Fehruz Şəmiyev

BAKI, 8 sentyabr — Sputnik. Bu il keçiriləcək “Bakı qısa filmlər” beynəlxalq festivalı sayca onuncudur. İndiyə qədər o, “Start” adı ilə tanınıb. 2004-cü ildə bu festival “Cinema” gənc kinematoqrafçılar birliyi tərəfindən yaradılıb.

Festivalın təşkilatçısı Fehruz Şəmiyev bildirir ki, “İlk olaraq azərbaycanlı tələbələr arasında lokal şəkildə həyata keçirirdiksə, hal-hazırda bizim festival beynəlxalq səviyyədədir. Ötən il iştirak üçün 600-ə yaxın müraciət olub. Onlardan 80-i beynəlxalq müsabiqəyə, 20-si yerli müsabiqəyə vəsiqə qazanıb. Həmin filmlər Rusiya, İran, Fransa, Almaniya, Qazaxıstan, Ukrayna, Yunanıstan, İspaniya və s. ölkələri təmsil edirdi. Beynəlxalq filmlər və yerli filmlər üçün ayrı-ayrı kino xadimlərindən ibarət münsiflər heyəti formalaşdırdıq. Bu illər ərzində bir çox tanınmış imzalar var ki, ilk addımlarını məhz bizim festivaldan başlayıblar. Elvin Adıgözəl Kannda senari proqramına qəbul olunub. Buna qədər isə onun bir filmi “A” kateqoriyalı festivalda iştirak edirdi. Ona görə də indi qətiyyətlə deyə bilərik ki, əziyyətimizin bəhrəsini görürük”.

Fehruz Şəmiyev

– Söhbət öncəsi ötən il festivalın 9 illiyi ilə bağlı nəşr etdirdiyiniz jurnal ilə tanış oldum. Yetəri qədər tanınmış xarici mütəxəssislər, eləcə də filmlər dəvət etmisiniz. Bu şəxslər və filmlər festivala necə cəlb olunurlar?

– Sözün düzü, Azərbaycan üçün çətindir. Qonşu Gürcüstanda müxtəlif tipli 12 film festivalı var. Bizdə neçə illərdir fərqli festivallar yoxdur. Yalnız bizim tədbirimizdir ki, o da ölkədə ən uzun ömürlüdür. Amma əvvəllər “Şərq-Qərb”, “Audiovizual” adında festivallar olsa da, 5-6 il fəaliyyətdən sonra dayanıb. O ki qaldı cəlb etməyə, mən özüm müxtəlif forumlarda iştirak edirəm. Eyni zamanda bizim komandamız 6 ay öncədən müxtəlif kino şirkətləri ilə danışıqlar aparır. Məlumat üçün deyim ki, sonuncu festivalda 25 nəfərlik komandamız var idi. Ötən il və bu il müraciət edənlərin statistikasına görə deyə bilərəm ki, festivalımıza maraq həddən artıq çoxdur. Təbii ki, bu da bizim komandanın əməyidir.

Fehruz Şəmiyev

– Yəqin ki, marağın artmasında Azərbaycanın həm də son illər adının daha çox hallanması, tanıtımın daha səviyyəli şəkildə aparılması, turizm sahəsinə olan diqqət də rol oynayır.

– Sizə adi bir nüans deyim. Bizim festivalın mükafatı nar formasındadır. Bilirik ki, nar həm də Azərbaycanın bir simvolu kimi qəbul olunub. Festival beynəlxalq səviyyədə olduğu üçün biz də fikirləşdik ki, bu simvoldan istifadə edək. Ölkəni həm də belə tanıdaq. Bu cür nümunələr çoxdur. Türkiyədə “Altın portakal”, Kannda “Palma budağı” və sairi misal gətirmək olar.

– Festivalda hansı nominasiyalar var və pul mükafatı nəzərdə tutulubmu?

– Əvvəllər pul mükafatı olub. Beynəlxalq təcrübəyə görə, iştirak haqqı olarsa, pul mükafatı təyin edilir. Biz də bunu tətbiq etmək istəyirdik. Amma gördük ki, yerli filmlərimiz buna hazır deyil. Biz çalışırıq, bu problemi aradan qaldıraq. Bu, gənclər arasında da bir stimul yaradar. Baxmayaraq ki, pul mükafatı yoxdur, amma maraq çox böyükdür. Təkcə Almaniyadan 60 film təqdim edilib. Ən yaxşı bədii film, ən yaxşı sənədli film və ən yaxşı animasiya filmi nominasiyaları üzrə qaliblər təyin olunacaq. Bu il bir yenilik də etmişik: yerli proqram çərçivəsində bunlarla yanaşı, ən yaxşı sosial çarx nominasiyası da olacaq. Düşünürəm ki, son illər ölkədə sosial çarx yetəri qədər çəkilir. Xüsusilə də gənclər tərəfindən. Niyə onların əziyyəti yerdə qalsın ki? Məncə, bu nominasiya festivala marağı daha da artıracaq.

Fehruz Şəmiyev

– Yerli rejissorlar beynəlxalq proqrama müraciət edə bilərlərmi?

– Qaydalara görə, rejissor iki film ilə müraciət edə bilər. Amma bir film bir yerə təqdim olunmalıdır.

– Filmin yerli və ya beynəlxalq proqrama uyğunluğu sizin seçiminizlə təyin olunur, ya rejissor özü istədiyi yerə müraciət edə bilər?

– Bu, rejissorun istəyinə bağlıdır. Amma bizdə adətən rejissorlar yerli proqrama müraciət edirlər. Çünki beynəlxalqda rəqabət güclüdür və xarici filmlərin yanında qalib olmaq şansı çox azdır.

– Xarici filmlər burada hansı səviyyədə təmsil olunur, kimlər təmsil edirlər?

– Hər filmdən bir nümayəndə gəlir. Təbii ki, bu, festivalın büdcəsindən asılıdır. Hər il çalışırıq ki, heç olmasa, 20 nəfər dəvət edək. Ciddi festivallar gələn qonaqların xərclərini mütləq qarşılamalıdır. Hər il olduğu kimi, bu il də festivalın əsas dəstəkçisi Mədəniyyət Nazirliyi ilə yanaşı, Gənclər və İdman Nazirliyidir. Bu nazirliklərin gənclərin iştirak etdiyi festivala yardımçı olmaları çox yaxşı haldır.

Fehruz Şəmiyev

– Fehruz bəy, vaxtilə “Kino+” qəzeti var idi. Siz, Aygün Aslanlı, Sevinc Elsevər, Şərif Ağayar, Aliyə Dadaşova maraqlı bir iş qoymuşdunuz ortaya. Xatırlayıram, hər sayını alırdım. Yenidən bu qəzeti bərpa etmək fikriniz varmı?

– Maraqlı məqama toxundunuz. Əslində, bu ideya hər dəfə ağlıma gəlib, gedir. Amma siz də çox gözəl bilirsiniz ki, qəzet saxlamaq üçün daimi maliyyə lazımdır. Hələ ki, bunu etmək gücündə deyilik.

Müsahibəyə görə təşəkkür edirəm. Sonda bir məqamı da vurğulamaq istəyirəm. Builki festivalda sürprizlərimiz çox olacaq. Ona görə də ölkədə fəaliyyət göstərən bütün gənc rejissorlarımızı festivala qatılmağa dəvət edirik. Qeyd edim ki, festivala film təqdimatı sentyabr ayının 20-nə qədər davam edəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin