Bu yay Rusiyanın Yekaterinburq şəhərindən Bakıya hava reyslərinin sayı artırılacaq.
“E1.ru” portalının Koltsovo aeroportunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu marşruta “İrAero” aviaşirkətinin təyyarələri cəlb olunacaq.
Əlavə uçuşlar iyunun 18-dən etibarən həyata keçiriləcək. İlk hava reysi Bakı vaxtı ilə qeyd olunan gün saat 16.30-da gerçəkləşəcək və səyahət üç saata yaxın çəkəcək.
Hava reysində 103 sərnişin tutumu olan “Sukhoi Superjet 100” təyyarəsindən istifadə olunacaq.
Aviaşirkətin saytında hazırda bir istiqamətə biletin qiyməti 10780 rubl (təx. 280 manat – red.) təşkil edir.
Qeyd edək ki, hazırda Yekaterinburq-Bakı istiqamətində uçuşlara “Ural hava yolları” şirkəti nəzarət edir. Bu istiqamətdə yeni aviadaşıyıcının fəaliyyətə başlaması ilə uçuşların sayı həftəyə üç reysə çatacaq.
Koltsovo aeroportunun mətbuat xidməti qeyd edir ki, Azərbaycan paytaxtı Ural sakinləri arasında ən populyar turizm istiqamətlərdəndir. 2018-ci ildə bu istiqamətdə 24 min nəfər uçub.