Xarici işlər naziri Elmar Məmmədyarov Argentina Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Serxio Osvaldo Perez Qunellanı qəbul edib.
XİN-dən verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanla Argentina arasında münasibətlərin inkişaf etdiyini qeyd edib. Gələcəkdə tərəflər arasında əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu diqqətə çatdırıb. Xüsusilə iqtisadi, ticarət və turizm kimi sahələrdə əlaqələrin irəli aparılması baxımından perspektivlər mövcud olduğu vurğulanıb.
Cari ilin oktyabr ayında keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci sammitinə Argentina Respublikasını müşahidəçi qismində dəvət edildiyini vurğulayan nazir Elmar Məmmədyarov bu tədbirdə Argentina tərəfinin yüksək səviyyədə təmsil olunacağına ümidvar oduğunu qeyd edib.
Səfir Serxio Osvaldo Perez Qunella ölkəsinin bütün sahələrdə xüsusilə iqtisadi müstəvidə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ticarət əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Nazir Elmar Məmmədyarov Argentina səfirinə diplomatik fəaliyyətində uğurlar arzu etdi.
Səfir Serxio Osvaldo Perez Qunella etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.