Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 24-cü “Global Village” Beynəlxalq Yarmarkası keçirilir. Azərbaycan bu il ilk dəfə olaraq 24-cü “Global Village” Beynəlxalq Yarmarkasında iştirak edir.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti də təmsil olunur.

Birləşmiş Ərəb Əmirliklərinə səfər çərçivəsində nümayəndə heyəti rəsmi işgüzar görüşlər keçirib. İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Dubay Ticarət və Sənaye Palatasında baş tutan görüşdə Azərbaycan nümayəndə heyəti, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev, Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq Ofisinin rəhbəri Ömər Əbdüləziz Xan, Palatanın digər rəhbər şəxsləri və BƏƏ-ni təmsil edən iş adamları iştirak ediblər.
Görüşdə hər iki ölkədə əmtəə ticarəti zamanı tələb olunan mövcud prosedurlar, Azərbaycanın ixrac və turizm potensialı, investisiya imkanları barədə təqdimat olunub. Gələcəkdə Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Birləşmiş Ərəb Əmirliklərində satışının təşkili mövzusunda geniş müzakirələr aparılıb.
