Şübhəsiz ki, dünyada görməli olduğunuz yerlər siyahısında Boliviyanın məşhur “Salar de Uyuni”-si yer almalıdır.
“Salar de Uyuni” Boliviyanın And dağlarının ən geniş olduğu ərazidə yerləşir və təxminən 11,000 kvadrat kilometri əhatə edir. Bu heyranedici məkan qədim dövrdə göllərin buxarlanması nəticəsində əmələ gəlib və dünyadakı ən böyük duz səhrası (şoranlıq) hesab olunur. Sözügedən destinasiya dəniz səviyyəsindən 3657.6 metr yüksəkdə yerləşir və təxminən 10 milyard ton duzdan ibarətdir.
Buradaki poliqonal naxışlı qalın duz təbəqəsi üfüqə qədər uzanır. İlin müəyyən vaxtlarında, qonşu göllərin suyu daşaraq duz səhrasının üzərində nazik bir su təbəqəsi əmələ gətirir. Səmanın suya yansıması nəticəsində isə, şəkillərdə gördüyümüz bu möhtəşəm mənzərə əmələ gəlir:
“Salar de Uyuni”-ni görmək üçün iki əsas sezon var. 1-ci sezon, dekabr-aprel aylarını əhatə edir və yağışlı sezondur. Bu ərəfədə, turistlər şoranlığın heyranedici güzgü effektini öz gözləri ilə görə bilirlər. İkinci sezon, may-noyabr aylarını əhatə edir. Bu ərəfədə isə, yer quru olduğundan turistlər yağışlı vaxtda gedilə bilməyən yerləri görə bilir və maşınla duz səhrasında rahat hərəkət edə bilirlər.
Bu məkanda dünyadakı ilk duz oteli yerləşir və yoldan keçən turistlər tərəfindən xüsusi maraqla qarşılanır. Qeyd edək ki, məkanın əsas gəliri turizm sahəsindən deyil, buradan çıxarılan mineral, duz və litiumun (Elektrik maşınların, noutbukların və mobil telefonların işləməsi üçün tələb olunan maddə) satışından əldə edilir.
Cənubi Amerikada yerləşən bu möcüzəvi yer təəssüf ki, bir çox səyahətçinin diqqətindən kənarda qalır. Yəqin ki, səbəb isə, məsafə çoxluğu və bu yerin Avropanın Parisi, ABŞ-ın Nyu Yorku qədər məşhur olmamağıdır. Bütün bunlar öz növbəsində bu gözəl məkana səyahəti çətinləşdirir.