Kosmik otel layihəsi hazırlanıb
ABŞ Kosmik Agentliyi (NASA) mütəmadi müxtəlif müsabiqələr keçirərək maraqlı və faydalı texnologiyalar yarada bilən iddialı alim qruplarını cəlb etməyə çalışır.
Gezmeli.az ICTnews-a istinadən xəbər verir ki, bu yaxınlarda Yerətrafı orbitdə həyat üçün yararlı obyektlərin hazırlanması üzrə müsabiqə keçirilib. Müsabiqədə qələbəni kosmik hotel layihəsini təqdim edən Massaçusets Texnologiya İnstitutunun komandası qazanıb.
“Managed, Reconfigurable, In–space Nodal Assembly” (“Marina”) adlanan layihənin yaradıcılarının planlarına görə, kosmik otel ləçəklər şəklində dairəvi yerləşən səkkiz hava ilə doldurulmuş moduldan ibarət olacaq.
Məlumata görə, hotelin gələcəkdə Beynəlxalq Kosmik Stansiyanı əvəz etməsi NASA-ya kosmik turist axını sayəsində xərcləri azaltmağa imkan verəcək. Bundan başqa, modulların sayını tədricən artırmaq və onları digər şirkətlərə icarəyə vermək mümkün olacaq.
Konsept yaradıcılarının sözlərinə görə, hoteldə bar, restoran, fitneslə məşğul olmaq üçün zal, birinci dərəcəli xidmətlərin göstərildiyi otaq nömrələri və s. yerləşəcək. Əsas fərqli cəhət isə qonaqlar üçün böyük illüminatorlardan açılan sehirli mənzərələr olacaq.
Mütəxəssislərin ilkin hesablamalarına görə, hoteldə iki həftəlik qalmaq üçün qiymət təxminən 5 milyon dollar təşkil edəcək.
Rusiya kosmik otel istifadəyə verəcək. Otel 9 nəfərlik olacaq və müştərilər “Soyuz” kosmik gəmiləri vasitəsilə orbitə çıxarılacaq. Kosmosa yollanmaq 700 min avroya başa gələcək.
Kosmik otelin layihəsini Rusiyanın “Orbital texnologiyalar” və “Energiya” RKK hazırlayır.
2016-cı ildə istifadəyə verilməsi planlaşdırılan Kommersiya Kosmik Stansiyası (KKS) adlı otel Beynəlxalq Kosmik Stansiya ilə müqayisədə qat-qat rahat olacaq. Belə ki, oteldə əsl duş, şaquli və üfüqi yataqlar nəzərdə tutulub. Turistlər indi kosmonavtlar təki tübiklərdəki qida ilə yox, əsl yeməklə qidalanacaqlar.
İçkilər arasında yalnız spirtli içkilər yasaqlanacaq. KKS-ın ekipajı isə xidmətçi personal funksiyalarını yerinə yetirəcək.