etdirəcək.

Dünyanın hər hansı ölkəsinin yerləşdiyi regionun ənənələri və nadir təkrarsız təbiəti ilə tanış olmadan, həmin ölkənin koloritini öyrənmək mümkün deyil. Buna görə də, Azərbaycanın regional turizm mərkəzləri sərgidə həmişə parlaq və rəngarəng şəkildə təqdim edilir. Belə ki, sərgidə İsmayıllı, Lənkəran, Masallı, Şəki, Xaçmaz və Sumqayıtı təmsil edən regional turizm idarələri iştirak edir. Ənənəvi olaraq, sərgidə qonaqları regionun mədəni – tarixi irsi ilə tanış edən Qarabağ stendi təqdim olunur. İkinci ildir ki “ASAN Visa” – elektron viza portalı sərgidə öz stendi ilə iştirak edir. Bu stenddə Azərbaycanda elektron vizanın alınmasının bütün incəlikləri və üstünlüklərini öyrənmək mümkündür. Bakının tarixi mərkəzi olan (və artıq Azərbaycanın hüdudlarından kənarda yaxşı tanınan) qədim İçərişəhərdə turizminin inkişaf imkanları Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən nümayiş olunacaq. Həmçinin Bakı Şopinq Festivalı da (Baku Shopping Festival) sərgidə iştirak edir. Bakı Şopinq Festivalının stendində Festivala qoşulmaq barədə ətraflı məlumatı əldə etmək mümkün olacaq. Sərgidə “Ulduz Turizm” və “Paşa Travel” kimi yerli turoperatorlar, yerli üslubda toxuculuq məmulatları təklif edən “Zadəgan” şirkəti, habelə “Abşeron Hotels Group”, “Gilan Hospitality”, “Ulu Hospitality” və başqa otel şəbəkələri ilə tanış ola bilərsiniz.

TİBBİ VƏ SAĞLAMLIQ TURİZMİ

Çox vaxt Azərbaycan turistləri bütün dünyada tibbi proseduralar və ya yüksək keyfiyyətli səhiyyə və kosmetoloji xidmətlər təklif edən sanatoriya-kurort komplekslərində istirahətə üstünlük verirlər. Bu gün tibbi turizmi bütün dünyada turizm sənayesinin ən dinamik inkişaf edən sahələrindən biridir və buna görə də daim ekspozisiya genişlənir və yeni iştirakçıları cəlb edir. Sərgidə tendensiyalara riayət edilməklə, “Tibbi və Sağlamlıq Turizmi” sektorunu fəal şəkildə inkişaf etdirilir və bu sektoru təmsil edən iştirakçıların sayı hər il durmadan artır. Bu il sərginin tibbi turizm seqmentində Çexiya, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 40-dan çox tibb mərkəzi, klinika, sağlamlıq ocağı və sanatoriyalar iştirak edir. Bu sektorun iştirakçıları istirahət məkanları seçməklə yanaşı, yüksək ixtisaslı tibbi yardım xidmətləri əldə etmə siyahısını nümayiş etdirəcəklər. Beləliklə, sərgi üç gün ərzində turizm xidmətləri, aviaşirkətlər, yerli və regional turizm təşkilatları, mehmanxana şəbəkələrinin geniş çeşidini əyani şəkildə nümayiş etdirəcəkdir.

ƏLAVƏ TƏDBIRLƏR

“AITF” sərgisi çərçivəsində sərginin xarici iştirakçıları və yerli turizm şirkətlərinin iştirakı ilə “B2B” formatlı görüşlər keçirilir. Bu “B2B” formatlı görüşlər iştirakçılara stenddə görüşməklə yanaşı, xüsusi olaraq ayrılmış sahədə həmkar turoperatorlar ilə üz-üzə danışıqlar və təcrübə mübadiləsi aparmağa imkan verir. Bu il “B2B” formatlı görüşlər 6 aprel tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək və aparıcı yerli turizm şirkətlərinin nümayəndələri ilə işgüzar əlaqələr qurmaq, vasitəçilərsiz birbaşa danışıqlar aparmaq və tərəfdaşlıq bazasını genişləndirmək üçün imkan yaradacaq.

Sərgi iştirakçıları da bazarda yeni istiqamətlər və onların təbliğ haqqında məlumat vermək fürsətini əldən buraxmırlar. Belə ki, İtaliya Milli Turizm Agentliyi turizm sənayesinin nümayəndələri üçün “İtaliya kaleydoskopu” adlı maraqlı təqdimat təşkil edir, Çexiyanın “In Travel” şirkəti isə Çexiya kurortları haqqında təqdimatla çıxış edəcək.

Ziyarətçilər və sərgi iştirakçıları Bakı Ekspo Mərkəzinin foyesində müzakirələrdən və işgüzar görüşlərdən uzaqlaşa biləcəklər. Sərginin 3-cü günü sərginin iştirakçı ölkələrinin nümayəndələrinin iştirak edəcəyi “Səyahət festivalı” adlı festival keçiriləcək. Mərkəzi səhnədə regionların və dünyanın ölkələrinin rəqs və musiqi qrupları çıxış edəcək. Festival ölkələrin və bölgələrin ənənə və mədəniyyəti ilə tanış olmaq üçün əla fürsətdir. Belə bir bayramdan sonra, mütləq təmsil olunan ölkələrə səfər etmək istəyəcəksiniz.

Bundan başqa, sərginin keçirildiyi bütün günlər ərzində foyedə həm də “Səyahətimin növbəti istiqaməti …” adlı platforma da fəaliyyət göstərəcək və burada qonaqlar və sərgi iştirakçıları gələcəkdə ziyarət etmək istədikləri (iştirakçı şirkətlərin təmsil etdikləri) şəhər və ya ölkə fonunda yaddaqalan fotoşəkillər çəkə biləcəklər.

“AITF” sərgisinin təşkilatçıları “Çünki biz qayğı göstəririk!” adlı layihə təşəbbüsünü irəli sürmüşlər. Bu layihə öz hobbisini biznesə çevirən əl işi sənətkarlarını bir araya toplayacaq. Bakı Ekspo Mərkəzinin foyesində simvolik bar gətirən ağacın ətrafında 8 tikməçi qadın öz unikal bəzək məmulatları və aksessuarlarını, eləcə də təbii sabun və üzvi kosmetik vasitələri, uşaqlar üçün toxuculuq məmulatları və yataq dəstlərini, toxuma əl çantaları və qəhvə topiarilərini, polimer materialdan əl ilə hazırlanan fiqurları, o cümlədən müxtəlif aksessuar və interyer kompozisiyalarını, habelə müəllif tekstil kukla və poniləri, kuklalar üçün taxta mebel, maarifləndirici yumşaq kitabçalar, planşetlər və digər məhsulları təqdim edəcək.

Həmçinin Bakı Ekspo Mərkəzinin foyesində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzinin stendi yerləşir. Stenddə mərkəzə daxil olan sənətkarların əsərləri təqdim edilir. Əlavə olaraq foyedə Sandiqca brendinə aid olan mükəmməl əl işləri nümayış olunur. Bu brendə aid olan hər bir məhsul (aksessuarlar, örpəklər, səbətlər və s.) Azərbaycanın mədəni irsini əks etdirir.

“AITF” sərgisi yanaşı 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Super-marketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2018” sərgisi də keçirilir. Qonaqpərvərlik sahəsində Cənubi Qafqaz və Xəzəryanı regionun yeganə ixtisaslaşmış tədbiri olan “HOREX Caucasus” sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi, o cümlədən bazarın rəqabət qabiliyyətinin təhlili və möhkəm işgüzar əlaqələrin qurulması üçün əla imkan yaradır. Sərgini hər il bir çox bu sahənin peşəkarları, istehsalçı şirkətlər, eləcə də tədarükçülər ziyarət edir.

Bu il sərgidə qəhvə, qəhvə maşınları, trüfel (göbələk növü) və trüfel məhsulları, yuyucu vasitələr, peşəkar təmizlik avadanlıqları və paslanmayan poladdan hazırlanmış məhsulları və qab-qacaqları və otel, restoran və kafe “HoReCa” sektoru üçün havatəmizləyici filtrlər təqdim edən Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrin şirkətləri iştirak edəcəklər. İlk dəfə olaraq, İtaliyada trüfel (göbələk növü) və trüfel məhsullarının istehsalı sahəsində lider olan “Giuliano Tartufi” şirkəti “Horex Caucasus 2018” sərgisində iştirak edir.

“HOREX Caucasus” sərgisinin işgüzar proqramı çərçivəsində bir sıra premyeralar keçiriləcək. Belə ki, təşkilatçılar tərəfindən ilk dəfə olaraq sərgi iştirakçıları və yerli şirkətlər arasında “B2B” formatlı görüşlər təşkil olunacaq. Bu biznes görüşləri işgüzar ünsiyyət üçün əlavə imkanlar yaradacaq. Bu il “HOREX Caucasus 2018” sərgisində ilk dəfə olaraq barista çempionatı keçirilir. Bu “ətirli” müsabiqənin təşkilatçısı sərginin iştirakçısı olan “Specialty Coffee Association” (SCA) adlı İxtisaslaşmış Qəhvə Assosiasiyasıdır. Çempionatda mütəxəssislər “Latte-art” texnikasından istifadə edərək qəhvə və qəhvə əsaslı içkilərin hazırlanmasında yarışacaqlar.

İlk dəfə olaraq, “HOREX Caucasus” sərgisi çərçivəsində iştirakçılar arasında “Innovation Award” (“İnnovasiya mükafatı”) müsabiqəsi keçiriləcək. Ziyarətçilər qeydiyyatdan keçərkən, onlara innovasiyaları təqdim edən şirkətin stendini göstərən xüsusi kart təqdim olunacaq və ziyarətçilər bu kart vasitəsi ilə öz sənayesində ən yaxşı innovasiyaları təqdim edən şirkətə səs verə biləcəklər. Səsvermə başa çatdıqdan sonra isə ən çox səs toplamış şirkətə fəxri sertifikat təqdim olunacaq. Öz növbəsində, qalib gələn şirkət də səs vermiş ziyarətçilərdən birinə xüsusi hədiyyə verəcəkdir.

DƏSTƏK VƏ TƏŞKİLATÇILAR

“AITF” və “HOREX Caucasus” sərgiləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Həmçinin “AITF” sərgisində daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası “AZTA” sərgiyə dəstək göstərir. Ümumdünya Turizm Təşkilatı “UNWTO” və Asiya-Sakit Okean Turizm Assosiasiyası “PATA” “AITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alırlar. AITF sərgisi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən keyfiyyət nişanına layiq görülüb. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. Sərgilər 7 aprel tarixində öz işlərini bitirəcəklər.