Ev Turizm Xəbərləri Ümumdünya Turizm Təşkilatı bütün tədbirləri təxirə saldı

Ümumdünya Turizm Təşkilatı bütün tədbirləri təxirə saldı

Ümumdünya Turizm Təşkilatı

Mərkəzi ofisi Madrid şəhərində yerləşən BMT-nin Ümumdünya Turizm Təşkilatı (UNWTO) koronavirusun (COVİD 19) yayılması ilə əlaqədar bütün tədbirlərini aprelin sonuna qədər təxirə salıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun rəsmisi Marcelo Risi məlumat verib.

“Bu gün Ümumdünya Turizm Təşkilatı qlobal səviyyədə aprel ayının sonunadək bütün tədbirlərini təxirə salır. Təxirə salınan tədbirlərin nə vaxt keçiriləcəyi isə hadisələrin inkişafından asılı olacaq”, – o bildirib.

UNWTO-un mərkəzi ofisdə işləyən bütün işçiləri bundan sonra evdən işləyəcəklər.

M.Risi bildirib ki, təşkilatın heç bir aktiv fəaliyyəti olmayacaq: “Biz səhiyyə təşkilatların tövsiyələrinə əməl edirik. Əlbəttə ki, fəaliyyətimizi davam etdirəcəyik”.

Qeyd edək ki, bu gündən Madriddə bütün mağazalar (ərzaq və zəruri mallar, o cümlədən aptek və yanacaqdoldurma məntəqələri istisna olmaqla) restoranlar, barlar, teatrlar, kinoteatrlar, muzeylər, kazinolar, bəzi parklar bağlanacaq. Rəsmilər insanları mümkünsə evlərini tərk etməmələrini tövsiyə edib.

Son məlumatlara görə, İspaniyada virusa yoluxanların sayı 5 753 nəfərdir, onların da təxminən 3 min nəfəri Madriddədir. Epidemiya başlayandan bəri ölkədə 136 nəfər ölüb, 517 nəfər sağalıb.