Ev Turizm Xəbərləri “Aqrar Tədarük və Təchizat” ASC-nin təmsilçisi: Festivallar yerli məhsulların təşviqi üçün çox...

“Aqrar Tədarük və Təchizat” ASC-nin təmsilçisi: Festivallar yerli məhsulların təşviqi üçün çox əhəmiyyətlidir

Vüqar Namazov

Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC bölgələrdə aqrar sahə üzrə keçirilən festivallara həmişə böyük dəstək göstərir. Belə festivalların keçirilməsində əsas məqsəd yerli məhsulların satışının təşviqidir. Bu sahəyə marağın yönləndirilməsindən ibarətdir. Bu festivallar, eyni zamanda, bölgələrdə aqroturizmin inkişafına da böyük təkan verir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov Balakəndə keçirilən III Xurma festivalının yekunları ilə bağlı müsahibəsində söyləyib.

Azərbaycanda aqroturizm sahəsinin böyük potensialının olduğunu vurğulayan ASC-nin təmsilçisi deyib: “Yerli və xarici turistlər belə festivallara böyük maraq göstərirlər. Festivallar bölgələrə turistlərin cəlb edilməsi üçün çox əhəmiyyətlidir. Turistləri yalnız gəzmək düşündürmür. Onlar, eyni zamanda, alıcılar, həm də gələcəyin sərmayəçiləri, təsərrüfatçları, fermerləridir”.

Kənd Təsərrüfatı Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə reallaşan “Şəhərdən Kəndə” aqroturizm layihəsi çərçivəsində festivalda iştirak etmək üçün Balakən rayonuna 50 nəfərdən çox aqroturistin səfər etdiyini vurğulayan Vüqar Namazov deyib: “Festivalda, həm də “Kənddən Şəhərə” layihəsi ilə iştirak edirik. “Aqrar Tədarük və Təchizat” ASC olaraq, yerli kiçik və orta fermerlərin istehsal etdikləri məhsulların tədarükünə hazırlaşırıq. Qablaşdırılmış şəkildə satışına və ixracına dəstək göstəririk”.