İspaniya haqqında nələri bilmirik?
İspaniya Avropanın ən şən və qonaqpərvər ölkələrindən biri və bəlkə də birincisidir. Nə vaxt İspaniyaya gəlsəniz, mütləq bir bayram və ya karnavalın şahidi olacaqsınız. İspanlar öz maraqlı adətləri ilə hamıdan seçilirlər. Belə bir ehtimal var ki, İspaniya sözü “dovşanlar ölkəsi” kimi tərcümə olunur.
İspaniya deyəndə ağlınıza təkcə məşhur korridalar gəlirsə, deməli məlumatınız çox azdır. Onda bu yazı sizinçün həqiqətən maraqlı olacaq.
Bilirsinizmi ki, İspaniya Avropanın ən dağlıq ölkəsidir, Madrid isə Avropadakı ən “hündür” paytaxtdır. Həmçinin Madrid İspaniyanın düz mərkəzində yerləşir. Madridin də tam mərkəzində, Puerta del Sol meydanında “0-cı kilometr” adlı nöqtə var. Ölkədəki bütün yollar başlanğıcını məhz bu nöqtədən götürür.
Hazırda bu ölkədə 46 milyondan çox adam yaşayır. Bu dövlətin himnində sözlər yoxdur.
Siz kartofu, pomidoru, kakaonu sevirsinizmi? Bu məhsullara görə məhz ispanlara təşəkkür etməliyik, çünki onları bizimlə tanış edən məhz ispanlardır.
Dünyanın ən qədim restoranı da İspaniyada yerləşir. Bu, 1725-ci ildə Madriddə açılmıış “Botin” restoranıdır. Bundan başqa bu ölkədə ildə cəmi 6 ay işləyən restoran da var. Həmin restoranda qeyri-adi yeməklər dadmaq mümkündür. Məsələn, qum dadı verən şokolad, balıq dadı verən dondurma və sairə.