PAYLAŞ
Olimpiya oyunları

Yaponiyada cari ildə dünyanın hər yerindən bu Gündoğar ölkəyə təşrif gətirəcək idmançıların və digər qonaqların qarşılanması ilə əlaqədar son hazırlıq işlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, yarışların baş meydançası olacaq Tokio Milli Olimpiya stadionu artıq istifadəyə hazırdır. İnşaat işlərinin bir neçə il davam etdiyi yeni idman obyektində tikinti işlərinə ötən ay yekun vurulub. Təşkilat komitəsinin yaydığı məlumata əsasən, iyulun 24-də Milli stadionda Olimpiya Oyunlarının açılış mərasimi olacaq. Bundan sonra bu idman obyektində müxtəlif yarışların keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Tokio 2020” Olimpiya Oyunlarında 33 idman növü üzrə 339 yarış təşkil olunacaq. Bunlardan da 5-i Olimpiya yarışlarına daxil edilən yeni idman növüdür və bu idman növləri üzrə 18 yarış keçiriləcək. Həmin idman növlərinə beysbol, softbol, skeytbordinq, serfinq, karate və idman dağa dırmanması daxildir. Təşkilatçıların qənaətinə görə, bu idman növləri Olimpiya azarkeşlərinin yeni nəslinin diqqətinə səbəb olacaq. Bu idman növlərindən bir neçəsinin “Paris 2024” Olimpiya Oyunlarına daxil edilməsi də nəzərdə tutulur.

Cari ildə yarışlar 43 idman obyektində keçiriləcək ki, bunlardan 8-i məhz Olimpiya Oyunları üçün inşa edilib. Həmin siyahıya daxil olan obyektlər sırasında 1964-cü il Olimpiadası zamanı inşa olunan idman meydançaları da var. Bu obyektlərin əksəriyyəti ya əsaslı təmir edilib, ya da yenidən qurulub. Yarışların təşkilatçıları tamaşaçıların marağını nəzərə alaraq həmin obyektlərin Tokionun mərkəzində, bir-birinə yaxın məsafədə yerləşdirilməsinə çalışıblar.

Bununla yanaşı, bir sıra idman yarışlarının Yaponiyanın şimal-şərqində, 2011-ci il zəlzələsinin və sunaminin böyük zərər vurduğu Miyaqi və Fukuşima prefekturalarında keçirilməsi nəzərdə tutulur. Həmin prefekturalarda futbol, beysbol və softbol üzrə yarışların keçirilməsi planlaşdırılır. Təşkilatçılar bununla təbii fəlakətdən sonra aparılmış bərpa işlərində əldə edilən uğurları nümayiş etdirəcəklərinə ümid bəsləyirlər.

Yaponiyanın şimal-şərqi, həmçinin Oyunların məşəl estafetində mühüm rol oynayacaq. Belə ki, estafetə start verilməzdən əvvəl 5 gün ərzində məşəl “Ümid yolumuza işıq saçır” şüarı ilə təbii fəlakətdən zərərçəkmiş rayonlarda nümayiş etdiriləcək.

Əlavə olaraq, qeyd edək ki, Fukuşima prefekturasındakı “J-Village” Yaponiyanın əsas futbol təlimi mərkəzlərindən biri sayılır. Məşəl estafetinin də məhz bu idman obyektindən başlanması nəzərə tutulur. Həmin obyekt uzun müddət qəzalı “Fukusima-1” AES-də aparılan işlərlə bağlı baza rolunu oynayıb. Ötən ilin aprelində bu obyektin yenidən idman yarışları üçün açılması, həmin prefekturada aparılan bərpa işlərinin nə qədər irəliləməsinin rəmzinə çevrilib.

Yarışların məşəl estafetinin isə ümumilikdə 121 gün davam etdirilməsi və Yaponiyanın 47 prefekturasını əhatə etməsi nəzərdə tutulur. Onun hərəkət marşrutuna Fuci dağından başlamış Tottorinin qum təpələrinə kimi məşhur turizm obyektləri daxil edilib. Həmin tədbirə qatılacaq 10 min insan məşəlin Milli stadiona çatdırılmasına və Olimpiya Oyunlarının açılışı mərasimi zamanı əsas məşəlin yandırılmasına yardım edəcək.

“Tokio 2020” Olimpiya Oyunlarının məşəli sakura ağacının çiçəyi əsasında düzəldilib.

Hazırda dünyanın məşhur idmançıları Olimpiya və Paralimpiya Oyunlarına qatılmaq üçün müxtəlif yarışlarda lisenziya uğrunda mübarizə aparırlar. Onların sırasında azərbaycanlı idmançılar da var.

Lakin bununla yanaşı, təşkilatçıların qarşısında Olimpiya Oyunlarının lazımi səviyyədə keçməsi üçün çoxsaylı problemlər hələ də qalmaqdadır. İqlim dəyişmələri nəticəsində ötən yay Tokioda qeydə alınan istilər təşkilatçıları marafon və idman gəzintisi üzrə yarışları Yaponiyanın şimalında yerləşən Sapporoya dəyişməyə məcbur edib. Artıq həmin şəhərdə yarışların marşrutu dəqiqləşdirilib, yaşayış və təhlükəsizliklə bağlı problemlər də həll olunub.

Beynəlxalq Olimpiya Komitəsinin Sapporoda havanın temperaturunun Tokio ilə müqayisədə 5-6 dərəcə aşağı olacağı barədə meteoroloqlara istinadla yaydığı məlumat yarışların həmin şəhərdə normal təşkilinə ümid yaradır.

Bundan əlavə, hazırda Tokio hökuməti yarışlar zamanı yollarda yarana biləcək tıxaclar, baş verə biləcək təbii fəlakətlər və turistlərin müxtəlif dillərdə xidmətlə təminatı kimi məsələləri də həll etməyə çalışır.

Tokio da daxil olmaqla, Yaponiyanın bütün şəhərləri Olimpiya və Paralimpiya Oyunları zamanı bu Gündoğar ölkəyə səfərə hazırlaşan idmançıları və turistləri səbirsizliklə gözləyir.