Son illər Azərbaycanda turizmə diqqət artırılması restoran biznesinin də sürətlə inkişafinı şərtləndirib. Lakin bu sahədə müəyyən çatışmazlıqlar var. Müştərilər xüsusilə, xidmətdən narazılıq edilər. Yenisabah.az mövzu ilə bağlı süfrə mədəniyyəti üzrə ekspert Mahir Əhmədzadə ilə söhbətləşib:
– Mahir müəllim, restoranlarda xidmətdən narazılıqlar var. Sizcə, bu narazılıqlar əsaslıdırmı?
– Əslində, indi vəziyyət əvvəlki illərlə müqayisədə yaxşıdır. Mən 1999-cu ildən bu sahədə çalışıram. Həmin illərdə xidmət səviyyəsi doğrudan da aşağı idi. Amma getdikcə əsas çatışmazlıqlar aradan qaldırıldı. Moder restoranların açılması xidmətin də beynəlxalq standartlara uyğun şəkildə təşkil edilməsini zərurətə çevirdi. Doğrudur, elə restoranlar var ki, orada xidmət səviyyəsi o qədər də yüksək deyil. Lakin bunun da obyektiv səbəbləri var.
– Hansı səbəblərdən söhbət gedir?
– Əsas səbəb süfrə mədəniyyəti ilə bağlı maarifləndirmə işinin zəif aparılmasıdır. Telekanallarda mətbəx verilişləri nümayiş etdirilir. Bu yaxşı haldır. Amma daha yaxşı olardı ki, orada bişirilən yeməklərin süfrəyə necə qoyulması, qab-qacaq seçimi barədə danışılsın. Bu çox vacibdir. Sənin restoranında dadlı təamlar hazırlana bilər. Amma onu müştəriyə elə təqdim edərsən ki, bir daha restoranına gəlməz. Əvvəlki dövrlərlə müqayisədə insanlar indi restorana daha tez-tez gedir. Bu baxımdan, xidmətə ciddi diqqət yetirilməlidir. Bilirsiniz, bu sahədə ixtisaslı kadrlar o qədər çox deyil.
– Sizcə, kadr azlığının səbəbi nədir? Bu sahəyə maraq yoxdur, yoxsa başqa səbəblər var?
– Əsas səbəb bu sahəyə müvəqqəti iş kimi baxılmasıdır. Məsələn, kimsə işsizlik üzündən hansısa restoranda süfrəçi, yəni ofisiant işləyir. Amma bu işə dırnaqarası yanaşır. Bunu müvəqqəti iş hesab edir. Bu halda təbii ki, məsuliyyətli olmur. Nəticədə müştəriyə xidmət keyfiyyətli şəkildə olmur. Fikrimcə, bu sahəyə qədəm qoyanlar gənclər seçimini etməlidirlər. Xüsusilə, bu sahəyə aid olan təhsilli şəxslər karyeraları üçün məsuliyyətlərini artırmalıdırlar. Təəssüf ki, bu ənənə Azərbaycanda hələ tam formalaşmayıb. Lakin ümid edirəm ki, getdikcə vəziyyət daha da yaxşılaşacaq. Çünki artıq restoranlar xidmət sahəsinə ciddi önəm verməyə başlayıblar.
Bir məqamı da qeyd edim. Bu sahədə peşəkarlıq üçün yalnız nəzəriyyə kifayət deyil. Bu sahədə praktika daha önəmlidir. Ona görə də süfrəçilik sahəsinə maraq göstərənlər praktikaya üstünlük verməlidirlər. Yalnız kitabda oxuduqları ilə kifayətlənməməli, improvizələr etməli, fantaziyasını işə salaraq müştərini daha çox məmnun etməyə çalışmalıdır. Bir də, bu sahədə əsas məsələ düzgünlük, müştərilə münasibətdə etiket qaydalarına ciddi diqqət yetirmək və təmizlikdir. Əgər bu meyarlar olmasa, o zaman müştəri ximdətdən razı qala bilməyə bilər.
Gəlin qardaş Türkiyəyə baxaq. Bu gün Türkiyədə bu sahə güclü inkişaf edib. Türkiyə servisi dünyaya səs salıb. Niyə? Çünki onlarda turizm, restoran biznesi inkişafa qədəm qoyandan bu sahədə məktəblər, kurslar çoxalıb. Digər tərəfdən bu sahəyə gələnlər işlərinə məsuliyyətli yanaşır. Bu həm fərd olaraq işçi üçün yeni perspektivlər açır, həm işlədiyi obyektin nüfuzunu qaldırı, həm də vətəndaşı olduğu ölkəni tanıtdırır. Vətənə, xalqa xidmət müxtəlif cür olur. Hesab edirəm ki, yaxşı süfrəçi həm də vətənə, xalqa xidmət edir. Ən azı tursitlər bu barədə öz ölkələrində danışır. Məgər bu ölkəni tanıtmaq deyil?
– Qadınların bu sahədə azlıq təşkil etməsi barədə sosial şəbəkədə status paylaşmışdınız. Siczə, bunun səbəbi nədir?
– Təbii ki, bu ilk növbədə mühafizəkar cəmiyyət olmağımızla əlaqədardır. Lakin bu məsələ də getdikcə həllini tapmaqdadır. Yəni, insanlar artıq restoranlarda işləyən qadınlar haqqında ənənəvi düşüncədə deyillər. Bilirsiniz, yenə də deyirəm, burada maarifçilik əsas rol oynayır. İnsanlar bilməlidir ki, restoranda çalışmaq heç də aşağı, pis iş deyil. Əksinə, bu bir mədəniyyətdir. Burada qadın da, kişi də işləyə bilər. Bizim elə xanımlarımız var ki, süfrə mədəniyyətini öz ailələrində əxz ediblər. Hansısa səbəbdən ali təhsil ala bilməyən, yaxud başqa sahədə iş tapa bilməyən xanımlar süfrəçilik sahəsində çalışmaqdan çəkinməməlidirlər. Necə olur ki, qadın restorana gələ, orada istirahət edə bilir və heç kim bu barədə neqativ notlarla danışmır, amma qadın restoranda işləyəndə belə düşünmürlər. Bu yanlış yanaşmadır.
– Ümumiyyətlə, hazırda Azərbaycanda bu sahəyə maraq hansı səviyyədədir?
– Əvvəlki illərlə müqayisədə indi bu sahəyə maraq artıb. Mən əlbəttə ki, müvəqqəti olaraq bu sahədə işləyənlərdən yox, peşəkar kadrlardan danışıram. Xeyli sayda gənclər var ki, bu sahədə çox böyük uğurlara nail olublar və bu proses davam edir. Bunun da əlbəttə ölkəmizə də müsbət təsirləri var. Yaxşı xidmət turizmin inkişafına mühüm töhfə verə bilər. Turizmin inkişafı isə əlbəttə ki, iqtisadiyyatın inkişafıdır. Bu yerdə rəhmətlik Prezident Heydər Əliyevin sözü yada düşür: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.