PAYLAŞ
AİTF

Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2019”) sərgisinin ikinci günü keçirilən tədbirlərdən biri də foto və səyahətə həsr olunub.

Tədbirdə tarixçi, etnoqraf İradə Qədirova ölkəmizdə eko-turizmin inkişafı ilə bağlı görülən işlərdən danışıb. O, bölgələrə də əcnəbi turistlərin səfərlərinin təşkilinin vacibliyini qeyd edib.

Mühəndis və fotoqraf Emin Dostəliyev dünyanın 40-a yaxın ölkəsində olduğunu söyləyib. Madaqaskar, Kamerun, Mozambik, Mərakeş Tailand kimi ekzotik yerlərə səfərləri zamanı fotoçəkilişlər etdiyini deyən natiq, bu sahədə qazandığı təcrübəni və xatirələrini bölüşüb.

Fotoqraf Fərid Novruzi də sərgidə nümayiş olunan fotoları ilə fərqlənib. Çıxışından məlum oldu ki, o da aktiv səyahətçidir və dünyanın qeyri-adi yerlərində foto çəkilişlər edib. Antarktikaya səyahəti zamanı oradakı əriyən buzlaqları seyr edib və heyvanat aləmi ilə elə də zəngin olmayan adalarda gördüklərini kameranın yaddaşına köçürüb.

O, həmçinin Meksikada yerləşən, dərinliyi 300 metr olan dünyanın ən böyük mağarası “Cave of Swallows” (Qaranquşlar mağarası), Namibiyadakı “Sossusvlei səhrası”nda olub, Madaqaskarda yerləşən “Boabab küçəsi”ndə ağacların əhatəsində şəkil çəkdirib, UNESCO tərəfindən mühafizə olunan “Tsingy of Bemaraha” milli parkında qayalıqların arasından və asma körpülərdən keçib, Perudakı “Maçu Pikçu”da selfiləri ilə tamaşaçıları təəccübləndirib.

Sərgidə, həmçinin Fərid Novruzinin son illərdə çəkdiyi fotoşəkilləri də sərgilənir.

Xatırladaq ki, aprelin 6-dək davam edəcək “AITF-2019” sərgisinə dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat qatılıb.